Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb.

İcmadan Open.az-a daxil olan bəyanatda deyilir:

"12 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz rayonu istiqamətində ərazilərimizi işğal etmək məqsədilə Ermənistan Silahlı Qüvvələri hücum edib. Ermənistanın bu cəhdi bizə 1990-cı illərin əvvəllərində məruz qaldığımız işğalı və öz ata-baba yurdlarımızdan qovulduğumuz faciəvi günləri xatırlatdı. O vaxt Qarabağ bölgəsi və ətraf rayonlar işğalın hədəfi idisə, indi, cəzasızlıq hissindən ruhlanan Ermənistan, Azərbaycanın digər ərazilərini işğal etməyə çalışır.

Bu, bir daha sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmir və bizim əzəli torpaqlarımıza qayıtmağımıza imkan vermək niyyətində deyil. Ermənistanın bu cəhdləri bizi doğma yurdumuza geri dönmək əzmimizdən çəkindirmir və pozulmuş hüquqlarımızın bərpa edilməsinə mane ola bilməyəcək. Dövlət sərhəsində törədilmiş bu təxribat göstərir ki, Ermənistan yeni münaqişə ocağı yaratmaqla diqqəti Qarabağ münaqişəsindən və işğal faktından yayındırmaq istəyir. Lakin, Ermənistan heç bir vəchlə buna nail ola bilməyəcək.
Ermənistanın daxilində sosial-iqtisadi problemlər kəskinləşir, hökümət COVID-19 pandemiyası ilə bacara bilmir və bu səbəbdən belə təxribatlara əl atmaqla diqqəti fərqli istiqamətə yönəltmək istəyir.

İşğalçı ölkə BMT Baş Katibinin Qlobal Atəşkəs təşəbbüsünü sözdə dəstəklədiyini bildirir, ancaq riyakarcasına hərbi təxribatlar törədir.
Regionda gərginliyə son qoyulması üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad edilməli və bütün azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır".

Open.az

ƏVVƏLKİ XƏBƏR

Polşanın hazırkı prezidenti Andrej Duda seçkilərdə qalib gəldi

SONRAKI XƏBƏR

Ayasofya qərarına görə İrandan Türkiyəyə dəstək gəldi: "Məmnun olduq"