Fransada pensiya islahatı yenidən gündəmə gətirilir

Fransada pensiya islahatı yenidən gündəmə gətirilir

Paris, 14 iyul, AZƏRTAC

Pensiya islahatı mütləq zərurətdir. Defisit olduğunu, eləcə də hamımızın uzun ömür yaşadığını görürük. Fransanın iqtisadi dirçəlişinin şərti kollektiv şəkildə daha uzun müddət işləməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransanın İqtisadiyyat naziri Brüno Lö Mer pensiya islahatları ilə bağlı açıqlaması zamanı söyləyib.

Fransanın yeni Baş Naziri Jan Kasteks də təyin olunandan pensiya sistemindəki defisitlərə baxılmasına dair qətiyyətli mövqeyini göstərib.

Bildirib ki, xüsusi rejimli pensiya islahatına yenidən baxılacaq. Həmkarlar təşkilatları isə bu mövzunu payızdan əvvəl tərpətməməyi məsləhət görüblər. Qeyd ediblər ki, bu məsələnin indiki vəziyyətdə yenidən gündəmə gətirilməsi koronavirus epidemiyası nəticəsində üzləşilən iqtisadi dirçəlişi ləngidə bilər.

Pensiya üzrə Şuranın (COR) ilkin hesablamalarına görə pensiya sahəsində defisit bu il 30 milyard avroya çatacaq. Sanitar böhrandan əvvəl bu məbləğ 4 milyard ehtimal olunurdu.

Xatırladaq ki, Fransada pensiya islahatlarına qarşı “sarı jiletlilər” adlanan etiraz nümayişləri ölkədə ən uzun müddət davam edən etiraz nümayişi hesab olunur. Hər şənbə günü toplaşan etiraz nümayişləri COVID-19 epidemiyasına görə səngiyib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az