Tovuzdakı təxribatın ardınca klassik erməni yalanlarını sosial şəbəkələr ifşa edir - “ermənilər itki verməyib”...

Tovuzdakı təxribatın ardınca klassik erməni yalanlarını sosial şəbəkələr ifşa edir - “ermənilər itki verməyib”...

Azər Həsrət: “Bu cür dezinformasiyalarla Ermənistan hakimiyyəti öz uğursuzluqlarını gizlətməyi, Azərbaycanda isə ruh düşkünlüyü yaratmağı hədəfləyir”

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Düşmən ciddi itkilər versə də, Ermənistan ordusunun rəsmiləri bu məlumatı gizlədir. Buna baxmayaraq, sosial şəbəkələrin erməni seqmentində Ermənistanın ciddi itkilər verdiyi qeyd olunur. İrəvanın mərkəzində etirazçılar meydana toplaşaraq, hökumətdən itkilərin sayını düzgün açıqlamağı tələb edirlər. Ermənistan informasiya maşınının yenidən yalan tirajlaması bu dəfə sosial şəbəkələrin gücü ilə tam iflas olunur. Yaranmış vəziyyətlə bağlı ekspertlər nə düşünür?

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əvvəlcə Azərbaycan ordusuna bu cür döyüşlərdə göstərdiyi şücaətə görə minnətdarlıq etmək lazımdır:“Azərbaycan ordusu həqiqətən də düşmənə layiqli cavab verib, onu yerində oturtdu. Onlar öz canlarını sipər edib, düşmənə bir qarış da irəliləməyə imkan vermədilər. Bu, məsələnin bir tərəfidir. Ermənistan bizim ordumuzda olan ruh yüksəkliyini bizdən də yaxşı anlayır. Buna görə də, cəmiyyəti çaşdırmaq üçün dövriyyəyə dezinformasiya buraxır. Bu cür dezinformasiyalarla Ermənistan hakimiyyəti öz uğursuzluqlarını gizlətməyi, Azərbaycanda isə ruh düşkünlüyü yaratmağı hədəfləyir.

Təəssüflər olsun ki, Azərbaycanın özündə də bir çox ağılsız insanlar Ermənistanın yaydığı informasiyanın daha da tirajlanmasında alətə çevrilirlər. Bəziləri isə bilərəkdən bunu edir. Bu gecə səhərə kimi mən sosial mediada müşahidələr aparmışam. Baxıram ki, Müdafiə Nazirliyi rəsmi məlumat yaysa da, Bakıda yaşayan bəzi tanınmış adamlar təkidlə deyirlər ki, “Ermənistan elə demir axı” və ya “Sevinc Osmaqızı elə demir axı”. Düşmənlə məsələ aydındır. Bizim ordumuz onun cavabını verir və verməkdə də davam edəcək. Azərbaycan hakimiyyəti sosial medianın ciddi monitorinqini aparmalı, ortaya çıxacaq ciddi faktları rəhbər tutaraq, belə həssas dönəmdə çaşdırıcı paylaşımlar edənlərlə bağlı ciddi hüquqi ölçü götürməlidir. Ermənistanda sadə vətəndaş xəbər yayır ki, “qohumum hərbi xidmətdən xəbər verir filan qədər əsgər ölüb”, buradakı bəzi azərbaycanlılar bunu təkzib etməklə məşğul olur. Bunlar kimə xidmət edir? Bunu bir çoxları ağılsızlıqdan yox, məqsədli şəkildə edir. Bir dəstə adam da, güya Qarabağ tələbi ilə küçələrə çıxmışdı. Araşdırdım, bəlli oldu ki, həmin adamlar dağıdıcı ünsürlərdi. Xaricdə oturub Azərbaycanı söyən şəbəkənin burdakı uzantılarıdı. Bəziləri fürsətdən istifadə edib, ölkənin daxilində qarışıqlıq yaratmağa xidmət etdilər. Belələri heç vaxt öz istəklərinə çata bilməyəcək”.

Qəbul etməliyik ki, Ermənistanda müharibə yalnız səngərdə aparılmır. Müharibə şəraitində informasiya mübarizəsinin böyük əhəmiyyəti var. Buna görə də, Ermənistan dezinformasiya tirajlamaqla öz itkilərini gizlədirsə, biz sosial şəbəkələrdə həmin yalana haqq qazandırmaq yox, onun ifşası istiqamətində çalışmalıyıq.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com