Ermənistanın təxribatının arxasında nə dayanır?

Politoloqların fikrincə, işğalçı ölkənin təxribatları Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə cavab cəhdidir
İşğalçılıq siyasətindən əl çəkməyən Ermənistan cəbhə xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində təxribatlara ara vermir. İyulun 12-də günorta saatlarında Tovuz rayonu istiqamətində təxribata əl atan ermənilər Azərbaycan Ordusunun müqaviməti qarşılaşıb və xeyli sayda canlı qüvvəsini itirərək geri oturdulub. Onu da qeyd edək ki, Ermənistanın siyasi rəhbərliyi tərəfindən verilən açıqlamalar birmənalı şəkildə Azərbaycana yönəlik olub və özündə sərsəm fikirləri əks etdirib. COVİD-19 pandemiyası dövründə bütün dünyada atəşkəs elan olunduğu vaxtda Ermənistanın belə bir təxribata əl atması müxtəlif suallar yaradır. Ermənistan hakimiyyətinin belə bir təxribat törətməsinin arxasında hansı məqsədlər dayanır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, Ermənistanın növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törətməsi bir neçə amillə bağlıdır: "Birinci amil ondan ibarətdir ki, son illərdə Azərbaycan davamlı olaraq beynəlxalq mövqelərini möhkəmləndirməkdədir. Xüsusilə, münaqişə vəziyyətində Azərbaycanın ədalətli mövqeyi ardıcıl olaraq ən mötəbər beynəlxalq təşkilatlar, platformalar çərçivəsində dəstəklənməkdədir. Xatirinizdədirsə, Azərbaucan Prezidenti tərəfindən may ayının 4-də Qoşulmama Hərəkatına üzv ölkələrinin Təmas Qrupunun Zirvə toplantısında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü irəli sürüldü. Qısa zaman ərzində BMT-yə üzv dövlətlərin böyük əksəriyyəti Azərbaycan Prezidentinin bu təşəbbüsünü yekdilliklə dəstəklədi. Buna qarşı çıxan yeganə dövlət Ermənistan oldu və BMT Baş katibinə xüsusi məktub da ünvanladı, bunun əleyhinə çıxdığını açıq ifadə etdi. Ermənistanı narahat edən məqam ondan ibarətdir ki, Azərbaycan davamlı olaraq özünün beynəlxalq iştirakçılığını genişləndirir, mövqelərini gücləndirir. Bu da gələcək də danışıqlar masası arxasında Azərbaycanın siyasi imkanlarını artırır. Təbii ki, beynəlxalq müstəvidə münaqişənin tənzimlənməsinin yeganə yolunun məhz Azərbaycanın ərazi bütövlüyündən keçdiyi getdikcə daha intensiv şəkildə səsləndirilməkdədir. Ermənistan tərəfi də çox ciddi narahat olaraq bu istiqamətdə özünün də müəyyən siyasi imkanlarını təmin etməyə çalışır. Bu ölkənin başqa cür imkanlarını təmin etmək şansı yoxdur. Bu baxımdan yeganə çıxış yolunu təxribatlar törədərək Azərbaycanın imicinin korlanmasına yönəlik addımlar atılmasında görür”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədən Ermənistan dəqiq bilirdi ki, Azərbaycanın sərt reaksiyası ilə qarşılaşacaq: "Elə bu cür də oldu. Azərbaycan Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldı. İşğalçı Ermənistan növbəti dəfə geri oturduldu. Bunun ardınca Ermənistanın xarici işlər naziri təcili olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasa telefonla zəng edib, guya Azərbaycanı təxribat törətməkdə günahlandırdı. Eləcə də Ermənistan XİN ATƏT-in Minsk qrupunu saxta formada məlumatlandırdı. Bir sözlə, Ermənistan bütün istiqamətlərdə özü təxribat törətdiyi halda, guya təxribatın Azərbaycan tərəfindən törədildiyini dünya ictimaiyyətinə çatdırmağa çalışdı. Təbii ki, artıq Ermənistanın işğalçı obrazı beynəlxalq ictimai fikirdə formalaşıb və bu ölkənin təxribatlarının heç bir siyasi və hərbi nəticəsi olmayacaq. Növbəti dəfə Ermənistan göstərdi ki, təxribatçı, işğalçı dövlətdir. Bu günə kimi danışıqlar prosesində iştirakı sadəcə olaraq imitasiya xarakteri daşıyıb”.
