“Azərbaycan ordusunun Tovuzda nə işi?!” – radikalların Tovuzda erməni təxribatına qəribə reaksiyaları...

“Azərbaycan ordusunun Tovuzda nə işi?!” – radikalların Tovuzda erməni təxribatına qəribə reaksiyaları...

Seyid Camal Əzimbəyli:“Hesab edirəm ki, radikal müxalifətdən nə desən gözləmək olar”

Xəbər verildiyi kimi, Ermənistan silahlı birləşmələri sərhədin Tovuz istiqamətində ordumuza qarşı hücuma keçib, artilleriyadan istifadə edir. Baş verən döyüşlər zamanı şəhid olanlarımız və yaralananlarımız var. O cümlədən, qarşı tərəfə güclü zərbələr endirilib. Düşmən tərəfi böyük itkilərə məruz qalıb.

Bu arada özlərini hakimiyyətə müxalif sayan radikal müxalifət təmsilçiləri yenə də antimilli mövqe sərgiləyirlər. Xüsusən də Milli Şurada təmsil olunan şəxslər. Utanmadan bəyan edirlər k, Azərbaycan ordusunun Tovuzda nə işi var? Guya ölkə hakimiyyəti sosial gərginliyi cəbhəyə yönəltməklə, müharibə ilə manipulyasiya edir. Heç bir əndazəyə sığmayan bu kimi riyakar xarakterli “arqumentlərlə” çıxış edirlər. Azərbaycanın sözügedən istiqamətdə təxribat etməsinə nə ehtiyac var? Məgər Azərbaycan Ermənistana yönəlik ərazi iddiası ilə çıxış edir?

Əslində Qarabağ məsələsində, işğal altında olan ərazilərimizin azad olunması işində iqtidar-müxalifət söhbəti olmamalıdır. Ancaq radikalların sözügedən məsələyə belə riyakar, antimilli mövqedən yanaşmaları onu bir daha sübut etdi ki, bunlar üçün müqəddəs heç nə yoxdur. Onların işi öz mənafeləri naminə Ermənistanın maraqlarına xidmət etməkdir. Faktiki olaraq, Milli Şura sədri Cəmil Həsənli Ermənistanın sözügedən təxribatını görmək istəmir, hər məsələdə cılız arqumentlərlə danışır. Dövlət sərhəddən başlayır. Azərbaycanın hər qarışı bizim üçün əzizdir. Düşmən Tovuz istiqamətində təxribata əl atırsa, təbii ki, adekvat addımlar atılmalı idi. Ancaq radikal müxalifətin məlum yanaşması bir daha göstərdi ki, onları yalnız öz konyunktur maraqları düşündürür. Bütövlükdə, radikalların baş verənlərə reaksiyasını ekspertlər necə dəyərləndirir?

“Radikalların istəyi odur ki, müharibə geniş miqyas alsın, ordumuz məğlubiyyətə uğrasın, ölkədə xaos...”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli radikal mövqedən çıxış edən müəyyən şəxslərin Tovuz istiqamətində gedən döyüşlərə bu kontekstdən yanaşmalarını pislədi:“Hesab edirəm ki, radikal müxalifətdən nə desən gözləmək olar. Şəxsən mən onların belə mövqe sərgiləməsindən təəccüblənmirəm. Çünki onlar antimilli qüvvələrdir. Antimilli qüvvə olduqlarını dəfələrlə sübut ediblər. Bu cür mövqe də onlardan biridir. Faktiki olaraq, bu qüvvələrə Azərbaycanda güclü dövlətin olması sərf etmir. Xaricdəki havadarlarına xoş olsun deyə, istənilən satqınlığa getməyə hazırdılar. Təki hakimiyyətə gəlsinlər. O üzdən, ar olsun onlara! Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyətinin uğurlarını həzm etmək istəmirlər. Bu səbəbdən müxtəlif riyakar versiyalarla, iftiralarla çıxış edirlər. Radikalların istəyi odur ki, müharibə geniş miqyas alsın, ordumuz məğlubiyyətə uğrasın, ölkədə xaos yaransın və nəticədə onlar hakimiyyətə gəlsin. Əgər radikallar sağlam müxalifətçilik mövqeyindən çıxış etsəydilər, o zaman müharibə dövründə dövlətin ətrafında sıx birləşərdilər. Onlar isə sağlam müxalifətçilikdən uzaqdılar. Bu səbəbdən belə qüvvələrdən nə desən gözləmək olar”.

Ekspertin şərhindən belə məlum oldu ki, radikallar hər zaman antimilli mövqedən çıxış edirlər.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com