“Erməni komandanlığı özünü tələyə salıb” - Hərbi icmalçı

“Erməni komandanlığı özünü tələyə salıb” - Hərbi icmalçı

“Atəşkəs bağlanandan bütün bölgələrdə sərhəd və təmas xətti boyunca tərəflər döyüş və müşahidə mövqelərini və təhcizat yollarını yaxşılaşdırılmaq məqsədi ilə daim istehkam-mühəndis, möhkəmlənmə işləri aparırlar. Yalnız iri irəliləyişlər olanda, yaxud qarşı tərəfin etiraz bəyanatları veriləndə, geniş ictimayət bunlardan xəbər tutur, reaksiya göstərir”.

Modern.az xəbər verir ki, bunu hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram cəbhənin Tovuz istiqamətində baş verən döyüşləri şərh edərkən bildirib.
 

“Tovuz istiqamətində baş vermiş son hadisənin hərbi məqsədi ermənilərin öz sərhəd mövqelərini yaxşılaşdırmaq olub. Döyüşlər dəyişkən intensivliklə davam etdiyindən, hələlik detalları açıqlamaq vaxtı deyil. Ancaq hərbçi kimi deyim ki, relyefi və döyüş mövqelərini qiymətləndirəndə aydın olur ki, bu əməliyatla erməni komandanlığı nəticə etibarı ilə özünü tələyə salıb və heç nəyə nail olmayıb.

Məsələnin siyasi tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqviləsi Təşkilatı (KTMT) ilə münasibətlərini test etməkdir. Bəzi müşahidəçilərin, Paşinyanın KTMT-ni münaqişəyə birbaşa cəlb etmək istəyi barədə əminliklərini bölüşmürəm.

Rusiyanın Paşinyana münasibətini, Belarusun və Qazaxstanın Azərbaycana münasibətlərini nəzərə alsaq, xüsusən, konkret bu hadisədə məhz ermənilərin dövlət sərhədində təxribat törətdikləri aydın olduqda, Ermənistan KTMT tərəfindən dəstək qazana bilməyəcək. Paşinyanın istəyi məhz bu dəstəyin olmamasını göstərməklə, bir tərəfdən erməni cəmiyətində anti-rus, qərbpərəst əhvalı gücləndirmək, digər tərəfdən, siyasi rəqiblərini zəiflətməkdir. Onun əsas rəqibləri isə Putinlə uzun illərin dostları, qatı rusiyapərəstlər və onların tərəfdarlarıdır.
Ermənistan-Azərbaycan sərhədində son kəskinləşmə ilə bağlı KTMT-nin baş katibi S.Zasın təşəbbüsü ilə Daimi şuranın iclası çağırılmışdı.
Amma KTMT mətbuat xidməti məlumat yaydı ki, “...müzakirə formatının müəyyən olunması üçün quruma üzv dövlətlər əlavə məsləhətləşmələr keçirməlidir”.

İclas hələlik baş tutmayıb. Beləliklə, KTMT Ermənistanın müdafiəsinə o qədər də tələsmir”,- Nazim Bayram bildirib.

Mənbə: modern.az