Şeyx Heydərin hakimliyi dövründə Səfəvilər Azərbaycan dövlətçiliyini inkişaf etdirə biləcək güclü siyasi qüvvəyə çevrildi

Şeyx Heydərin hakimliyi dövründə Səfəvilər Azərbaycan dövlətçiliyini inkişaf etdirə biləcək güclü siyasi qüvvəyə çevrildi

560 il əvvəl, 1460-cı ildə, Ərdəbil hakimliyinin və Səfəvi təriqətinin başında Şeyx Heydər durdu. Onun 28 illik rəhbərliyi dövründə Ərdəbil hakimliyi xeyli möhkəmləndi, Səfəvilərin tərəfdarları qızılbaş adlanmağa başladı. Məhz Şeyx Heydərin hakimliyi dövründə Səfəvilər Azərbaycan dövlətçiliyini inkişaf etdirə biləcək güclü siyasi qüvvəyə çevrildi. Şeyx Heydərin oğlu I İsmayıl mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətini qurdu.

Atası öləndə hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulub. 9 yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilib, 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənib. Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak edib.

Şirvanşah Fərrux Yasarla döyüşdə məğlub olan Şeyx Heydər elə öldüyü yerdə də dəfn olunub. Hər iki qoşun arasında döyüş Ruzbihan Fəzlullahın yazdığına görə Elbrus (Qafqaz) dağlarının ətəklərində gedib. V.F. Minoriskiyə görə Şeyx Heydər 9 iyul 1488-ci ildə baş vermiş vuruşmada məğlub olaraq döyüş meydanında qəhrəmancasına həlak olur və müridləri tərəfindən orada da dəfn olunur.

Şeyx indiki Xızı rayonunun Tıxlı kəndindən 3-4 km şimal-şərqdə, Beşbarmaq dağının arxasında dəfn olunmuş, Şah İsmayılın dövründə məzarı təmir edilərək üzərində türbə ucaldılmışdı. Bu türbə hazırda da həmin məkandadır. Başqa ehtimala görə, Şeyx Heydərin məzarı və türbəsi Dağıstanın Xiv rayonunun Tinit kəndindədir.

Onun məqbərəsi elə dəfn olunduğu Xızı rayonunun Tıxlı kəndində Beşbarmaq dağının arxasındadır. Türbə üzərində aşkar edilmiş daş lövhədəki üçsətirlik farsca kitabə süls elementli nəsx xətti ilə həkk olunub. Kitabənin birinci sətri iri, aydın nəsx xətti ilə, ikinci, üçüncü sətirdəki sözlər 5-6 cərgədə, yuxarı qaldırılaraq üst-üstə süls elementli xırda nəsx xətti ilə yazılıb. Kitabənin mətnində məlum olur ki, Səfəvi şeyxlərindən Şah İsmayıl Xətainın atası olan Şeyx Heydər "Şirvan dağlarından birində gizlicə dəfn olunub və onun məzarı uzun müddət gizli qalıb. Sonralar Qızılbaşların Şirvan ərazisinə yürüşləri zamanı Şah İsmayıl Səfəvi atası Şeyx Heydərin qəbrini axtarıb tapıb, üzərində türbə binası tikdirib orada müridləri tərəfindən Təkəli və Şıxlar kəndlərini saldırıb və məqbərəni müqəddəs ziyarətgah elan edib.

Mənbə: sonxeber.az