"Genişmiqyaslı hərbi əməliyyatların başlanması istisna deyil"

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi əməliyyatlar davam edir. Ermənistan hərbi birləşmələrinin təxribatına qarşı Azərbaycan ordusu cavab zərbələri endirir.
Hərbi-siyasi ekspert Ramil Məmmədli AYNA-ya açıqlamasında deyib ki, belə bir şəraitdə Azərbaycan öz ərazilərini müdafiə etmək məcburiyyətindədir: “Öz ərazilərimizi müdafiə etməklə yanaşı, həm də həmin istiqamətdə bu cür hadisələrin yenidən təkrar olunmaması üçün bizə lazım olan mövqelər ələ keçirilməlidir. Hesab edirəm ki, Azərbaycan ordusu hal-hazırda da bu istiqamətdə müəyyən addımlar atmaqda davam edir”.
“Bununla yanaşı, əgər Azərbaycan təzyiqi artırsa, hər zaman olduğu kimi Ermənistan yenə də öz havadarlarına müraciət etmək məcburiyyətində qalacaq. Ermənilərin sahibləri isə 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də vasitəçilik missiyasını həyata keçirməyə başlayacaqlar. Lakin proseslər belə davam edərsə, genişmiqyaslı hərbi əməliyyatların başlanması istsina edilmir”, - müsahibimiz bildirib.


O, hesab edir ki, Ermənitanın irimiqyaslı hərbi əməliyyatlar aparmaq imkanı yüksək deyil: “Çünki müharibənin aparılması üçün ilk növbədə maddi vəsait lazımdır, iqtisadiyyat güclü olmalıdır və daxili siyasətdə ictimai-siyasi vəziyyət ürəkaçan olmalıdır. Ermənistanda isə bu məqamlarla bağlı ciddi problemlər var və pandemiya dövründə Ermənistanın itirdiyi maddi vəsaitləri nəzərə alsaq, Ermənistanın irimiqyaslı hərbi əməliytatlar aparmaq imkanının olmadığını görərik”.
Məmmədli müharibə şəraitində hərbi sirlərin qorunması ilə bağlı məqamlara da toxunub: “Azərbaycan Respublikası hərbi sirlərin yayılmasının qarşısının alınması ilə bağlı 2015-2016-cı illərdə də müəyyən tədbirlər həyata keçirib. Lakin sosial şəbəkələrə nəzarət imkanı zəif və qeyri-mümkündür. Digər tərəfdən, internet resurslarının fəaliyyətinin dayandırılması, qadağan olunması beynəlxalq aləmdən Azərbaycanın təcrid edilməsi deməkdir”.

“Ona görə də burada yeganə yol təxribat xarakterli fikirlərə uymamaqdır ki, bunun üçün də vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Çünki həmişə olduğu kimi ermənilərdən daha təhlükəli və daha qorxulu olan onlara və Azərbaycanın digər düşmənlərinə xidmət edənlərin dezinformasiyalarıdır ki, onlara da fikir verməmək lazımdır”, - analitik vurğulayıb.

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Niderland diasporasından dəstək - VİDEO

SONRAKI XƏBƏR

"KTMT Azərbaycana qarşı müharibəyə getməyəcək" - Trofimçuk