"Düşmən ölkə daxilində gedən prossesləri ört-basdır etmək üçün təxribata əl atır"- Deputat

"Düşmən ölkə daxilində gedən prossesləri ört-basdır etmək üçün təxribata əl atır"- Deputat

Xəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ermənistan tərəfinin törətdiyi təxribat nətıcəsındə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4 isə yaralanıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, hazırda dünya pandemiyadan əziyyət çəkir. Belə bir vəziyyətdə elan olunmamış şəkildə müharibə aparmaq insani dəyərlərə, beynəlxalq prinsiplərə ziddir: "2016-cı ildə Aprel döyüşləri zamanı ən gərgin təbəqə isə dinc sakinlər idi. Emosiya və hisslər yüksək səviyyədəydi. Sosial şəbəkələrdə bu daha çox üzə çıxırdı ki, hər iki tərəfin insanları bir-birinə nəyisə sübut etməyə çalışırdılar. Təbii ki, qarşı tərəf tarixi saxtakarlıqlardan başqa hansı arqumenti sübut edə bilərdi? 2016-cı il aprel ayının əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən proseslər Azərbaycan ictimaiyyətində maraqla izləndi, ciddi müzakirələrə səbəb oldu və Qarabağ münaqişəsi ətrafında reaksiyalar aktiv fazaya keçdi. İnsanlar hər şey haqqında bilmək istəyirdi və müharibə xəbərlərinə olan tələbatı artmışdı. Azərbaycan Ordusunun cəbhədən nailiyyət məlumatlarının gəlməsi həyəcanı daha da artırırdı, milli maraqlar daha da yüksəlmişdi. Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə daxil olan əksəriyyət orduya dəstəyini ifadə edir, vətənpərvərlik nümayiş etdirirdi. Proses Qarabağdakı hərbi əməliyyatlara dəstək mitinqləri ilə də müşayiət olundu. Azərbaycan vətəndaşlarının yeni vəziyyətə adaptasiyası çox qısa çəkdi. Xalq qələbəyə kökləndi və torpaqları uğrunda mübarizəyə qalxdı".

Deputat qeyd edib ki, Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozan düşmən ölkə daxilində gedən prossesləri ört-basdır etmək üçün müharibədən istifadə etməyə çalışır: "Xalqın diqqətini daxili siyasətdəki qüsurlardan yayındırmaq naminə çıxış yolunu müharibədə görür. Bunun bir səbəbi də məhz insan haqları carçısı olan beynəlxalq qurum və təşkilatlardır. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətinin nəticəsi kimi qiymətləndirilməlidir. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud formada tapdalayan bu işğalçılıq əməllərinə vaxtında obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı. Bununla belə həmin sənədlər münaqişənin həqiqi səbəblərini tam şəkildə əks etdirmir, təcavüzkara layiqincə qiymət vermir. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi. Bu gün Ermənistanın işğalçılıq siyasəti davam edirsə, dünya birlikləri təcavüzkar dövlət qədər günahkardır. Hələ Xocalıya, Qarabağa hüquqi dəyər verilməyib. Dünya birlikləri Azərbaycana qarşı olan ədalətsiz haqsız təcavüzə susur. Vətənini, həmvətənlərini qorumaq naminə öz həyatını qurban verən bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirəm. Dövlət olaraq hər zaman yanlarında olub şəhidlərimizin ailələrini himayə edəcəyik. Yaralıların sağlamlıqlarına qovuşmalarını arzulayıram".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az