Rusiyalı hərbi ekspert: "Bu, Ermənistan tərəfindən məqsədli şəkildə törədilmiş təxribatdır"

Rusiyalı hərbi ekspert: "Bu, Ermənistan tərəfindən məqsədli şəkildə törədilmiş təxribatdır"

“Azərbaycanla sərhəddə təxribat Paşinyana ictimaiyyəti ölkə daxilindəki problemlərdən yayındırmaq üçün lazımdır. Bu gün Ermənistanda ölkədaxili siyasi böhran hökm sürür. Bu böhran koronavirus pandemiyası ilə uğursuz mübarizə fonunda daha da dərinləşib. Məhz buna görə, Paşinyana Azərbaycanla sərhəddə təxribat lazım olub”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyi şərh edərkən bildirib.

Rusiyalı hərbi ekspert baş vermiş insidenti olduqca təhlükəli adlandırıb: “Əlbəttə ki, Ermənistan ordusu tərəfindən Azərbaycanın mövqeləri artilleriya atəşinə tutulduqdan sonra Azərbaycan tərəfi cavab verməyə məcbur olub, atəşə atəşlə cavab verib. Rusiya ümid edir ki, bu münaqişə siyasi nizamlanma ilə bitəcək. Mən bir daha deyirəm ki, bu, Ermənistan tərəfindən məqsədli şəkildə törədilmiş təxribatdır. Məqsəd Ermənistan əhalisini diqqətini ölkədaxili problemlərdən, Paşinyanın siyasətinin iflasa uğramasından yayındırmaqdır".

İ. Korotçenko Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını istəmədiyini bildirib: "Ermənistan aqressor ölkədir, hansı ki, Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayır. Bu, bütün dünya tərəfindən tanınmış faktdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının üç qətnaməsi var, harada ki, işğal faktı əksini tapıb. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını arzulamır. Biz bu gün İrəvanın ritorikasının sərtləşdiyini müşahidə edirik, hansı ki, Azərbaycana münasibətdə yeni ərazilərin ələ keçiriləcəyini bəyan edirlər. Əlbəttə ki, beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir. Azərbaycan bu məsələni bütün beynəlxalq meydançalarda qaldırmalıdır. Bakı İrəvanın siyasətinin pislənilməsinə nail olmalıdır. Dağlıq Qarabağ münaqişəsi mövzusu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspertlər səviyyəsində aparıcı beynəlxalq forumlarda dialoq aparılmalıdır. Ona görə ki, bu gün Ermənistan təbliğat və demaqogiya ilə məşğuldur. İrəvan özünü bütün dünyaya qurban kimi qələmə verir, əslində isə aqressordur".

İ. Korotçenko Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinin hər kəsə məlum olduğunu söyləyib: "Rusiya və KTMT bu məsələdə təmkinli mövqe tutur. Biz yaxşı anlayırıq ki, bu sərhədyanı insidentdir, genişmiqyaslı müharibə deyil. Ona görə də burada KTMT çərçivəsində heç bir həmrəylikdən söhbət gedə bilməz. Diqqətinizə çatdırım ki, bundan öncə də Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında təxribat törədib, Azərbaycanın mövqelərini atəşə tutub. Başa düşüləndir ki, Dağlıq Qarabağ münaqişəsi illə bağlı Rusiya və KTMT neytral mövqe tutur. Çünki Dağlıq Qarabağ Ermənistanın ərazisi deyil, işğal olunmuş ərazidir. Görünür, indi Ermənistan münaqişəni sərhədə çəkərək KTMT-dəki müttəfiqlərinin mövqeyini yoxlamaq istəyir. Lakin Rusiyanın mövqeyi sadədir. Biz bu münaqişənin siyasi danışıqlar və sülh yolu ilə həllinin tərəfdarıyıq. Bu siyasəti və mövqeni KTMT-dəki digər müttəfiqlər də bölüşür. Sərhədyanı insident siyasi və diplomatik vasitələrlə nizamlanmalıdır".

Mənbə: apa.az