Oğlu Londonda milyonluq şirkət açan məmur Allaha inamdan danışdı

Oğlu Londonda milyonluq şirkət açan məmur Allaha inamdan danışdı

Baş nazirin sabiq müavini İsmət Abbasov ibadətlə məşğul olur.

Bu barədə İ.Abbasovun özü Unikal.org-a məlumat verib. O, qeyd edib ki, koronavirus pandemiyası Allahın insanlara imtahanıdır:

“Namaz qılıram, ibadət edirəm.Özüm həmçinin Həcc ziyarətində də olmuşam. Allaha inanmaq lazımdır. Görürsünüz bu gün dünyanı koronavirus bürüyüb. O qədər əyri-əskik işlər oldu ki, bunlar onun nəticəsidir. Bu gün varlı da, kasıb da evə sığınıb.Varlıların pulu da onların köməyinə çatmır. Elə imkanlı şəxslər, nazirlər var ki, imkanları olduğu halda xaricə gedib, özlərini müalicə etdirə bilmirlər”.

Yenilik.az Musavat.com-a istinadən xatırladır ki, 2013-cü ilin bu günlərində mətbuatda həmin dövrdə kənd təsərrüfatı naziri postunu tutan İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan Yunis Abbasovun 2 milyon dollarlıq malikanəsi müzakirə mövzusu idi. 2019-cu ilin iyununda üzə çıxan məlumatlardan isə aydın olur ki, Abbasovlar ötən 6 il ərzində “Dumanlı Albion”da 21 milyon dollarlıq mal-mülkə sahiblənə biliblər. Abbasovların mal-mülkü haqda son məlumatları araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri işləmiş, kəndlinin və aqrar sahənin belini qırmış, bu azmış kimi, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini vəzifəsini icra etmiş İsmət Abbasovun izini-tozunu görən varmı? Keçmiş nazir zamanında çox zirək tərpənib. Adam ötən il vəzifədən uzaqlaşdırıldığı ərəfədə ölkədən nə az, nə çox 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb.

1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu il noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Sənədlərdə şirkətin qeydiyyat ünvanı “19 Edinburgh Drive, Staines-Upon-Thames, England” olaraq göstərilir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.

Keçmiş nazirin oğlu hələ atası ölkənin mühüm postlarından birində ikən İngiltərə vətəndaşlığını alıb. İsmət Abbasov dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan subsidiyaları talayıb, Britaniya vətəndaşı olan oğlu Londona daşıyıb. 2018-ci il martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə, keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib. Yunis Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir. Y.A. PROPERTY INVESTMENTS LIMITED keçmiş nazir oğlunun yeganə şirkəti deyil. Bu şirkəti qeydiyyatdan keçirdikdən cəmi 4 ay sonra, 2010-cu il martın 2-də Yunis Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açmışdı. Şirkət Londonda “Aston House Cornwall Avenue”də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb. KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini - AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.

Mənbə: yenilik.az