Hərbi ekspert: "Ermənistan bu toqquşmaya görə məsuliyyəti öz üzərindən atmağa cəhd edir"

“İyulun 12-də günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyi ərazisində atəşkəs rejimini kobud surətdə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tuturaq hücuma keçməyə cəhd göstəriblər. Azərbaycan ordusunun həmin ərazidə mövcud olan hissə və birləşmələrinin gördükləri tədbirlər nəticəsində, o cümlədən artilleriya və tank bölmələrini ehtiyat və əsas atəş mövqelərinə çıxarmaqla düşmən təxribatının qarşısını almağa nail olublar. Düşmənin hücumunun qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbi qulluqçusu şəhid olub, 4 nəfəri isə yaralanıb”. Bunu Ordu.az-ın hərbi eksperti Ədalət Verdiyev düşmənin sərhəddə törətdiyi təxribatı şərh edərkən bildirib.
O qeyd edib ki, ilk andan erməni tərəfi guya Azərbaycan ordusunun UAZ markalı avtomobillə Ermənistan sərhəddini pozmaqda ittiham edərək baş verən bu toqquşmaya görə məsuliyyəti öz üzərindən atmağa cəhd edir.
“Lakin bu açıqlamaların heç bir əsası yoxdur. Çünki həmin ərazi tamamilə hər iki tərəfdən minalanıb. İkincisi maksimal görüntü məsafəsinin təyin olunduğu iyul ayında heç bir silahlanmaya malik olmayan, sadəcə daşınma vasitəsi kimi istifadə olunan UAZ markalı maşınla düşmən mövqelərinə doğru irəliləmək heç bir məntiqə sığmır. Digər tərəfdən insident Ermənistanın hazırda müəyyən qədər KTMT və onun aparıcı dövləti olan Rusiya ilə problemləri yarandığı bir dövrdə sanki KTMT-ni bu münaqişəyə cəlb etmək üçün attdığı bir addımı kimi də dəyərləndirilə bilər. Bu kimi hadisələrə daha əvvəllər rast gəlmişik. Buna görə də bu cür addımlar artıq bizi təəccübləndirmir. Digər tərəfdən biz dəfələrlə Ermənistanın həmin sərhəd boyunca yerləşən kəndlərdə yaşayan mülki əhalini hədəf alması kimi çoxsaylı təxribatları ilə də qarşılaşmışıq. Hazırda bölgədə yerləşən Azərbaycan ordusu tamamilə vəziyyətə tam nəzarət edir. Həmin mövqelərdə müdafiə olunan hissə və birləşmələrimizin mövqelərində heç bir dəyişiklik yoxdur. Düşmən öz mövqelərinə doğru çəkilməyə məcbur qalıb. 3 saata yaxın davam edən döyüşlər barədə də dünya mediasında da xüsusi diqqət yetirilib”, - deyə Ədalət Verdiyev bildirib.
Hərbi ekspert qeyd edib ki, qarşı tərəfin itkiləri ilə bağlı konkret rəqəmlər demək çətindir.
“Əvvəlki illərdən fərqli olaraq erməni kütləvi informasiya vasitələri bu dəfə xüsusi susquluq nümayiş etdirməkdədir. Lakin döyüşlərin bu qədər şiddətli getməsi və tank və artilleriya sistemlərinin tətbiq edilməsi nəticəsində düşmənin çoxlu sayda itkilər verməsi istisna olunmur. Düşmənin itkiləri barədə nə Azərbaycan və Ermənistan rəsmiləri tərəfindən, nə də sosial şəbəkələrdə konkret say və adlar qeyd olunmur. Bununla bağlı bəzi mənbələrdə müxtəlif rəqəmlər açıqlansa da, onlar sadəcə sosial şəbəkə istifadəçilərinin şəxsi fikirləridir. Mən sosial media istifadəçilərinə və kütləvi informasiya vasitələrinə səslənmək istəyirəm ki, belə vəziyyətlərdə yalnız və yalnız rəsmi mənbələrdə açıqlanan məlumatlara əsaslansınlar. Biz düşmən tərəfinin bu istiqamətdə sızdıra biləcəyi məlumatların üstünlük təşkil etməsinə imkan verməməliyik. Hər bir Azərbaycan vətəndaşı belə kritik məqamlarda həm ordunun, həm də əsgərimizin yanında olmalıdır”, - deyə Ədalət Verdiyev sözlətini yekunlaşdırıb.
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanın təxribatının pərdəarxası - Sabiq korpus komandiri detalları açdı

SONRAKI XƏBƏR

Bakıda motosiklet sürcüsü qəza törədib, ölən və yaralanan var - FOTO