Qarabağ həqiqətlərini mədəniyyət yolu ilə İsveç cəmiyyətinə çatdıran diaspor təşkilatı- MÜSAHİBƏ-ÖZƏL

Qarabağ həqiqətlərini mədəniyyət yolu ilə İsveç cəmiyyətinə çatdıran diaspor təşkilatı- MÜSAHİBƏ-ÖZƏL

Sevda Dadaşova: "Xocalı faciəsi ilə bağlı keçirdiyimiz tədbirlərdə iştirak edən isveçlilər özləri tədbirə təşrif buyuran digər qonaqlara həmin faciə barədə danışırlar"

Günümüzdə Azərbaycan diasporu özünün mütəşəkilliyi, həmrəyliyi, yeni formada təşkilatlanması ilə seçilir. Xüsusilə son bir neçə ildə qeyd etdiyimiz müsbət tendensiya özünü açıq şəkildə büruzə verir. Son illərdə diaspor sahəsində müşahidə etdiyimiz müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, artıq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı xanımlar da bu fəaliyyətdə aktiv iştirak edir, proseslərin önündə gedir. Bu gün xarici ölkələrdə uğurla fəaliyyət göstərən onlarla diaspor təşkilatlarımız var ki, onlara məhz qadınlar rəhbərlik edir. Belə uğurlu fəaliyyət göstərən diaspor təşkilatlarından biri də İsveç Azərbaycan Birliyidir. Cəmi bir neçə il əvvəl təsis olunmasına baxmayaraq qısa müddətdə bir sıra uğurlu layihələr həyata keçirib, tədbirlər təşkil edən İsveç Azərbaycan Birliyinin sədri Sevda Dadaşova ilə söhbətimizdə rəhbərlik etdiyi təşkilatın yaranma zərurəti, ötən müddət ərzində gördüyü işlər və s. barədə danışdıq.

-Sevda xanım, siz ölkəmizi xaricdə uğurla təmsil edən diaspor təşkilatlarından birinin rəhbərisiniz. Öncəliklə sualım ondan ibarətdir ki, hazırda Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz və ötən illərdə əldə edilən uğurlu fəaliyyətlər diasporumuzun inkişaf, tərəqqi yolu keçdiyini söyləməyə əsas verirmi?

-Əvvəla təşkilat olaraq gördüyümüz işlərə dəyər verdiyiniz üçün təşəkkür edirəm. Azərbaycan diasporu hələ gənc diasporadır və təbii ki, onun tam inkişafına müəyyən zaman var. Lakin ötən illər əldə edilən uğurlu fəaliyyətlər təbii ki, sevincli və qürurvericidir. Bu inkişafın tərəqqi etdiyini söyləmək olar.

-Bilyimiz kimi, Siz İsveç Azərbaycan Birliyinin rəhbərsiniz. Rəhbərlik etdiyiniz qurum nə zamandan fəaliyyət göstərir və başlıca vəzifələri, qarşısına qoyduğu hədəflər nədən ibarətdir?

-Biz, SAF İsveç Azərbaycan Birliyi olaraq 2017-ci ilin fevral ayından fəaliyyət göstərməyə başlasaq da, ancaq qısa müddət ərzində bir çox uğurlar əldə etmişik. Uğurlarımızın sirri də ondadır ki, qarşımıza qoyduğumuz vəzifələr, məqsədlər, hədəfləri heç bir çətinliklərə, problemlərə, maneələrə baxmayaraq həyata keçiririk. Bir sözlə istədiyimiz nəticələri almadan, yolumuzdan çəkilməirik. Ümumiyyətlə, təşkilat olaraq əsas fəaliyyətimiz üç istiqamətdə aparılır.

Birincisi, Stokholmda yaşayan azərbaycanlılar arasında birlik, barışıq, həmrəylik işləri aparmaq, ikincisi, isveçlilərə Azərbaycanın tarixini, mədəniyyətini və adət ənənələrini tanıtdırmaq və üçüncüsü, İsveç cəmiyyətinə Qarabağ həqiqətlərinin çatdırılması. Hər üç yolda nəticələr qazanır və uğurlar əldə edirik.

-Qeyd etdiniz ki, əsas hədəflər sırasında azərbaycanlılar arasında birlik və həmrəyliyə nail olmaq da var. Bu baxımdan təşkilatınız İsveçdə yaşayan azərbaycanlılar arasında birlik, həmrəylik yara bilibmi və ümumiyyətlə, azərbaycanlılarla iş necə qurulur?

