Ermənistanın Azərbaycanda səfiri və səfirliyi var? - İTTİHAM

Ermənistanın Azərbaycanda səfiri və səfirliyi var? - İTTİHAM


Tutuquşu, tutuquşular, səfir və səfirlik...
Eyni şeydir. Orada nə deyirlərsə, burada da onu təkrarlayır və ya təkrarlayırlar. Yaxud əksinə. Bunlar nə deyirsə, onlar da onu təkrarlayırlar.
Söhbət Ermənistandan, onun Azərbaycandakı DE-FAKTO səfiri funksiyasında olan Əli Kərimlidən və ya Milli Şuradan gedir...
Azərbaycan siyasətində dayandığı hər yeri qısa müddətdə intriqa, böhtan, ambisiya yuvasına çevirməyə cəhd edən və beləliklə siyasi cameəyə, müxalifətə etimadsızlıq formalaşdıran “Yurd” sədri Əli Kərimli indiki durumu da fürsətə çevirməyə çalışır. Təbii və gözləniləndir. İndiyədərki bütün dönəmlərdə özünə fürsət yaratmaqdakı mahirliyini kimsədən gizlətməyən Kərimli üçün neft bazarındakı ucuzlaşma da fürsətdir, dünyada yüz minlərlə insanın ölümünə səbəb olan virus da, Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi də...
Sonuncudan başlayaq. Ermənistanda inqilab küləyi əsənda, o küləklə “sovrulan” həm də Əli Kərimli olmuşdu. Dəfələrlə çıxışlarında Ermənistanda Paşinyanın timsalında demokratik hakimiyyət formalaşdığını bəyan edən Kərimli bunun günahını da Azərbaycan xalqında axtarmağa cəhd etmişdi. İllərdir özünü “müxalifət lideri” elan etməsinə baxmayaraq, 10 min nəfəri bir araya gətirə bilməyən Kərimli üçün Ermənistan ən demokratik ölkə, Paşinyan xaqlın dəstəyi ilə hakimiyyətə gələn lider, erməni xalqı isə Paşinyanın timsalında müxalifəti hakimiyyətə gətirən xalq idi. Orada baş verənləri Azərbaycanda da görməyi arzulayan “Yurd” sədri bunun olmamasının günahını xalqda axtarmaqdan utanmayıb, erməni xalqında olan inqilab arzusunun azərbaycanlılarda olmadığını təəssüflə bildirmişdi.
Erməni sevdası dəfələrlə Paşinyanla bağlı bu qəbildən fikirlər səsləndirən Əli Kərimlinin gözünü o qədər tutmuşdu ki, hətta Paşinyan yüksək tribunadan əlində Rəsulzadənin şəklini silkələyib hədyanlar yağdıranda da özünü Rəsulzadəyə bənzədilməsinə gizli təlimat verən Kərimli susdu.
“Müxaifət lideri” iddiasını hər fürsətdə dilinə gətirən Kərimli hakimiyyətə gəlmək üçün xalqı ona dəstək verməməkdə günahlandırmağı da hər zaman özünə rəva gördü. Yenə Ermənistanla, ermənilərlə müqayisə edərək. Hətta razılaşdırılmamış aksiyada saxlanılmasından sonrakı açıqlamalarında da bu müqayisəni aparmaqdan özünü saxlaya bilmədi. Çıxışında “Paşinyan ona görə hakimiyyətə gəldi ki, inqilab ərəfəsində İrəvanda saxlanılanda on minlərlə insan polis bölməsinə axışdı” dedi. Kərimli saxlanılanda isə nə xalq, nə müxalifət, nə də beynəlxaq təşkilatlar onun müdafiəsinə qalxdı. Əslində, dediyində həqiqət vardı, o günlərdə Kərimli üçün kimsə sinəsini qabağa vermədi, çünki Kərimli ilk o qabağa verilən sinələrin üstündən basıb keçəcəkdi. Azı 20 illik fəaliyyəti onu xalqa da, müxalifətə camiəyə də, dünyaya da, elə hökumətə də yaxşı tanıdıb.
Oxşar vəziyyəti Azrbaycan üçün önəmli olan neft bazarındakı durumla bağlı müşahidə etdik. Milli Şuranın qeybət yuvasına çevrilən iclaslarında təkcə başqalarının arxasınca danışılmadı, hətta neftin qiymətinin 14 dollara düşməsinə görə bir-birindən muştuluq istəyənlər də oldu. Bu, o zaman idi ki, Ermənistan mətbuatı neft bazarındakı ucuzlaşmanın ilk növbədə Azərbaycanın iqtisadiyyatına, hərbi imkanlarına zərbə olacağını yazıb, sevincək olmuşdu.
Kərimlinin faktiki rəhbərliyində fəaliyyət göstərən Milli Şura ilə Ermənistan hökumətinin nə fərqi oldu ki? İndiyə qədər ortaya ağıllı bir təklif, proqram qoymayan, hansısa təklifin müzakirəsi üçün toplaşmayan, ancaq qeybətlə karantin keçirən “şurəvilər” üçün erməni demokratiyası nümunədirsə, o zaman bağlı qapılar arxasında bu “nümunəvi demokratların” torpaq alış-verişinə dair beynəlxalq dəstəkçilərinə gizli sözlər vermədiyi nə məlum?
