Deputat: “Azərbaycanın ədalətli mövqeyi Ermənistanı narahat edir”

“Ermənistanın bu dəfə münaqişə zonasında deyil, tamamilə fərqli, Tovuz rayonu istiqamətində təxribata cəhd etməsi təsadüfi deyil. İşğalçı Ermənistan tərəfi Azərbaycanın ədalətli mövqeyinə, pozitiv imicinə xələl gətirmək üçün hiyləyə əl atdı.

Onlar dünyaya göstərməyə çalışdı ki, guya Azərbaycan müharibə zonası olmayan tamam fərqli istiqamətlərdən də təxribat törədərək, onlara təhlükə yaradıb, ərazilərini ələ keçirməyə çalışır. Təbii ki, bu, çox gülməlidir”.

Bu sözləri Oxu.Az-a Siyası elmlər doktoru, deputat Elşad Mirbəşiroğlu iyulun 13-nə keçən gecə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı danışarkən deyib.

E.Mirbəşiroğlu bildirib ki, işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti təxribat cəhdinə bir sıra vacib məqamlar daxildir:

“İşğalçı Ermənistanın bu addımı Ermənistanla Azərbaycan arasındakı münaqişə vəziyyətinə yeni reallığın meydana gəlməsi ilə əlaqəlidir. Reallıq isə ondan ibarətdir ki, son illərdə davamlı olaraq münaqişə vəziyyətində Azərbaycan ədalətli mövqe sərgiləyib. Azərbaycanın bu mövqeyi beynəlxalq təşkilatlar, nüfuzlu beynəlxalq platformalarda dəstəklənməkdədir.

Eləcə də, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul edilən son qətnamələrdə, bəyannamələrdə münaqişənin tənzimlənməsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyü aydın şəkildə özünü büruzə verib. Bu, təbii ki, işğalçı Ermənistanı çox narahat edir.

Azərbaycanın beynəlxalq mövqelərinin genişlənməsi, beynəlxalq platforma və ictimai rəylərdə ölkəmizin pozitiv obrazının yüksəlməsi müvafiq olaraq münaqişənin tənzimlənməsi istiqamətindən danışıqlar masası arxasında ölkəmizin siyasi potensialını gücləndirir. Belə olan halda Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində münaqişənin siyasi yolla tənzimlənməsi ehtimalları da artır”.

Millət vəkili onu da əlavə edib ki, ölkə başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüsün 130 ölkə rəhbərliyi tərəfindən qısa zamanda qəbul edilməsi Azərbaycanın nə qədər güclü dövlət olduğunu bir daha sübut etdi:

“Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə may ayında Qoşulmama Hərəkatına üzv Dövlətlərin Təmas Qrupunun zirvə toplantısında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü irəli sürüldü.

Qısa zamanda BMT-yə üzv olan 130 dövlət tərəfindən bu təşəbbüs dəstəkləndi. Bu, özü də sübut edir ki, Azərbaycan ciddi siyasi çəkiyə malik olan dövlətdir. Bu təşəbbüsün əleyhinə açıq etiraz edən yalnız Ermənistan oldu və BMT Baş katibinə xüsusi məktubla bu təşəbbüsün əleyhinə olduğunu bildirdi.

Bu narahatlığa səbəb isə təbii ki, bəllidir. Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi onlar üçün ciddi təhlükədir”.

E.Mirbəşiroğlu işğalçı Ermənistanın bu dəfə məhz Tovuz istiqamətində təxribat törətmək cəhdini belə şərh edib:

“Bu dəfə Ermənistan birbaşa münaqişə zonasına aid olmayan, Tovuz istiqamətində təxribata cəhd etməklə Azərbaycanın ədalətli mövqeyinə, pozitiv imicinə xələl gətirməyə çalışdı. Ermənistan öz işğalçı obrazına bəraət qazandırmaq üçün belə bir təxribata cəhd etdi. Guya Azərbaycan da Ermənistanın ərazilərini ələ keçirməyə çalışan cəhdlər edir. Təbii ki, bu, heç bir halda inandırıcı deyil.

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan öz ölkəsinin təxribatlarından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibinə zəng edərək, ona yalan məlumat verib.

Bildirib ki, guya Azərbaycan Ermənistana qarşı təxribat həyata keçirir. Bu yalan məlumatları Ermənistan XİN ATƏT-in Minsk Qrupuna da ötürməyə cəhd edib. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzuna zərər vurmaq üçün atılan uğursuz cəhdlərdir”.

“Təxribatın digər tərəfi isə bu gün Paşinyanın hakimiyyətdəki zəif mövqeləridir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.

Bu gün koronavirus pandemiyası ərəfəsində Ermənistanda ölənlərin və virusa yoluxanların sayı əhali sayı ilə müqayisədə çoxdur. Hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Təbii ki, Paşinyan belə olan halda əsas diqqəti kənara yönəltməyə çalışdı. Bu da özünü ötən gün Tovuz rayonu istiqamətində atılan addımda göstərdi.

Düşünürəm ki, Yerevan Azərbaycan-Ermənistan sərhədində növbəti təxribata əl atmaqla əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbə vuruldu.

Azərbaycan Ordusunun əks-tədbirləri birmənalı olaraq adekvat xarakter daşıyıb. Azərbaycan tərəfi Ermənistanın təxribatlarına qətiyyətli cavab verdi və verməyə də davam edəcək”, - deyə millət vəkili qeyd edib.

Könül Cəfərli

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Stoltenberq: NATO Çinin artan rolu fonunda “daha qlobal” ittifaqa çevrilməlidir

SONRAKI XƏBƏR

Əsgər atasının öyrəndiyi əsl həqiqət