22 MİLYONA PREZİDENT SARAYI, 100 MİLYONA PARLAMENT BİNASI…- Çin Afrika liderlərinin dəstəyini necə satın alır?

22 MİLYONA PREZİDENT SARAYI, 100 MİLYONA PARLAMENT BİNASI…- Çin Afrika liderlərinin dəstəyini necə satın alır?

Çin hökuməti Afrika ölkələrinin bu ilin sonuna qədər ödəməli olduğu kredit borcunu siləcək. Bu barədə Çin lideri Si Tsizinpin özü açıqlama verib. Çin bu addımı Afrika liderlərinin borcların silinməsi və ya ertələnməsi ilə bağlı “Böyük iyirmiliyə” çağırışına cavab olaraq atdığını deyir. Ekspertlər isə bunu Çinin Afrika ölkələri ilə “dostluq” münasibətlərinin tərkib hissəsi sayır. Yeri gəlmişkən, Çin hökuməti və bankları 2000-2017-ci illər ərzində “Qara qitədəki” dövlətlərə 150 milyard dollara yaxın kredit ayırıb.

Çinin Afrika dövlətlərinə yönələn jestləri bununla məhdudlaşmır. Məlum olur ki, uzun illərdir rəsmi Pekin “saray diplomatiyası” vasitəsilə Afrika liderlərinin dəstəyini satın almağa çalışır. Sən demə, son 50 ildə Çin Afrikanın dövlət başçıları üçün 24 iqamətgah inşa edib və bunların əksəriyyəti onlara hədiyyə olunub.

Rüşvət və səxavətli hədiyyələr sayəsində Çin həm bu qitədə iri infrastruktur layihələrini udub, həm də BMT-də Afrika ölkələrinin səslərini qazanıb.

Müşahidəçilərin sözlərinə görə, ötən il Burundidə 22 milyon dollarlıq yeni prezident sarayı inşa olunub. Bu yaxınlarda Zimbabvedə istifadəyə veriləcək 6 mərtəbəli parlament binası isə 100 milyon dollara başa gəlib.

Hazırda Liberiyada yerli Kapitoli üçün iki yeni korpus inşa olunur və bu layihənin dəyəri 66 milyon dollardır. Bütün bu lüks tikililəri birləşdirən ortaq nöqtə odur ki, hamısı Çin hökumətinin Afrika dövlətlərinə hədiyyəsidir…

 

Ekspert Coşua Meservinin hesablamalarına görə, 1966-cı ildən bəri Çin şirkətləri Afrikadakı 186 hökumət binasının, o cümlədən 24 dövlət başçısının iqamətgahının inşasında və ya təmirində iştirak ediblər. Ən azı 45 layihənin xərcləri Pekin tərəfindən tam və ya qismən ödənilib.

“Saray diplomatiyası” ilə yanaşı, Çin verdiyi rüşvətlərin köməyi ilə də Afrika liderlərinin etimadını qazanır.

Tədqiqatçının sözlərinə görə, bu yolla onlar Botsvana, Malavi, Namibiya, Somali və Zambiyanın hakim dairələrinə çıxış əldə ediblər. Məlum məqsədlər üçün orijinal bəxşişlərdən də istifadə olunur. Məsələn, vertolyot hədiyyə etmək və ya nüfuzlu siyasətçilərin toylarının təşkili.

Pekin bu qitə üçün vacib olan infrastruktur layihələrini də unutmur. Əksər hallarda yol, körpü və telekommunikasiya şəbəkələrinin inşası ilə Çin məşğul olur.

Bütün bunlarla yanaşı, demək olar ki, bütün müstəqil Afrika dövlətləri Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tərəfdaşlığa hazır olduqlarını elan ediblər. 2018-ci ildə isə Çin Afrika ölkələrinə kreditlər, subsidiyalar və investisiyalar şəklində 60 milyard dollar ayırmağa hazır olduğunu bəyan etdi.

Üstəlik, əlamətdar infrastruktur layihələrinin başa çatma tarixi adətən seçkilərin vaxtına uyğunlaşdırılır ki, qitə dövlətlərinin iqtidarları özlərinə xal qazana bilsinlər.

Ekspertlər əmindirlər ki, Çinin məqsədi inkişaf etməkdə olan ölkələrin koalisiyasını yaratmaqdır. Afrika dövlətlərinin BMT, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq təşkilatlardakı səsləri Pekinə diplomatik təşəbbüslərə dəstək qazanmağa və Qərbin tənqidlərindən qorunmağa da imkan verir.

Məsələn, 2019-cu ildə Çinin uyğurlara qarşı siyasətini müdafiə edən qətnaməsinə atılan imzaların təxminən yarısı Afrika dövlətlərinin payına düşmüşdü.

“Qara qitənin” liderləri Pekinin namizədlərinin BMT-dəki əsas vəzifələrə yerləşdirilməsinə də kömək edirlər. Ümumdünya Səhiyyə Təşkilatının hazırkı rəhbəri Tedros Gebreyesus və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Qu Dongyuy Çinə həddən artıq loyal olmaqda şübhəli bilinirlər.

Onlar bu postlara Afrika ölkələrinin səslərinin köməyi ilə namizəd göstərilmişdilər.

Afrikadan olan dostların dəstəyi Pekinə Vaşinqtonun reallaşdırmağa çalışdığı beynəlxalq təcridə qarşı duruş gətirməyə də imkan verir. Çin Qərbin demokratik modelinə qarşı avtoritar dövlətlərin dairəsi ilə müqavimət göstərir. ABŞ tərəfindən hər hansı ticarət məhdudiyyəti tətbiq olunanda da, ixracının bir hissəsini az inkişaf etmiş ölkələrə yönəldə bilir.

Çinin Afrika liderləri ilə “saray diplomatiyası” üzərində qurulan münasibətləri Quançjoudakı insident (qaradərililərə qarşı ayrıseçkilik) sonrası da korlanmadı. Çindəki Afrika diplomatları etirazlarını bildirsələr də, sonda Pekinin üzr istəməsi ilə qane olub hadisəni böyütmədilər.

Son illərdə Rusiya da Afrika qitəsində möhkəmlənməyə çalışır. Ötən il Soçidə onlarla dövlət başçısının qatıldığı ilk Rusiya-Afrika sammiti keçirildi. Lakin görünən odur ki, Moskva bu ölkələrə Çin kimi səxavətli sərmayələr yatırmağa, onlara saraylar və vertolyotlar kimi, hədiyyələr etməyə hazır deyil.

Pekin Afrika dövlətləri ilə onillərdir münasibətlər qurur. Və yaxşı başa düşür ki, əsas diqqəti avtoritar liderlərlə şəxsi münasibətlər qurmağa yönəltmək lazımdır. Çinin məlum səyləri fonunda Rusiyanın “Qara qitədə” möhkəmlənmək cəhdləri isə olduqca solğun görünür…

Tərcümə Strateq.az-ındır

Mənbə: strateq.az