Fazil Mustafa: “Yobaz dinçilərin, ehkamçı milliyətçilərin xoşuna gəlmək üçün bundan sonra da çalışmayacağam”

Fazil Mustafa: “Yobaz dinçilərin, ehkamçı milliyətçilərin xoşuna gəlmək üçün bundan sonra da çalışmayacağam”

“Yenə də öz prinsiplərimizə sadiqliyimizi ortaya qoymada israrlıyıq. Mən qaragüruhçu zehniyyət sahiblərinin, yobaz dinçilərin, ehkamçı milliyətçilərin xoşuna gəlmək üçün bundan sonra da çalışmayacağam, sadəcə öz millətimin və dövlətimin faydasına olan fikirləri səsləndirməyə daha qətiyyətlə davam edəcəyəm. Əvvəl-axır ağlı topuğunda olanlara bir prinsipi öyrədəcəyik: düşüncəmizə, mövqeyimizə müdaxilə edə bilməzsiniz, bizə nəyi necə deməyi diqtə edə bilməzsiniz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.

 

F.Mustafa qeyd edib: ““Facebook”da bir çoxlarını dostluqdan ona görə çıxardıram ki, məndən öz arzuladıqlarını, həm də yanlış hesab etdiyim düşüncələrini söyləməyi, yazmağı tələb edirdilər. Hələ də insanların bir qismi anlamaq istəmirlər ki, nəyisə bəyənmirsənsə oxumama, öyrənməmə haqqına sahibsən. Bəyənmədiyinə görə söyəcəksənsə, təhqir edəcəksənsə, ağlını, düşüncəni heç vaxt inkişaf etdirə bilməyəcəksən. Açığı söyləyim ki, mənim Azıərbaycanda sağlam mühakiməsinə dəyər verdiyim çox az sayda ziyalı var, hətta bu günümüzdə Xudu Məmmədov, Aydın Məmmədov masştabında da tək-tük aydınla rastlaşmaq mümkündür. Ona görə də qaragüruhçuların favoriti sayılan, cəmiyyətlə, onun dəyərləri ilə, dini cəhalət, tarix şüurunun yanlışlığı ilə bağlı söz söyləmə cəsarəti olmayanların demokratiya uğrunda da səmimi mübarizə apardığına zərrə qədər inanmıram. Cəmiyyətin alt qatlarında, orta eşalonunda, ziyalı mühitində sağlam mühakimə özə çıxa bilmirsə, yenə də qaragüruhçuluq meydan sulayırsa, hakimiyyətdə ən demokratik insan otursa belə, yaxşıya doğru bir şeyləri dəyişə bilməyəcək. Bundan sonra 3 nəfərlə də olsa, 10 nəfərlə də olsa, qarşımda çoxluğun, azlığın olmasına əhəmiyyət vermədən sağlam mühakimənin, düşüncənin yayğınlaşması üçün açıq mövqe sərgiləməyə çalışacağam”.

Mənbə: pravda.az