Artıq Azərbaycan əsgəri “danışır”

Artıq Azərbaycan əsgəri “danışır”

Tovuz rayonu istiqamətində baş verən hadisələr Azərbaycan Respublikası Prezidentinin Ermənistan tərəfi ilə ATƏT formatında aparılan 25 illik danışıqların səmərəsiz olduğuna dair verdiyi bəyanatın doğruluğunu bir daha təsdiqlədi. Son hadisələr Ermənistanın mövcud hakimiyyəti ilə dinc şəraitdə münasibətlərin normallaşdırılmasına olan ümidlərin aradan qalxmasına səbəb olub. Döyüş əməliyyatlarının münaqişə predmeti olan Dağlıq Qarabağ ərazisinin hüdudlarından kənara çıxarılması, Ermənistanın həm Moskva başda olmaqa KTMT-nin, həm də digər ölkələrin diqqətini cəlb etmək məqsədi daşıyır. Keçən gündən başlayan döyüş əməliyyalarının yaşayış məntəqələrinə yaxın ərazidə aparılması və mülki sakinlərin atəşə tutulması mümkün riskləri bir qədər də artırmaqdadır. Mülki əhalinin təhlükəsizliyi, əməliyyatlarının səmərəliliyini yüksəltmək və miqyasını Ermənistan üçün “daşına bilməyəcək” miqyasa çatdırmaq məqsədilə yaşayış məntəqəsi müvəqqəti boşaldılmalıdır. Çünki biz Ermənistanın ordusunun dəfələrlə azyaşlı uşaqları və yaşayış evlərini hədəf aldığının şahidi olmuşuq.

Baş verən hadisələr fonunda Azərbaycan Ordusu növbəti dəfə ərazilərin tam azad edilməsi istiqamətində səylərini Dağlıq Qarabağa yönəltmək üçün real imkanlar əldə edib. Hazırda motoatıcı, artilleriya və tank bölmələri döyüş əməliyyatlarının aktiv fazasında iştirak edirlər. Lakin əraziyə cəlb olunan qüvvələrin miqyasının daha geniş olduğunu düşünürəm. Çünki zolağın müdafiəsi üçün məsuliyyət daşıyan birliyin kifayət qədər ciddi silah sistemlərinə malik hərbi hissələrə, ümumqoşun ehtiyatlarına malikdir. 2016-cı ilin aprelində də Azərbaycan Ordusu belə bir düşmən təxribatını layiqincə dəyərləndirdiyini xatırlayırıq.

Bu dəfə də düşmən belə bir şansı bizə öz əli təqdim edib. Artıq 26 illik danışıqlar prosesinin ikinci mərhələsinə başlanılıb deyə bilərik. Lakin bu danışıqlarda diplomatlar deyil, artıq Azərbaycan əsgəri “danışır”. Artıq bunları təsdiq edən PUA görüntüləri Mətbuat xidməti tərəfindən dərc edilib.

İnanırıq ki, yaxın saatlarda Apreldə olduğu kimi, erməni ordusunun çəkilməyə məcbur olduğu səngərdən canlı yayımı izləyəcəyik. Lakin məsələnin tək bu döyüş mövqeyi ilə bitməyəcəyinə, əməliyyatların miqyasının Qarabağ istiqamətinə keçəcəyinə, Ordumuzun şəhidlərimizin qanının misli ilə alacağına və arsenalımızda mövcud olan güc və vasitələrin tam assortimentində istifadə etməklə erməni ordusuna uzun müddət unuda bilməyəcəyi bir “həyat dərsi” veriləcəyinə ümid edirik.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

 

Mənbə: ordu.az