Bəzi ABŞ konqresmenləri Ermənistana dəstək ifadə etdilər

Bəzi ABŞ konqresmenləri Ermənistana dəstək ifadə etdilər

“Mən öz ərazi bütövlüyünü qoruyan Ermənistanla çiyin-çiyinə dayanıram,” ABŞ-ın Massaçusetts ştatının Demokrat Senatoru Ed Markey bəyan edib. “Azərbaycan və Türkiyə Ermənistan-Azərbaycan sərhədinə hörmət etməlidir, Dağlıq Qarabağın erməni xalqının istəklərinə hörmət etməli və bu konflikti dərhal de-eskalasiya etməlidirlər.”

Kaliforniya ştatından Nümayəndələr Palatasının üzvü Adam Şiff də Ermənistana dəstək ifadə edib.

“Mən son günlərdə Azərbaycanın Ermənistanla sərhəd boyunca təxribat xarakterli və destabilləşdirici addımlarından, o cümlədən erməni əsgərləri artilleriya atəşinə tutmasından çox narahatam,” Konqres üzvü Şiff Facebook postunda yazıb.

“Bu əməllər əsgər və mülki vətəndaşların həyatlarını riskə qoyur və ələlxüsus qlobal panedmiya dönəmində regionu viran qoya biləcək konfliktin nəzarətdən çıxma təhlükəsini artırır.”

Onun sözlərinə görə, baş verənlərə “Azərbaycanın Ermənistan və Artsaxa qarşı müntəzəm olaraq hədələyici ritorikası kontekstində” baxmaq lazımdır.

“Mən Dövlət Departamentini bütün tərəflərə zorakılıqdan çəkinməyin, diplomatiyanın və gərginliklərin azaldılmasının vacibliyini aydın etməyə çağırıram,” Adam Şiff əlavə edib.

Rəsmi Vaşinqtonun Mövqeyi

“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan beynəlxalq sərhədində baş verən zorakılıqları ən qəti şəkildə qınayır.”

Bu bəyanatla ABŞ Dövlət Departamenti çıxış edib.

“Biz tərəfləri dərhal qüvvədən istfadəni dayandırmağa, mövcud birbaşa kommunikasiya kanallarından istifadə edərək eskalasiyanın qarşısını almağa və atəşkəsə ciddi şəkildə riayət etməyə çağırırıq.”

Bəyanatda qeyd olunur ki, ATƏT Minsk Qrupunun həmsədri olaraq Birləşmiş Ştatlar Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə dayanıqlı şəkildə həll edilməsinə sadiq qalır.

“Biz həmin məqsədə nail olmaq üçün aktiv şəkildə səylərimizi davam etdirəcəyik.”

Rəsmi Vaşinqton Minsk Qrupu həmsədrlərinin danışıqları bərpa etmək çağırışına qoşularaq tez bir zamanda ATƏT monitorlarının regiona qayıtmasının əhəmiyyətini vurğulayıb.

Mənbə: www.amerikaninsesi.org