İndi görəcəyimiz ən böyük iş təxribata yol verməməkdir - Aydın Mirzəzadə

İndi görəcəyimiz ən böyük iş təxribata yol verməməkdir - Aydın Mirzəzadə

Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatında əsas məqsəd ictimaiyyətin diqqətini daxili böhrandan uzaqlaşdırmaqdır. Ermənistanda iki il bundan əvvəl küçə hərəkatı ilə hakimiyyətə gələn Nikol Paşinyanın reytinqi günü-gündən düşməkdədir. Onu nəinki artıq elektorat, hətta yaxın tərəfdarları belə ölkəni idarə edə bilməməkdə, koronavirus pandemiyasının qarşısında aciz qalmaqda ittiham edirlər.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Deputatın sözlərinə görə, işğalçı ölkənin baş naziri əvvəlki xələflərinin siyasətini davam etdirir: “Daxili siyasətdə problemlə üzləşəndə həmişə diqqəti Dağlıq Qarabağ məsələsinə yönəltməyə çalışıblar. Azərbaycan tərəfinin sərt cavab verəcəyini və mövqelərini darmadağın edəcəyini də öncədən bilirdilər. Amma bunlar belə təxribatla indiki hakimiyyətin reytinqini qaldırmağa cəhd edirlər. Bu cür hərəkətlər heç vaxt Ermənistanda olan istənilən qüvvəyə divident gətirməyib və gətirməyəcək. Azərbaycan tərəfi itkilərə məruz qalsa da, Ermənistana layiqli cavabını verdib. Vaxtaşırı Müdafiə Nazirliyi vəziyyətlə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandırır. Azərbaycan cəmiyyətinin vətənpərvərliyi, döyüşə hazır olması cənab Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləməsi göz önündədir”.

Aydın Mirzəzadə bildirib ki, belə bir situasiyada bizim edə biləcəyimiz ən böyük iş təxribata yol verməmək, mənbəyi məlum olmayan video görüntüləri yaymamaq, şayiələri tirajlamamaqdır:
“Belə şəraitdə Ermənistan tərəfə fayda verə biləcək hər hansı bir informasiyanı yaymamaq da tövsiyə olunur. Baş verənlər bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövləti başda Ali Baş Komandan olmaqla milli maraqlarımız yüksək səviyyədə qorunur: “Tovuz istiqamətində Ermənistan tərəfinə verilən cavab Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində düşmənə göstərilən iradəmizin və gücümüzün bariz nümunəsidir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir”.

Mənbə: teleqraf.com