Bu təxribat ona görə Tovuz istiqamətində törədilib ki... – Tofiq Zülfüqarovun şərhi

Bu təxribat ona görə Tovuz istiqamətində törədilib ki... – Tofiq Zülfüqarovun şərhi

 

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verənlər çox aydın məsələdir. Yəni bu təxribatların məqsədinin nədən ibarət olduğu bilinir.

Bunu Teleqraf.com-a açıqlamasında keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın taktika və strategiyası ilk növbədə Ermənistanın kursunu Rusiyadan Qərbə doğru döndərməkdən ibarətdir:

“Buna nail olmaq üçün ona bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası lazımdır ki, nəticələrdən asılı olmayaraq Rusiyanı ittiham edib birbaşa Qərbyönümlü siyasəti həyata keçirsin. Məhz ona görə də bu təxribatlar qoşunların təmas xəttində yox, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verir ki, bu və ya digər şəkildə Rusiyanı bu məsələyə cəlb etsin”.

Tofiq Zülfüqarov xatırladıb ki, bu, Ermənistanın bu istiqamətdə həyata keçirdiyi birinci təxribat deyil: "Hesab edirəm ki, axırıncı da deyil. Paşinyan başa düşür ki, Rusiya onu tərəfdaş kimi qəbul etmir və açıq-aşkar Ermənistan daxilində ona müxalif olan qüvvələri dəstəkləyir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu təxribatlara hazır olub qat-qat böyük zərbələr endirməlidir. Bəlkə də artıq bu zərbələri endirmək vaxtı gəlib çatıb”.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar, hər iki tərəfdən itki var.

Mənbə: teleqraf.com