“Beynəlxalq hüquq bizdən danışıqlar deyil, silahlı güc tətbiqi tələb edir” - MÜSAHİBƏ

“Beynəlxalq hüquq bizdən danışıqlar deyil, silahlı güc tətbiqi tələb edir”  - MÜSAHİBƏ

Hüquq elmləri üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq eksperti Səyyad Məcidlinin Yenisabah.az-a müsahibəsi:

- Səyyad müəllim, Ermənistan silahlı qüvvələri dünən Tovuza hücum edib. Bu, beynəlxalq hüquq baxımından hansı nəticələrə səbəb ola bilər və ya Azərbaycan bu məqamda irimiqyaslı əməliyyatlar həyata keçirmək üçün hansı hüquqi imkanlara malikdir?

 

- İyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuza edilən silahlı hücum Azərbaycana qarşı hərbi təcavüzün növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Bura mübahisəli ərazi deyil, bu məkan konfliktogen zona deyil. Sadəcə Azərbaycanın beynəlxalq hüquqla tanınan dövlət sərhəddidir. Bura tarixi Oğuz torpaqlarıdı. Yeri gəlmişkən, “Tovuz” toponimi elə “Oğuz” mənası daşıyır. Bu hücum Oğuz elinə, bizim əzəli torpaqlarımıza qarşı hücümdu. Və bu gün bu hucuma qarşı ən yaxşı cavab genişmiqyaslı hərbi əks-hücümun və eyni zamanda informasiya hücumunun tətbiqidi. Bu gün hətta beynəlxalq hüquq belə bizdən danışıqlar deyil, silahlı güc tətbiqi tələb edir. Bu silahlı təcavüzə qarşı fərdi özünümüdafiə hüququmuzdan istifadə etməli və ya əks-tədbirlər görməliyik. Yəni son addım gücə qarşı güc amilidi. Bu addımın atılmasının artıq məqamıdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev özünün çıxışlarında dəfələrlə hərbi yolun zəruri və qaçılmaz olduğunu açıq şəkildə bəyan edib.

Tovuza hərbi müdaxilə ərazi bütövlüyümüzə qarşı təhdiddir. Dövlət sərhədlərimizin pozulmasıdır. Birbaşa silahlı təcavüzdür. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü probleminin beynəlxalq hüquqi həlli metodları təkcə onun sülh yolu ilə həlli demək deyildir. Son yol həm də hərb yoludur, son sözü silahlar deyəcək.

Bu gün Tovuzda, dünən Dağlıq Qarabağda və onun ətraf rayonlarında, o biri gün İrəvanda, Zəngəzurda və Göyçədə baş verən təcavüzə görə kollektiv və fərdi özünümüdafiə, insan və vətəndaşların hüquq və azadlıqlarının pozulmasına görə hümanitar müdaxilə və əks tədbirlər, terror və təxribat aktlarının baş verməsinə görə antiterror əməliyyatlarının aparılmasına bu gün beynəlxalq hüquq qanuni əsaslarla tam imkan yaradır.

Azərbaycan dövlətinin geniş mənada özünümüdafiə hüququ BMT Nizamnaməsinə və qüvvədə olan mövcud konvensiyalara əsasən yaranır. Nizamnamənin 51-ci maddəsinə əsasən dövlətə qarşı silahlı hücum olduğu və TŞ-nın sülhün və təhlükəziliyin müdafiəsi naminə hər hansı zəruri tədbir həyata keçirmədiyi halda, fərdi və kollektiv özünümüdafiə hüququnu istisna etmir. Nizamnamə heç bir halda Azərbaycanın özünümüdafiə hüququna xələl gətirmir və bu istiqamətdə heç bir hüquqi maneə mövcud deyildir. Hətta, silahlı təcavüzə məruz qalan Azərbaycan özünümüdafiə hüququndan təkbaşına istifadə edə biləcəyi kimi, digər dövlətlərlə birgə və ya onların yardımından istifadə etmək imkanlarına da malikdir.

Fərdi özünümüdafiə həmçinin Azərbaycan üçün ya özünün məcburi köçkün vəziyyətində olan vətəndaşlarının müdafiəsi məqsədlilə humanitar müdaxilə formasında və ya ərazisində Ermənistan tərəfindən terror və digər beynəlxalq cinayətlərin törədilməsinə cavab tədbiri kimi həyata keçirilə bilər.

