COVID-19 dövlətlərin bir nömrəli düşmənidir ÜST RƏHBƏRİ DEDİ

COVID-19 dövlətlərin bir nömrəli düşmənidir  ÜST RƏHBƏRİ DEDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının lazımi qədər ciddiyə alınmamasına dair xəbərdarlıq edib. Beynəlxalq qurumun rəhbəri Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə dünyanın əvvəlki normal vəziyyətə asanlıqla qayıtmayacağını bildirib.

T.Qebreyesus brifinqdə hazırda yeni növ koronavirusu bir nömrəli dövlət düşməni adlandırıb. Qeyd edilib ki, həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə etinasız yanaşmaq olmaz, əks halda, pandemiya ilə bağlı vəziyyət getdikcə daha da pisləşəcək. İnsanlar əsas qaydalara riayət etməlidirlər: sosial məsafəni qorumaq, əlləri yumaq və tibbi maskadan istifadə etmək.
ÜST-nin rəhbəri qeyd edib ki, Avropa və Asiyada bir sıra ölkələr infeksiya hallarını nəzarət altına almağı bacarsalar da, bir çox dövlətlər yanlış istiqamətdə hərəkət edirlər. Buna görə də dünya üzrə yeni yoluxma halları cəmi beş gün ərzində bir milyon artıb. Onun sözlərinə görə, hökumətlər bu gərgin dövrdə aradakı etimadı itirməmək üçün ölkə vətəndaşları ilə kommunikasiyanı aydın qurmalıdırlar.
Qeyd edək ki, ÜST iyulun 12-də dünya üzrə gündəlik yoluxma hallarında yeni rekord (230 min yoluxma halı) qeydə alıb, indiyədək virusa yoluxanların sayı isə 13 milyon nəfəri ötüb.

Mənbə: virtualaz.org