Xəyanətdən danışmaq panika və daxili təxribatlar yaymağa bərabərdir-Nazim Bayram

Xəyanətdən danışmaq panika və daxili təxribatlar yaymağa bərabərdir-Nazim Bayram

Dostlar, sosial şəbəkə çox fəaldı. Burada səslənən və yayılan bəzi ziyanlı yanlışlıqlar dərhal reaksiya tələb edir. Ona görə hələlik təhlillə bölüşmək gözləsin, hərblə bağlı cari məsələlərə aydınlıq gətirək.

Bunlardan biri, "necə ola bilər ki, generallar, yüksək rütbəli zabitlər vurulsun?" Çox sadə. Müharibədə məhz belə olur. Hərbi planlarda qarşı tərəfin Komanda Məntəqələri(KM) prioritet hədəflərdən biridir və ilkiidir. Düşmən, havadan apardığı kəşfiyatla çalışır ilk növbədə bizim KM-i təsbit etsin. Bizim də PUA-lar eyni işi görürlər. PUA-dan ötürülən koordinatlarla artilleriya yaxud başqa vasitələrlə hədəflərə zərbə endirilir. Bu bir hərb işidir.

Toxunmaq istədiyim digər məsələ yuxarıdakı ilə bağlıdır. Bəziləri, "niyə, necə vurulublar?!" davamında deyirlər, "xəyanət olub".

Birincisi, müharibədə necə vurulur, niyə vurulur yuxarıda qısa açıqladım.

İkincisi, bunları bilmədən, anlamadan, ölkənin, hamının fikri cəbhədə olan vaxt xəyanətdən danışmaq panika və daxili təxribatlar yaymağa bərabərdir, bu isə yalnız və yalnız düşmənə hava-su kimi lazım olandır. Belə təxribatçılar və onların şübhələrini, şayiələrini bilmədən yayanlar düşmənə işləyirlər. Bunu qətiyən şişirtmədən deyirəm.

Hərbçi kimi deyim millət müharibə şəraitində necə olmalıdır.

1.Diqqətli, soyuqqanlı olmalı, ağrılarını, narahatçılıqlarını nə düşmənə, nə cəmiyətə bildirməməlidir (zarımamalıdı, çünki zatən hamıya ağırdı)

2. Mənfi bir söz eşidəndə, o saat yaymamalıdı, səbrini basıb, səhv-düz çıxacağını gözləməlidi. Bunlar müharibə şəraitinin elementar tələbləridir. Baxmayın ki, kimsə bunlara riayət edir ya yox, siz edin, hər kəs öz payına eləsin. O zaman ortam durular, aramızdakı təxribatçıları təsbit edərik.

 

Nazim Bayram

Qarabağ Qazisi

Mənbə: www.miq.az