- Bəs bu faktlara görə yuxarıda qeyd etdiyiniz əks-tədbirlər və sanksiya tətbiqi məsələsi necə reallaşmalıdır?

 

- Təkcə son silahlı hücum və təxribat hadisələrinə deyil, bütövlükdə Ermənistanın hərbi təcavüzünə qarşı Azərbaycan əks tədbirlər və sanksiyalar tətbiq edə bilər. Beynəlxalq hüquqda əks tədbirlər yalnız hər hansı bir dövlətin hüquqazidd hərəkətlərinin nəticəsi olaraq tətbiq olunur. Yəni, Ermənistanın təcavüz hərəkətlərinə görə əks tədbirlər Azərbaycan tərəfindən ona qarşı yalnız özünümüdafiə məqsədilə tətbiq oluna bilər.

Sanksiyalara gəldikdə isə, müasir beynəlxalq hüquqa əsasən Ermənistana qarşı sanksiya tətbiqi yalnız BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq TŞ tərəfindən həyata keçirilə bilər. Belə ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanması və bərpası məqsədilə BMT Nizamnaməsinə uyğun olaraq Ermənistanın təcavüz hərəkətlərinə görə beynəlxalq sanksiyaların iki növünün - 41-ci maddəyə müvafiq olaraq silahlı qüvvələrin tətbiqi ilə bağlı olmayan sanksiyaların və 42-ci maddəyə uyğun olaraq hərbi sanksiyaların tətbiqi yolveriləndir. Hesab edirəm ki, Ermənistanın təcavüzkar hərəkətləri ilə bağlı BMT tərəfindən çıxarılan bütün qətnamələr (822, 853, 874 və 884 saylı qətnamələr) özü-özlüyündə sanksiya tətbiqi üçün hüquqi əsasdır. Tovuza edilən son hücüm isə sübut etdi ki, ermənilər təkcə Qarabağa yox, bütün türk torpaqlarına iddialıdır. Ona görə də onların bütün vasitələrlə susdurulmasının məqamıdır.

- Ermənilərin Tovuza hücumu ilə bağlı həm Türkiyədən siyasi dəstək gəldi, həm də xalqımız kifayət qədər milli həmrəylik nümayiş etdirir...

 

- Bəli, bu məsələdə kifayət qədər beynəlxalq və sosial dəstək var. Hərbi əzmkarlıq və milli iradə var. Türkiyə rəsmi bəyanat verdi, Təbriz və Kərkük dəstək aksiyası keçirir, gənclərimiz vuruşmaq üçün çox güclü əzmkarlıq nümayiş etdirir. Bu gün hər kəsi təkcə korona virusu ilə deyil, həm də erməni virusu ilə mübarizə əzmi sarıb.

Bilirsiz, belə bir deyim var: diplomatlar susanda toplar işə düşür... Diplomatlar susanda, şəhidlər öz sözünü deyir. Tarix boyu diplomatiyanın tükəndiyi məqamda hər zaman xalq danışıb, dövlətin digər resursları işə salınıb. Şəhidlərimiz var axı... Bu xalq qalib xaldı axı, axı bu millət hətta ən ağır mərəzə tutulanda belə milli qeyrət nümayiş etdirib ayağa qalxmağı, milli birlik nümayiş etdirməyi bacaran ulusdu.

Bu gün Azərbaycan xalqının sinəsi üstündə iki tonqal alovlanır: pandemiya və erməni virusu. İki tonqal yananda isə nə etmək lazım olduğunu hamımız gözəl bilirik məncə... Elin başında qəza var, təhlükə var, düşmən basqını gözlənilir, onda da igidlər yaraqlanıb, yasaqlanıb yığılardı.... İndi də... Bu ölkədə pandemiyadan bəlli sayda insanlar vəfat edə bilər. Hətta mən deyərdim içində Vətən nisgili olan insanları epidemiyalar yox, mutasiya edən elə həmin nisgil daha çox öldürür. Amma bir şəhid qanı axanda, bütün xalq ölür, torpaq sızıldayır, ruhlar hayqırır...

Bu gün nəinki əks-hücümun, əks-tədbirlərin, əks-həmlələrin, hətta Zəngəzuru və İrəvanı qaytarmaq üçün irimiqyaslı hücümların, özü də bizim üçün beynəlxalq hüququn imkan verdiyi tam qanuni hücumların zamanıdır. Başlamalıyıq.

Seymur VERDİZADƏ

Mənbə: yenisabah.az