Millət vəkili Tovuzda: Nikolun planı və erməni itkisi...

Millət vəkili Tovuzda: Nikolun planı və erməni itkisi...

Ağdam kəndi istiqamətində mövqelərimizi atəşə tutan düşmənə layiqli cavab verilib və onların çoxlu itkisi var.

Bunu Axar.az-a ötən gündən başlayan Tovuzun Ağdam kəndindəki erməni təxribatı ilə bağlı danışan millət vəkili Qənirə Paşayeva deyib.

O bildirib ki, işğalçı Ermənistan itkilərini açıqlamır:

“Amma bunu uzun müddət gizli saxlaya bilməyəcəklər. İtkiləri kifayət qədər çoxdur. Layiq olduqları cavabı alıblar. Bizim də qeyrətli oğullarımızdan 4 hərbi qulluqçumuz şəhid olub, 3 yaralı əsgərimiz var. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Onlar qarşısında baş əyirik. Şəhidlərimizdən biri - Elşad Məmmədov ön cəbhədə, elə bu kənddə (Ağdam kəndi) yaşayan ailənin övladı idi. Biz günorta onun dəfn mərasimində iştirak etdik. Ağdam kəndi qəhrəman kəndlərimizdən biridir. Müharibənin ən qaynar zamanlarında da insanlarımız kəndimizi tərk etməyib. Ermənilər burada çox dəhşətli vandalizm aktlarına əl atırlar. Qəbiristanlığı yandırırlar, su mənbələrini vururlar, yay aylarında atəş açaraq yanğınlar törətməyə cəhd edirlər. Amma heç vaxt bu kəndin əhalisi evini tərk etmir. Bu kəndin sakinləri ordumuza, dövlətimizə inanır və güvənirlər. Bu kənd tək Tovuz üçün deyil, bütün bölgə üçün strateji yaşayış məntəqəsidir”.

Millət vəkili insanlarımızı ermənilərin və onların havadarlarının yaydığı dezinformasiyalara inanmamağa çağırıb:

“Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, işğalçı Ermənistan 1 qarış torpaq da ala bilməyib. Hər şey ordumuzun nəzarəti altındadır. Xalqımızdan xahiş edirəm ki, dezinformasiyalar yaymasınlar. Tam əksinə, işğalçı ermənilərin törətdikləri vandalizmi özündə əks etdirən məlumatları paylaşsınlar”.

Ermənistanın daxildəki böhrandan diqqəti yayındırmaq üçün belə təxribat törətdiyini bildirən millət vəkili onu da qeyd edib ki, bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib:

“İşğalçı Ermənistan hakimiyyəti daxildə yaranmış ağır siyasi-iqtisadi böhrandan, həmçinin COVİD-19-a görə düşdüyü çıxılmaz vəziyyətdən ictimaiyyətin diqqətini yayındırmaq üçün bu təxribata əl atdı. Sonra da bu təxribatı Azərbaycanın üzərinə ataraq, daxili narazılıqları yatırmaq istəyir. Diqqət etdinizsə, Paşinyan xalqa bir neçə dəfə müraciətində orduya və hökumətə dəstək xahiş etdi. Bu özü də sübut edir ki, hətta bu təxribat belə gözlənilən nəticəni verməyib. Əksinə, təxribatçı hərəkət erməni hökumətinin əleyhinə işləyib. Bu planlarının alınmamasına səbəb Ordumuzun onlara layiq olduqları cavabı verməsidir.

Azərbaycan bütün beynəlxalq təşkilatlara müraciət edib. Ermənilərin təxribatını özündə əks etdirən video-foto materiallar var. Bütün məlumatlar beynəlxalq təşkilatlara çatdırılacaq. Ali Baş Komandanın dediyi kimi, beynəlxalq təşkilatların nümayəndələrinə bütün bunlar yerində də göstəriləcək. ATƏT-in Minsk Qrupunun həmsədrlərinə seçicilərim və eyni zamanda bütün azərbaycanlılar adından çağırış edirik ki, ikili standartlara son qoysunlar. Azərbaycanlılar gözləyir ki, onlar bu təxribatlara çox sərt etirazlarını bildirsinlər. Əks təqdirdə - yenə susqunluq nümayiş etdirəcəklərsə, Azərbaycanın qeyrətli oğulları və qızları düşmənə daha da ağır cavab verəcək.

Tovuzda posta gənclərimiz və qazilərimiz üz tutur. Onlar hamısı bir şeyi deyir ki, Ali Baş Komandana torpaqlarımızı qorumağa, düşmənə cavab verməyə hazır olduğumuzu çatdırın. Tək Tovuzdan deyil, digər bölgələrimizdən də oğullarımız gəlir bura. Ağstafadan olan şəhidimiz - Vüqar Sadıqovun da ailəsini ziyarət etdim. Orada da eyni mənzərədir”.

Mənbə: axar.az