Naxçıvanda cəmləşdirilən texnika istənilən vəzifənin qısa müddətdə yerinə yetirilməsinə imkan verir

Naxçıvanda cəmləşdirilən texnika istənilən vəzifənin qısa müddətdə yerinə yetirilməsinə imkan verir

Ermənistan Tovuz istiqamətində törətdiyi təxribatlarını indi də Naxçıvan istiqamətinə yönəldib. İşğalçı ölkənin silahlı bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan Naxçıvan Əlahiddə ordusunun mövqelərini atəşə tutub. Mümkün bütün vasitələrdən istifadə edən Ermənistan ordusunun atəşkəs rejimini pozmaq üçün əlindən gələni etməsi, aktiv hərbi əməliyyatların başlanması üçün İrəvanın cavabdehlik daşıdığını göstərir. Lakin burada erməni hərbi rəhbərliyi bir az olduğundan artıq görünməyə çalışır. Çünki əksər hakim yüksəkliklərin nəzarətimizdə olduğu Naxçıvan istiqamətini, sıx məskunlaşan və məhdud hərbi əməliyyatlar teatrına malik Tovuz istiqaməti ilə eyniləşdirmək olmaz. Naxçıvanda cəmləşdirilən texnika, silah-sursat və canlı qüvvə Əlahiddə Ordunun müdafiə zolağı çərçivəsində istənilən vəzifəni qısa müddətdə yerinə yetirməsinə imkan verir. Digər tərəfdən isə Günnüt zəfəri fonunda 2 il böyük müddət olmadığı üçün, ƏÜO-nun imkanlarını nə Tonoyan, nə də Paşinyan unutmalı deyil.

Müşahidələr göstərir ki, artıq düşmən münaqişənin genişlənməsi üçün əlindən gələni edir. Düşmənin getdikcə daha çox “casarətli” görünmək istəyi, onun məhz sərhədyanı zonalarda təxribatlar törətməsi münaqişəyə digər ölkələri cəlb etmək məqsədi daşıyır.

Lakin hələ ki, bu cəhdlər uğurla nəticələnmir. Bu gün planlaşdırılan KTMT toplantısı başlanmasından az əvvəl ləğv olundu. Deməli Ermənistanın KTMT tərəfindən tam dəstəklənməməsi və nüfuzunu itirməsi ilə bağlı proqnozlar heç də əsassız deyildi. Ümmilikdə isə həm Tovuzda, həm də Naxçıvanda baş verənlər silahlı qarşıdurmanın pik həddə çatmasına xidmət edən qanlı toqquşmadır, lakin bu, Azərbaycan üçün faydalı ola biləcək müsbət prizmadan dəyərləndirilməlidir, çünki Ordumuz 2016-ci ildə baş verən eyni ssenarili erməni təxribatını həm maksimum fayda ilə dəyərləndirə bildi, həm də bu sahədə geniş təcrübə etdi. Odur ki, bu dəfə də həmin uğurların təkrarlanması üçün yaranan real imkanlardan maksimum istifadə etməliyik.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

 

Mənbə: ordu.az