Azərbaycan analarına müraciət edən Paşinyanın həyat yoldaşına CAVAB

Azərbaycan analarına müraciət edən Paşinyanın həyat yoldaşına     CAVAB

Azər İsmayıl

Ermənistandan olan bir qadın, daha doğrusu, ölkənin baş nazirinin həyat yoldaşı Anna Akopyan, azərbaycanlı anaları müharibədən çəkinmək üçün Azərbaycan ordu rəhbərliyinə müraciət etməyə çağırıb.

Bəli, etiraf etməliyik, hümanist mövqedir. Lakin erməni qadınları da və şəxsən Siz, xanım Akopyan, Ermənistanın siyasi elitasına səslənməlisiniz kii, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı iddialarından əl çəksinlər və Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının subyekti olan Dağlıq Qarabağ ərazisini və işğal olunmuş ətraf rayonları tərk etsinlər.

Niyəsini deyəcəyəm.

Bu qanuni və tarixi əsası olmayan iddia mövcud olduqca:

1) Bölgədə sülh və əminamanlıqdan danışmaq ağılsızlıqdır və hər yeni atışmalar yalnız yeni ölümlərlə nəticələnəcək, bu da nifaqı daha da dərinləşdirəcək;

2) Bütövlükdə bölgə çiçəklənməyəcəkdir. Konflikt iştirakçılarından heç biri iqtisadi sabitlik və zəmanətli investisiya gözləməyə bilər;

3) Demokratiya olmayacaq. Hətta demokratik şəkildə hakimiyyətə gələn Paşinyanın populizmə sürükləndiyini və artıq Rusiya Federasiyasının avtoritar hökmdarının zurnasına rəqs etməyə məcbur olduğunu görürük;

4) Rusiya haqqında danışırıqsa, nəzərə alacağıq ki, bu müharibə davam etsə də, dondurulsa da, qonşu və eyni zamanda müharibə edən ölkələr tam müstəqillik əldə edə bilməyəcəklər. SSRİ-nin və bəlkə də Rusiya İmperiyasının mütləq varisi bölgəni basqı altında saxlayacaq;

5) 4-cü bəndin mahiyyətindən nəinki biz, vuruşan tərəflər, əziyyət çəkirik, həm də demokratiyanın qurulması üçün əlindən gələni edən Gürcüstan da zərbə altında qalır.

Sonda, çox hörmətli xanım Akopyan, bəyəm ermənilər Azərbaycanın tərkibində pis yaşayırdılar? Ölkəmizin bütövlüyünə qarşı baş qaldırmazdan əvvəl, o uzaq xoş keçmiş günlərdə, hər hansı ayrıseçkilik hiss etmişdinizmi tərəfimizdən? Bu mübahisə sona çatacaq, ümid edirəm gələcəkdə qan olmadan, hər şey yaxşı olacaq. Biz, bəli, özümüz gələcək xoşbəxtliyimizin bənnaları olacağıq. Səslənin, çox hörmətli xanım Akopyan, səslənin özünüzünkülərə başqasının zurnasınana rəqs etməyi dayandırsınlar.

Və hər şey yolunda olacaq!

Mənbə: pravda.az