Rusiyanın bığının altından min dəfə keçsək də xeyri olmayacaq...

Rusiyanın bığının altından min dəfə keçsək də xeyri olmayacaq...

"Rusiya Paşinyana nifrət edə bilər, amma Ermənistan sevgisindən vaz keçmək niyyətində deyil"

Qarabağ ermənisi sakitçilkdən bezib Tavuşda döyüşməyə hazırlaşır...

Xalq da dəniz kimidi, ona nə qədər haqsızlıq etsəniz də, məmurlar onun başında qoz sındırıb, cibində siçanlar oynatsalar da, xalq VƏTƏN məsələsində təmiz xalqdır...

Qarabağ cəbhəsində sakitlik davam edir. O qədər sakitlikdir ki, Xankəndi erməniləri Tovuzla sərhəd olan Tavuş bölgəsindəki ermənilərə kömək etmək arzularını bildiriblər. Təzə qondarılan prezident Arutunyanın mətbuat katibi Vaqram Poqosyan sosial şəbəkədə yazır ki, Tavuş bölgəsində atəş davam etdikcə hərbi qulluqçuların valideynləri “artsax-Azərbaycan sərhədindəki vəziyyətlə” maraqlanırlar. Poqosyan: ”narahat olmayın, bütün sərhəd boyunca nisbi sakitlikdi” - deyir. Sonra da bizi hədələyir:

”Əgər vəziyyət bir neçə saatdan sonra normallaşmasa, (fikir verin - “bir neçə saatdan sonra” - hədəyə, arxayınçılığa bax) artsax könüllüləri tavuşlu qardaşlarımıza səngərdə dəstək verməyə hazırdır”.

Kəlbəcərdən Zəngilanadək sakitlikdir. Erməni Qarabağda papağını yan qoyub gəzir, bizi də təcavüzkar göstərmək üçün dövlət sərhədində hər cür təxribata əl atır, Qarabağ ermənisi isə sakitçilkdən bezib Tavuşda döyüşməyə hazırlaşır.

 

Artıq bir ilə yaxındır ki, Ermənistan-Azərbaycan dövlət sərhədində təxribatlar davam edir və Tovuz rayonunda baş verənləri, hələlik düşmənin bu təxribatlarının pik nöqtəsi hesab etmək olar.Hələlik! Bundan sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. Fikirləşirsən ki, bu bir ildə sərhəd təxribatlarının qarşısını almaq üçün hadisələr birbaşa Qarabağ cəbhəsinə niyə yönəldilməyib? Bu çoxsaylı təxribatların qarşısını almağın yeganə yolu elə həmin an Qarabağ cəbhəsində düşmənin ən azı döyüş məntəqələrini, atəş nöqtələrini susdurmaq, düşmənin canlı qüvvəsinin itkisi ilə müşahidə olunan əməliyyatların keçirilməsi idi. Əgər bu günədək belə bir addım atılsaydı, Tovuzda bu təxribat baş verməz, 4 şəhidimiz olmazdı.

Və ən əsası, bu səbəbdən görün işğal olunmuş Qarabağda erməni özünü nə qədər rahat hiss edir ki, hətta durub Qarabağdan Tavuşa köməyə getmək istəklərini bildirir və bəlkə də artıq gediblər, çünki getmək zamanını saatlarla hesablayırlar.

Sərhəd bölgəsində təxribatın qarşısını almağın ən doğru yolu Qarabağ cəbhəsində dayanmadan düşmənin səngərlərini, qanunsuz məskunlaşdıqları yerləri atəşə tutmaqdır. Əks zərbələri dəf etmək üçün bizim mülki əhalinin yaşadığı yerlərdə mülki müdafiə obyektləri çoxdan tikilməliydi. Müharibədisə müharibəyə uyğun iş görmək lazımdır. Minsk Qrupundan bizə haray yoxdu, olmayacaq da. Rusiyanın bığının altından min dəfə keçsək də, (necə ki, keçirik) xeyri olmayacaq. Rusiya Paşinyana nifrət edə bilər, amma Ermənistan sevgisindən vaz keçmək niyyətində deyil. Bu sevginin qarşısında bizim Seyidov zamanını gözləməyimiz yalnız acı gülüş doğurur.

Tovuz hadisələri ilə, təxribatla ermənilər arzuladığımız “beynəlxalq şəraiti” öz əlləri ilə bizə hədiyyə etməyiblərmi? Artıq həmən beynəlxalq aləmə deməyə sözümüz var: Ermənistan yalnız Qarabağa deyil, ölkənin başqa ərazilərinə də hücum edir, sülh danışıqlarından imtina edir, Qarabağın müstəqilliyinə məhdudiyyət qoyulmayacağını yeni qəbul etdikləri milli təhlükəsizlik konsepsiyasında göstərirlər və bizim başqa yolumuz qalmayıb. Yoxsa Sergeylərin ağzına baxacağıqsa, Qarabağı unudun. 2016-da SERGEY Şoyqu dayanmaq əmri verdi, indi də SERGEY Lavrov sərt şəkildə deyir ki, atəşi dayandırın.

Sərhəddə dayandıraq, Qarabağda başlayaq! Xalqın ruhu ortadadır. Şair Əli Kərimin xatırladığım bir şeiri vardı. Məzmunu belə idi ki, dənizə hər cür zibili atırlar, amma dəniz zibillənmir, dənizliyini qoruyur, saflaşır. Xalq da dəniz kimidi. Ona nə qədər haqsızlıq etsəniz də, məmurlar onun başında qoz sındırıb, cibində siçanlar oynatsalar da, xalq VƏTƏN məsələsində təmiz xalqdır. Bütün pislikləri unudub, vətən yolunda can verməyə hazırdır, necə ki, bu günlərdə vətən üçün ayaqda olduqlarını sübut etdilər.

Bir az siyasətiniz, bir az diplomatiyanız, bir azca da VƏTƏN sevginiz olsun, cənablar!

İlham İsmayıl

Mənbə: moderator.az