“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV

“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV

Azərbaycanla Ermənistan arasında təmas xəttində gərginləşmə konfliktin xronologiyasında yeni bir reallıq yaradır. Bu məsələdəki diqqətəlayiq bir məqam, son qarşıdurmanın Qarabağ istiqamətində deyil, Azərbaycan-Ermənistan sərhədində baş verməsidir. Və bu amil düşmənimizin də üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) reaksiyasına səbəb ola bilər.

Qoşunların təmas xəttində baş verənlər, KTMT-dən gözlənilən reaksiya ətrafında AYNA-nın suallarını rusiyalı politoloq Oleq Kuznetsov cavablandırıb.

- Qarabağ istiqamətində deyil, Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində baş verən son toqquşmaları necə qiymətləndirirsiniz?

- Sualınıza obyektiv cavab vermək mənim üçün çox çətindir, çünki 12 iyulda Tovuzda baş verən döyüşlərlə bağlı tək məlumat mənbələri yalnız Azərbaycan və Ermənistanın Müdafiə nazirliklərinin mətbuat xidmətlərinin məlumatlarıdır. Bu məlumatlar olduqca ziddiyyətlidir və toqquşma ərazilərindəki real vəziyyət barədə hər hansı bir konkret fikir söyləməyə o qədər də imkan vermir. Əldə etdiyim məlumata görə, dünən günortadan sonra erməni tərəfi minaatanların dəstəyi ilə Azərbaycan ordusunun postuna hücum edib. Hücum müdafiə xəttinin mövcud vasitələri ilə dəf edilib. Bu qarşıdurmada zirehli maşınlar və raket qurğuları hər iki tərəfdən istifadə olunmadığından, döyüşü atəşəkəsin növbəti pozulması faktı kimi də qələmə vermək olardı. İtkilərin olması mətbuatın bu döyüşü miqyaslı hərbi əməliyyat kimi işıqlandırılmasına səbəb oldu.

Hər halda, mənim başa düşdüyümə görə, bu hadisə açıq şəkildə vəziyyətin qiymətləndirilməsi və əlaqələndirilməsi üçün Müdafiə nazirinin müavininin toqquşma bölgəsindəki şəxsi iştirakına layiq deyildi. Hərçənd, hər şey tam tərsinə ola bilər: Müdafiə nazirinin müavininin orada olması adi bir hadisənin, ümumiyyətlə ciddi bir hərbi-siyasi böhrana getməsinə imkan verməyən faktora çevrilə bilər.
Vəziyyətin kəskinləşməsinin Qarabağdakı cəbhə xəttində deyil, Ermənistan-Azərbaycan sərhədində, Qarabağ münaqişəsinin rəsmi zonasından kənarda baş verməsi hər hansı bir qərəzsiz müşahidəçiyə Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Qarabağla məhdudlaşmadığı mesajını verir. Ancaq bunun rəsmi hüquqi komponenti var: əgər münaqişə Qarabağdan kənarda, dövlət sərhədində intensivləşərsə, o zaman konflikt ərazi mübahisəsi kimi yox, ikitərəfli müharibə kimi qəbul ediləcək. Və buna kim başlasa, beynəlxalq ictimaiyyətin gözü qarşısında təqsirkar rolunda olacaq. Bunu həm İrəvanda, həm də Bakıda yaxşı bilir və başa düşürlər. Elə buna görə də, müharibə edən tərəflər Qarabağdan kənar dövlət sərhədində döyüşməkdən çəkinməyə çalışırdı.

Azərbaycanla müqayisədə hərbi-siyasi və hərbi-texniki zəifliyini yaxşı dərk edən Ermənistan Dağlıq Qarabağ münaqişəsini beynəlmiləlləşdirməyə və KTMT ölkələrini bu konfliktə cəlb etməyə çalışır. Buna görə də, hər vasitə ilə və ən kiçik imkanlarından istifadə edərək, Qarabağ xaricində sərhəddə qarşıdurma yaratmaqda maraqlıdır. Azərbaycan da öz növbəsində düşmənin atəş nöqtələrini atəşlə susdurur, sahə istehkamlarına, işçi qüvvəsi və texnikalarına zərbələr endirir, lakin Rusiyanın (KTMT ölkələrindən başqa heç kim Ermənistana kömək əli uzatmayacaq) münaqişəyə hərbi müdaxiləsinin qarşısını almaq üçün Ermənistanın ərazisinə daxil olmur.

