Prezident İlham Əliyevin qlobal həmrəyliyə töhfəsi

Prezident İlham Əliyevin qlobal həmrəyliyə töhfəsi

Dünya ictimaiyyətini təşvişə salmış koronavirus pandemiyası hələ də ağır fəsadlar törətməkdə davam edir. Dünya sanki bu virusun qarşısında aciz qalıb. Ancaq mübarizə davam edir. Ümumdünya Səhiyyə Təşkiatı mütəxəssislərinin də qeyd etdiyi kimi, Azərbaycanın bu istiqamətdə apardığı mübarizə inkişaf etmiş dünya ölkələrinə nümunədir. Respublikamız bu mübarizədə həmrəylik nü­mayiş etdirərək, ÜST-ə 10 milyon ABŞ dolları ianə vermiş, 30-dan çox ölkəyə humanitar yardım göndərmişdir. Bundan başqa, möhtərəm Prezidentimiz koronavirus pandemiyası ilə mübarizə məsələləri ilə bağlı mühüm təşəbbüslərlə çıxış edib. Dövlətimizin başçısının təşəbbüşü ilə iki mühüm beynəlxalq təşkilatın – Türk Şurası və Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən zirvə görüşləri COVID-19-la mübarizəyə həsr olunmuşdu.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Dövlət başçımızın bu təklifi Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə qəbul olundu və xüsusi sessiyasının keçirilməsi ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlandı.

Müvafiq prosedurlardan keçdikdən sonra 130-dan çox ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə rəsmi şəkildə dəstək verdi. Bu, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə və onun liderinə olan böyük etimadın növbəti göstəricisi idi. Artıq bir neçə gündür ki, xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar hazırlıq işlərinə başlanılıb.

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürülür və bu istiqamətdə əməli işlər görülür. Bəşəriyyəti təhlükəyə salmış pandemiya insanların həyatını təhlükə altına qoyaraq ciddi sağlamlıq problemləri yaratmaqla yanaşı, bir sıra sosial, iqtisadi və humanitar fəsadlar da doğurub. Belə bir şəraitdə ümumi həmrəyliyə və qlobal baxışa ehtiyac yaranıb. Dövlət başçımızın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər, bu baxımdan, mühüm əhəmiyyət kəsb edir və bəşəriyyətin xilası məqsədini daşıyır. Diqqət çəkən məqamlardan biri də bu tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların yüksək çinli nümayəndələr səviyyəsində təmsil olunmasıdır.

Koronavirus təkcə yoluxucu, qorxulu, ölümcül zərbə vuran xəstəlik deyil, eyni zamanda, son dərəcə sarsıdıcı təhlükələr yaradan, dövlətləri özünütəcridə məcbur edən pandemiyadır. Belə bir məqamda isə bütün dünyanın qəbul etdiyi liderin və ya liderlərin təşəbbüslərinə, həmrəylik çağırışlarına böyük ehtiyac duyulur. Prezident İlham Əliyev, məhz elə liderlərdəndir ki, forsmajor durumlarda, çətin məqamlarda onun söylədiyi hər söz, irəli sürdüyü hər ideya bəşəriyyət tərəfindən qəbul olunur, hörmətlə qarşılanır, dəstək qazanır.

Hesab edirəm ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi pandemiya ilə mübarizəyə öz töhfəsini verəcək. Hazırda koronavirus pandemiyasının davam etməsi BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində dövlət və hökumət başçılarının təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən bu bəladan çıxış yollarını birgə müzakirə edilməsinə və həll yollarının tapılmasına həqiqətən də böyük tələbat var.

Ümid edirəm ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə sanballı kömək olacaq. Bu məsələdə dünya ölkələrinin sıx əməkdaşlığı qaçılmazdır.

Kamilə ƏLİYEVA,
Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor

Mənbə: xalqqazeti.com