-Baxmayaraq ki, başqa şəhərlərlə də sıx əlaqəmiz var, ancaq bunu bütün İsveçə aid etmək düzgün olmazdı. Çünki bizim təşkilat İsveçin paytaxtı Stokholm şəhərində yerləşir və əsas fəaliyətimiz də buradan həyata keçirilir. Bəli, Stokholmda yaşayan azərbaycanlıların arasında birlik, həmrəlik yaratmaq istəyirik və buna görə əlimizdən gələn bütün imkanları əsirgəmirik. Təbii ki, mövcud şəraitdə millət özü birliyini təmin etməli, saxlamalıdır. Əgər kimsə bu prosesdən uzaq qalmaq istəyirsə, ona heç bir təşkilatın nə gücü, nə də kiminsə ömrü çatar. Bu faktda baxmayaraq biz çalışırıq ki, qeyd etdiyiniz istiqamətdə daha çox tədbirlər təşkil edək. Kimliyindən, fikir və siyasi baxışından asılı olmayaraq hər bir kəs bizikm tədbirlərə dəvət olunur. Onu da qeyd etmək yerinə düşər ki, dəfələrlə bu və ya digər tədbirlərimizdə küsənlərin barışmasının şahid olmuşuq.

-Xüsusilə, pandemiya günlərində təşkilat olaraq İsveçdə yaşayan azərbaycanlılara hansısa formada dəstək ola bildinizmi?

-Pandemiyadan aslı olmayaraq, hər zaman olduğu kimi, biz işimizi davam etdirdik. Pandemiya zamanı təşkilat olaraq azərbaycanlılara əsas mənəvi dəstəyimiz oldu. Dünya üçün yeni virus olan COVİD-19 hər kəsin ürəyinə qorxu saldı. COVİD-19-a qarşı ən böyük silahımız bizim güclü immun sistemimizin olmasıdır. İmmun sisteminə ən böyük zərbə də insanlar arasında olan qorxudur və cəmiyyətdə panika zəncirvari olaraq yayılır. Bunun qarşısını almaq üçün, azərbaycanlılara gündəlik ətraflı, geniş məlumat və bilgi verərək onlara mənəvi dəstək olduq. Azərbaycandan gələn turistlər, tələbələr, işsiz qalan həmvətənlərimizi yaşayış yerləri və işlə təmin etdik. Həmçinin Azərbaycanda yaşayan aztəminatlı ehtiyacı olan ailələrə maddi dəstək göndərdik.

-Ümumiyyətlə, İsveçdə hazırda nə qədər azərbaycanlı yaşayır və onların əsas etibarilə üzləşdikləri problemlər hansılardır?

-İsveçdə ümumiyyətlə rəsmi və qeyri-rəsmi 30 minə yaxın azərbaycanlı yaşayır. Yaşayış hüququ və İsveç vətəndaşlığı olan həmvətənlərimizin heç biri problem yaşamır. Çünki İsveç çox demokratik, qanun və qaydalara riayət edən ölkə olduğundan qeyd olunan vətandaşlar heç bir problemlərlə üzləşmir. Hətta inteqrasiya və adaptasiya məsələsində İsveç höküməti hərtərfli məlumat, bilgi, maddi və mənəvi dəstək göstərir. Sadəcə əsas problemlər Azərbaycandan İsveçə mühacir edən həmvətənlərimizdə yaranır. Bunun da əsas səbəbi onların İsveç qanun və qaydalarını yaxşı bilməmələridir. Bunun üçün tövsiyə edirik ki, İsveçə miqrasiya etməmişdən öncə bu ölkənin miqrasiya işlərinə baxan nazirliyinin internet səhifəsindən bütün məqamlara (internet səhifəsində müxtəlif dillərdə məlumatlar var) diqqət etsinlər. Nəticə etibarilə, sonradan yaranan problemlərin həll yolunu rahatlıqla çözsünlər.

-Bəs, fəaliyyət göstərdiyiniz ölkədəki digər Azərbaycan diaspor təşkilatları, cəmiyyət və birlikləri ilə əməkdaşlığınız hansı səviyyədədir və Azərbaycan təşkilatları bir qayda olaraq eyni mövqedən çıxış edib, həmrəylik nümayiş etdirə bilirlərmi?

-Təəssüflər olsun ki, həmrəy olub, işbirliyi etmək bizim ən zəif nöqtəmizdir. Çünki hər təşkilatın öz eqo adlı xüsusiyyəti var. Hər kəs tək özü lider olmaq istəyir və bu hal çox üzücüdür. Fərqli olaraq SAF İsveç Azərbaycan Birliyi isə digər təşkilatlarla işbirliyi edir və hər kəslə dost münasibətini qoruyub saxlamağa çalışır. Lakin təəssüflər olsun ki, nəinki, bayramlarda, hətta ümumxalq hüzn günlərimizdə bir yerə yığışa bilmirik və bu məsələdə də çalışırıq ki, yuxarıda qeyd etdiyimiz kimi müəyyən işlər görək. Dama-dama göl olar. Səbirlə birlik naminə yolumuza davam edirik.

-Son bir ilə yaxın müddətdə dünyanın bir sıra ölkələri, o cümlədən Avropa ölkələrində yaradılan Koordinasiya Şuraları diaspor təşkilatlarının, azərbaycanlıların birlik və həmrəyliyinə nə dərəcədə təkan verib?