- Ermənistan KTMT-nin iclasını çağırmağa nail ola bildi. KTMT bu vəziyyətə necə təsir edə bilər?

- Mən düşünürəm ki, heç necə. Müasir dünyada açıq yalan və təxribatları təsdiqləyən və ya təkzib edə biləcək kifayət qədər texniki kəşfiyyat vasitələri mövcuddur. Radio-elektron, aero-akustik və digər kəşfiyyat vasitələri var, həm Rusiya, həm də NATO-da daim Qafqaz və Qarabağ üzərində “asılmış” və döyüş vəziyyətini onlayn izləyən geostasionar casus peykləri var. Bu şəraitdə ilk atəş açanın kimliyini gizlətmək demək olar ki, mümkün deyil. Məlumdur ki, Ermənistan Azərbaycanı aqressor kimi qələmə verməyə çalışacaq, çünkü mərmilər onun ərazisində partlamağa başlayıb. Ancaq bu situasiyanın iki başı var: rəsmi Yeravan zərərləri müəyyənləşdirmək üçün canlı qüvvə və avadanlıqlarla bağlı itkilərin real statistikasını açıqlamalı olacaq, mina və mərmi partlayışlarından qalan izlərin şəkillərini çəkməli olacaq. Ermənistanın Müdafiə Nazirliyi isə qətiliklə bunu etmək istəmir, bu da öz növbəsində onların gizlətmək üçün səbəblərinin olduğundan xəbər verir. Həqiqi itki statistikası olmadan təcavüz faktı sübut edilə bilməz.

Üstəlik, koronavirus pandemiyası və sərt karantin şəraitində KTMT iclasının tutaq ki, Qazaxıstanda keçirilməsinn son dərəcə problemli olacağını da unutmamalıyıq. İclas videokonfrans rejimində, oradakı nümayəndə heyətlərinin kuluarlarda söhbətləşmək, yəni lobbiçilik imkanı olmadan keçirilsə, bu faktor rəsmi Yerevana qarşı oynayacaq və bir farsa çevriləcək. O zaman Ermənistan Azərbaycanın aqressor olmasının dəlillərini (əslində əlində heç bir dəlil yoxdur) onlayn təqdim etməli olacaq, həmçinin istəməsə belə, öz itkilərini açıqlamalı olacaq.

- Yaxın zamanlarda bu zonada daha bir toqquşma gözləmək olarmı?

- Vəziyyətin daha da kəskinləşməsi istiqamətində, ən azı Tovuzda daha da inkişaf edəcəyini düşünmürəm. Erməni tərəfi dövlət sərhədində insident törətməklə öz işini gördü, yəni bu tipli münaqişə zamanı KTMT-yə müraciət presedenti yaratdı. Ermənistan hökuməti bu epizoddan bacardığı qədər xeyir götürməyə çalışdı və hesab edirəm ki, onlara bundan artığı lazım da deyil. Rəsmi Bakı da eyni zamanda Tovuzda vəziyyəti gərginləşdirməkdə maraqlı deyil. Buna görə də əminəm ki, tezliklə hər şey tezliklə sakitləşəcək.

Və bu faktor 2020-ci ilin iyul hadisələri ilə 2016-cı ilin aprel hadisələri arasındakı əsas fərqdir. Əgər Azərbaycan tərəfindən 2016-cı il müharibəsinin ssenarisi gerçəkləşərsə, şübhəsiz ki, Tovuzda deyil, Kəlbəcər və ya Füzuli istiqamətində reallaşacaq. İyulun 13-nə keçən gecə Qarabağdakı Azərbaycan mövqelərinin erməni tərəfindən atəşə tutulması bunun üçün bütün zəruri şərtləri və əsasları təmin edir.

Ümumiyyətlə düşünürəm ki, Ermənistan tərəfinin dövlət sərhədində etdiyi hər bir təxribata görə İsrailin Suriyada, Livanda və İrandakı ərəb radikallarına qarşı olduğu kimi, Azərbaycan Xankəndi və ətrafındakı erməni kəndlərini raket atəşinə tutmalıdır. Hesab edirəm ki, belə bir cavabdan sonra Ermənistan-Azərbaycan sərhədində silahlı təxribatlar dərhal dayandırılacaq.

Mənbə: www.dia.az