E.Mirbəşir vurğuladı ki, Ermənistan münaqişənin dinc vasitələrlə tənzimlənməsi fikrindən uzaqdır, heç bir halda status-kvonun dəyişdirilməsinə getməyəcək: "Bunu sübut edən digər amil ondan ibarətdir ki, iyul ayının 10-da Ermənistanın prezidenti Sarkisyan qondarma rejimə səfər etdi, orada separatçı bəyanatlar səsləndirdi. O, Qarabağ probleminin həllinin "Artsax”ın güclənməsindən keçdiyini dedi. Artıq siz özünüz üçün Qarabağın "dövlət” kimi statusunu müəyyənləşdirmisinizsə, danışıqlar prosesində niyə iştirak edirsiniz? Ermənistan prezidentinin sərgilədiyi son mövqe, səsləndirdiyi fikirlər aydın nümayiş etdirdi ki, sadəcə olaraq görüntü xatirinə danışıqlar prosesində iştirak edirlər. Bu ölkənin baş naziri Paşinyanın da bütün bəyanatları təxribat xarakterlidir. Məhz Paşinyanın iştirakı ilə Ermənistan Təhlükəsizlik Şurasının iclasında milli təhlükəsizlik strategiyası müzakirə olunan zaman da baş nazirin səsləndirdiyi fikirlər və ümumiyyətlə həmin sənəddə yer alan məqamlar göstərdi ki, Ermənistan bundan sonra da işğalçılıq siyasətini davam etdirəcək. Hesab edirəm ki, bütün bunlar münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu üçün bir siqnal olmalıdır. Yəni, Ermənistana qarşı ciddi təzyiqlərə əl atılmalıdır. Əks təqdirdə, Ermənistan status-kvonu saxlamağa çalışacaq, yenə də təxribatlar törədəcək, sərhəddə, cəbhə xəttində qan töküləcək. Hesab edirəm ki, belə olan halda Azərbaycan hərb yolu seçməli və torpaqlarını işğaldan azad etmək məqsədilə bu qərarı verilməlidir. Eyni zamanda ATƏT-in Minsk qrupunun fəaliyyətindən də imtina olunmalıdır”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, atəşkəsin məhz Tovuz istiqamətində pozulması onu göstərir ki, bu, Ermənistanın əvvəlcədən planlaşdırdığı təxribatdır: "Çünki məsələyə məntiqi yanaşsaq, Azərbaycan Ermənistana hücum edə bilməzdi və bu, ordumuza heç nə vermir. Amma əks istiqamətdə Ermənistanın hücumu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və Azərbaycan Ordusunu təxribata çəkməkdir. Bu onu göstərir ki, əgər Azərbaycan tərəfi istəsəydi, Qarabağ və işğal altında olan rayonlar istiqamətində hücuma keçə bilərdi. Bütün bunların Azərbaycanda baş verən son dəyişikliklərlə bağlı olmasını istisna etmirəm. Ciddi şəkildə Bakıya qarşı təzyiqlər var. Bütün bu olanlar Azərbaycan xalqını Prezident ətrafında daha da sıx birləşməyə və həmrəy olmağa sövq edir”.
Z.Məmmədov vurğuladı ki, Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi, eyni zamanda Rusiya hərbi hava qüvvələrinin bir qrup pilotu ilə ermənilər arasında görüş keçirilib: "Burada biz məsələlərə bir neçə istiqamətdə baxa bilərik. Birincisi, Soros fondu Cənubi Qafqazda Rusiyaya təzyiq etmək üçün ermənilərdən istifadə edir və əsas hədəf regionda Qərb ordusunu yerləşdirərək, buranı Rusiyaya qarşı əraziyə çevirməkdir. İkincisi, Rusiyada olan bəzi ermənipərəst dairələrin cəmiyyətdə iğtişaş yaratmaqla rus ordusunu Ermənistanın digər hissələrində də yerləşdirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Cənubi Qafqaza daxil olmasını təmin etmək istəyidir. Üçüncüsü, Rusiyadakı bəzi qüvvələrin Azərbaycana təzyiq etməsidir. Dördüncüsü, Nikol Paşinyan daxildəki gərgin vəziyyətdən istifadə edərək düşmən obrazı yaradaraq Azərbaycana qarşı təxribata gedir.
Onu da qeyd edim ki, Azərbaycan Ordusu çox ustalıqla düşmən ordusunu dəf edib. Və ermənilərdən fərqli olaraq, Azərbaycan əhalisi həmin gecədən döyüşə hazır olduğunu bildirir. Xalqımızda döyüş ruhu ən yüksək nöqtədədir”.

 

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

Albaniya prezidenti De Byazinin millimizə təyinatından yazdı

SONRAKI XƏBƏR

Misirli professor: Ermənistanın təxribatı göstərdi ki, işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməkdə maraqlı deyil