-Bizim təşkilat Koordinasiya Şurasının ilk yarandığı gündən onun üzvüdür. Hazırda Avropa və başqa ölkələrdə yaradılan Koordinasiya Şuralarının işinə, fəaliyyətinə qiymət vermək çox çətin olar. Çünki münasibətlər və fikirlər müxtəlifdir. Qeyd etmək istərdim ki, İsveçdəki Koordinasiya Şurasının bütün iclaslarında iştirak edərkən, yalnız qalmaqal, hörmətsizlik və qoyulmuş qaydaların pozulmasına şahidlik etdim. Sizin də bildiyiniz kimi İsveçdə Koordinasiya Şurası 5 noyabr 2018-ci ildə təsis olundu və koordinatorlar biz təşkilatlar tərəfindən səsvermə yolu ilə seçildi. Lakin Koordinasiya Şurasının fəaliyyətində heç bir irəliləyiş və işbirliyi görülmədi. 2020-ci il, fevral ayında Koordinasiya Şurasının yeni əlaqələndiricisi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən təyin olundu. İlk addımlardan görünür ki, artıq inkişafa doğru irəliləyiş var. Ümid edirik bundan sonra, həmrəy olaraq Vətən naminə böyük işlər görəcəyik.

-Diaspor təşkilatı olaraq Azərbaycanın müvafiq diplomatik qurumları, İsveçdəki səfirliyimizlə əlaqələriniz hansı səviyyədədir və keçirdiyiniz tədbirlərə dəstək göstərilirmi? Çünki Cənab Prezident Dünya Azərbaycanlılarının qurultaylarında çıxışı zamanı həmişə səfirliklərlə diaspor təşkilatlarının birgə fəaliyyət göstərməsinin zəruriliyini qeyd edib.

 

-Nəinki İsveçdəki səfirliyimizlə, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrimizi yüksək şəkildə qiymətləndirirəm. Biz səfirliyin əməkdaşlarından hər zaman dəstək və qayğı görürük. Hər bir təşkil etdiyimiz tədbirlərdə mütləq şəkildə səfirliyin və Dövlət Komitəsinin əməkdaşları iştirak edib, dəstəklərini əsirgəməyiblər.

-Bəs təşkilat olaraq Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və Ermənistanın işğalçılıq siyasətini İsveç cəmiyyətinə hansı formada çatdırırsınız və bu istiqamətdə hansı fəaliyyətləriniz var?

-Qeyri-siyasi təşkilat olaraq bu məsələdə tam fərqli bir yol seçdik. 2018-ci ildə Stokholm şəhərində İsveç dövlətinin dəstəyi ilə İsveçdə yaşayan azərbaycanlı uşaqlarına məktəb yaratdıq. Məktəbin adını isə Qarabağ adlandırdıq. Azərbaycanlı uşaqlardan başqa məktəbimizə başqa millətlərin uşaqları da gəlir. Qarabağ məktəbimizdə biz Azərbaycanı təbliğ edir və sözsüz ki, Qarabağ həqiqətlərini çatdırırıq. Məktəbimizdə ana dili, rəqs, rəsm, musiqi, dünya elmləri və s. tədris olunur. Eyni zamanda da "Qarabağ" adlı rəqs qrupumuz var. Dəvət aldığımız festival və tədbirlərdə hər çıxış öncəsi qısa olaraq İsveç və ingilis dillərində Qarabağ həqiqətləri haqqında məlumat verilir. "Qarabağ" rəqs qrupu demək olar ki, Stokholmda qeyd olunan bütün festival və tədbirlərə dəvət edilir və bununla da Qarabağ həqiqətlərini biz mədəniyyət yolu ilə siyasətçilərdən qat-qat, daha çox çatdırırıq. Həm Qarabağ məktəbi, həm də "Qarabağ" rəqs qrupu öz işlərini görür və bununla paralel hər ümumxalq hüzn günlərində nümayişlər təşkil edirik və isveçliləri də bu işlərə cəlb edirik. Misal olaraq, Xocalı faciəsi ilə bağlı keçirdiyimiz tədbirlərdə iştirak edən isveçlilər özləri tədbirə təşrif buyuran digər qonaqlara həmin faciə barədə danışırlar.

-Təşkilat olaraq İsveçlə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına hansı töhfələr verirsiniz və ümumiyyətlə iki ölkə arasındakı münasibətləri, əlaqələri necə xarakterizə edirsiniz?

-İki ölkə arasında diplomatik əlaqələr ötən əsrin 90-ci illərinə təsadüf edir. Yanılmıramsa İsveç Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT Minsk qrupunun tərkibinə daxildir. Qeyd olunan illər ərzində ona əvvəlcə İsveç də həmsədrlik etmişdir. İsveç hər zaman proseslərə demokratik hüquqi prinsiplərlə yanaşıb. Bugün iki ölkə arasında yetəri qədər əməkdaşlıq əlaqələri var. Hər iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üzərində çalışırıq.

Süleyman İsmayılbəyli

Olaylar.az

Mənbə: olaylar.az