“Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir” – Milli Məclisin komitə sədri

“Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir” – Milli Məclisin komitə sədri

“Mən xalqımızı, xüsusən gənclərimizi təmkinli olmağa çağırıram. Ali Baş Komandanın da bildirdiyi kimi, şəhid hərbçilərimizin qisası artıqlamasilə alınıbdır. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirib və bundan sonra da endirməkdə davam edəcək”.

Bunları “AzPolitika.info”-ya açıqlamasında deputat, Milli Məclisin komitə sədri Sadiq Qurbanov cəbhənin Tovuz istiqamətindəki gərginliklə bağlı danışarkən deyib. Deputatın fikrincə, Ermənistan hakimiyyəti bu dəfə bütün hədləri aşaraq dövlət sərhəddində atəşkəsi pozmaqla diqqəti kəskinləşən daxili problemlərdən yayındırmağa çalışır. “Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Hakimiyyətə gələrkən verilən vədlər yerinə yetirilmir, ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər isə daha da kəskinləşir. Bütün bunlar Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb”.

S.Qurbanov hesab edir ki, pandemiya dövründə Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada ciddi şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Bu səbəbdən onlar cəbhə bölgəsində gərginlik yaratmaqla beynəlxalq aləmin diqqətini bu reallıqlardan yayındırmağa çalışırlar.

“AzPolitika”

Mənbə: azpolitika.info