COVID-ə yoluxma halları ABŞ hərbi qüvvələrinin Yaponiyada və Cənubi Koreyada missiyalarını çətinləşdirir

COVID-ə yoluxma halları ABŞ hərbi qüvvələrinin Yaponiyada və Cənubi Koreyada missiyalarını çətinləşdirir

ABŞ-ın ölkə daxilində koronavirusun qarşısını ala bilməməsi xaricdəki hərbi missiyalarına da böyük təsir göstərməyə başlayıb. Bəzi təhlilçilər bazar ertəsi Amerikanın Yaponiya və Cənubi Koreyadakı hərbi qüvvələri arasında yoluxma hallarının artdığı barədə xəbərdarlıq edib.

Bazar günü Yaponiya rəsmiləri son bir həftə ərzində Okinava prefekturasında ABŞ-ın iki hərbi dəniz bazasında, Futenma və Hansen hərbi hava bazalarında 60-dan çox koronavirusa yoluxma halının qeydə alındığını bildirib. Bazar ertəsi Yaponiyanın Asahi Şimbun agentliyinin bildirdiyinə görə, Futenma bazasında daha 32 yoluxma faktı qeydə alınıb.

ABŞ hərbi qüvvələri hərçiləri və bazalarda işləyən podratçıları ailələri ilə birlikdə Okinavadakı bazadan kənarlaşdıraraq, karantində saxlayır.

Bazar günü keçirdiyi mətbuat konfransında Okinava qubernatoru Deni Tamaki yeni yoluxmalardan şoka düşdüyünü və virusun yayılmasının qarşısını almaq üçün ABŞ ordusunun gördüyü tədbirlərə şübhə ilə yanaşdığını bildirib.

Okinavadakı yoluxma hallarının haradan qaynaqlandığı bəlli deyil, lakin Kyodo xəbər agentliyi ABŞ-ın dəniz piyadası qüvvələrinin testləri pozitiv olan insanlarla təmasda olduğunu bildirib.

ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələri arasında baş verən yoluxma halları daha çox yaxın zamanda ABŞ-dan gələn əsgərlərdən qaynaqlanır.

ABŞ-ın Cənubi Koreyadakı hərbi nümayəndələrinin açıqlamasında deyilib ki, son iki həftə ərzində hərbçi və ya onlarla əlaqədə olan azı 34 nəfərin koronavirusa ABŞ-dan Cənubi Koreyaya gəldikdən sonra yoluxduğu aşkar edilib.

Mənbə: www.amerikaninsesi.org