Üçüncü paralel pandemiya ilə bağlı yaranmış vəziyyətlə əlaqədar ortaya çıxdı. Sirr deyil, xaqldan gizli də deyil. Vəziyyət yaxşılığa doğru köklü dəyişmir, gündəlik yoluxma sayı çoxdur, ölkə aylardır xüsusi karantin rejimində yaşayır, COVİD-19-la mübarizədə səhvlər də var, bu səhvlərə qarşı kifayət qədər tənqidi münasibət də. Hər kəs sözünü deməkdə azaddır, bəzi təkliflərin qəbul olunub, bəzilərinin hələ də tənqid mövzusu olaraq qaldığı da məlumdur.
Belə bir zamanda da Azərbaycan haqqında əsl həqiqətləri yalan məlumatlar arasında gizlədən iki qrup ortaya çıxıb- Əli Kərimli ilə dəstəsi və Ermənistanın hökumət mediası.
İzlədikcə hər ikisinin sanki eyni yerdən təlimat almış kimi yeni ritorikası göz deşir. Kərimlini virusa yoluxan, ağır durumda olan və ya dünyasını dəyişən insanlar, aylarla maddi vəziyyəti ağırlaşan xalq narahat etmir, “Yurd” sədri bundan özünə divident qazanmağa çalışır, virusdan qorunmaq üçün ən yaxşı variant olan “blokada” oyununa qoşduğu trolları vasitəsilə cəmiyyətə neqativ ötürməyə cəhd edir. Niyə burada o çox təriflədiyi Ermənistandan misal gətirmir? Ona görə ki, hətta rəsmi rəqəmlərdə belə ilk günlərdən Ermənistan ən təhlükəli vəziyyətin olduğu ölkələr qrupuna aiddir. Bəs harda qaldı Krimlinin çox öydüyü Paşinyan “demokratiyası”? Niyə Kərimlinin təbirincə desək, “demokratik yolla, xalqın istəyi və dəstəyi ilə” hakimiyyətə gəlmiş Paşinyan və komandası ölkəni düşdüyü vəziyyətdən çıxara bilmir? Kərimli bu suallar qarşısında susur, “blokada” dediyi inzivasına çəkilir, ancaq özünə lazım olanda “zaryadkası az qalan” telefonu vasitəsilə qoşulduğu iclaslarda görünüb, yenidən “blokada” günlərini saymağa qayıdır. Bu yerdə artıq erməni təcrübəsi “xilas yolu” olmur, bu yerdə ən yaxşısı susmaqdır, “blokada”da bunda yaxşı imkan?
Kimsə demir ki, sussunlar, danışmasınlar, səhvləri göstərməsinlər, çıxış yolu bildirməsinlər. Gündə bunu sosial şəbəkələrə, mətbuatda layiq olan da, olmayan da - yüzlərlə insan edir, aralarında siyasətçilər də, müxaliflər də, fəallar da, jurnalistlər də, sıravi sosial şəbəkə istifadəçiləri də var.
Əli Kərimli niyə olmasın ki? Bir halda ki, özü müxalifət olduğunu iddia edir, siyasi hakimiyyətə qarşı tənqidi fikirləri səsləndirmək həm borcu, həm haqqıdır. Amma 20 ilini ancaq bu arzuyla yaşayan biri üçün hakimiyyəti dövlətlə qarışdırıb tənqidin yox, hətta təhqirin ünvanını da dəyişiklik salan Kərimli və ətrafı üçün dövlətin müqəddəs olması anlayışı da iddialardan çox-çox sonra gəlir. Elə bu səbəbdəndir ki, Kərimli özünü Ermənistan səfiri, Milli Şura isə Ermənistan səfirliyi kimi aparır. Hakimiyyətə yox, dövlətə qarşı çıxan biri və birilərinin bu ölkədə hakimiyyət olmaq iddiasından absurd nəsə yoxdur.
Elə dünən, Ermənistan ordusunun Azərbaycana qarşı təxribatında da bu adamlar nə düşündüklərini bir daha büruzə vedilər. Sevinc Osmanqızının kanalında danışan Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan ordusunu aşağılamaqdan çəkinmir, Azərbaycan tərəfinin yaydığı məlumatları şübhə altına alırdı. Hətta o qədər ki, Cəmi Həsənli Qarabağ cəbhəsi olduğu halda Azərbaycan Ordusunun Tovuzda nə işi var deyə sual da edirdi. Ermənistanda bir nəfər də olsa müxalifətçi tapmaq olmaz ki, hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfinin mövqeyindən çıxış edib, bizim yaydığımız xəbərlərə istinad etsin.
Əli Kərimlinin nəzarətində və diqtəsində olan Milli Şuranın fəaliyyəti bundan ibarətdir. Və...
Və ən ziyanlısı da odur ki, bu davranışla təkcə özlərinə ziyan vurmurlar, xalq onları zatən çoxdan gözdən çıxarıb, heç bir ümidi, inamı qalmayıb. Bu davranışla həm də bütünlüklə cəmiyyətin müxalif və fəal kəsiminə zərbə vurur, xalqın müxalifətə olan inamını sarsıdırlar.
Cebhe. info

Mənbə: www.dia.az