Mayus Səfərli: "Ölkəmiz bütün mötəbər siyahılarda həmişə ön sıralarda qərar tutacaq"

Mayus Səfərli: "Ölkəmiz bütün mötəbər siyahılarda həmişə ön sıralarda qərar tutacaq"

"Son illərdə Azərbaycan böyük inkişaf yolu keçmişdir. Əldə etdiyi makroiqtisadi və digər bu göstəricilərə görə ölkəmiz dayanıqlı inkişafının mövcud olduğu dövlətlər sırasındadır. Prezident Ilham Əliyevin həyata keçirdiyi genişmiqyaslı və hərtərəfli islahatlar sayəsində ölkəmizin iqtisadi gücü getdikcə artır, xalqımızın həyat səviyyəsi yüksəlir, çoxlu sayda yeni-yeni sosial proqramlar icra edilir, infrastruktur layihələri yerinə yetirilir". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədi Mayis Səfərlinin sözlərinə görə, keçən ilin nəticələrinə görə Dünya Bankı Azərbaycanı 20 ən iri islahatçı ölkə sırasına daxil etmişdir: "Dövlət həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan regionumuzda lider mövqedədir.
Bunu BMT - nin dünya dövlətlərinin davamlı inkişafının monitorinqinin nəticələrini əks etdirən yeni hesabatı bir daha sübut edir. Mötəbər beynəlxalq təşkilatın bu günlərdə açıqlanan növbəti hesabatında birmənalı qeyd olunur ki, Azərbaycan davamlı inkişaf məqsədləri indeksinə görə nəinki MDB məkanının, həmçinin böyük bir coğrafiyanı əhatə edən regionumuzun lideridir. Diqqət yetirin, davamlı inkişafı xarakterizə edən bütün göstəricilərə görə dövlətimiz, hesabatı əhatə edən 166 ölkə içərisində 54-cü yerdə qərarlaşıb. Müqayisə üçün qeyd etmək yerinə düşərdi ki, inkişaf indeksinə görə Rusiya 57-ci, Gürcüstan 58- ci, İran 59 - cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci sırada yer alıb. Digər qonşu dövlətlər olan Türkmənistan və Ermənistan isə bizdən çox-çox uzaqdadırlar.
Müstəqillik tarixi cəmi 30 ilə yaxın olan Azərbaycanımızın yaşı əsrlərlə ölçülən bir çox qos-qoca ölkələri geridə qoyması çox sevindiricidir. Hər bir azərbaycanlı bununla fəxr edir.
Yeri gəlmişkən, ölkələrin BMT - nin sözü gedən indeksində, yəni siyahısında,yaxud reyestrində layiq olduğu yeri müəyyən etmək üçün çoxsaylı sosial, iqtisadi, infrastruktur göstəricilərlə yanaşı, ən kiçik məsələlər belə nəzərə alınır. Məsələn, içməli suyun keyfiyyəti, əhalinin enerji ilə fasiləsiz təminatı və s. kimi problemlərin həlli həmin indeksdə irəli çıxmaq üçün əsas şərtlərdəndir. Sıralanma 100 ballıq sistem əsasında aparılır. Azərbaycanın əldə etdiyi bal 72.6-dır. Nəzərə alsaq ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda orta göstərici 70.9-dur, ölkəmizin topladığı bal kifayət qədər yüksəkdir.
Əlbətdə ki, biz belə inkişaf səviyyəsinə asanlıqla gəlib çıxmamışıq. Bu Prezident İlham Əliyevin, 1- ci Vitse-Prezident Mehriban xanım Əliyevanın gərgin əməyi, Azərbaycan xalqı və dövləti naminə yorulmaz fəaliyyətlərinin nəticəsidir. Hər birimiz inanırıq ki, postpandemiya dövründə uğurlarımız daha böyük olacaq və ölkəmiz bütün mötəbər siyahılarda həmişə ön sıralarda qərar tutacaq".

Mənbə: olaylar.az