"Minsk Qrupundan imtinanın vaxtı çatıb" - AÇIQLAMA

"Minsk Qrupundan imtinanın vaxtı çatıb"  - AÇIQLAMA

İki gündür ki, Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza təcavüzü davam etsə də, münaqişənin nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupunun ciddi reaksiyası ortada yoxdur.

Azərbaycan silahlı qüvvələrinin yüksək rütbəli general və mayorlarının, mülki şəxsin qətlə yetirildiyi təcavüzlə bağlı Minsk Qrupu həmsədrlərinin verdiyi açıqlama ənənəvi xarakter daşıyıb.

Xatırladaq ki, ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı bəyanat yayıblar. Bəyanatda sərhəddə baş verən atəşkəsin pozulması nəticəsində həyat itkisi baş verdiyi və ağır artilleriyadan istifadə olunduğu vurğulanır.

Həmsədrlər toqquşmalarda ailə üzvlərini itirənlərə başsağlığı verərək kədərlərini ifadə ediblər:"Minsk Qrupu həmsədrləri baş vermiş atəşkəs pozuntularını pisləyir və tərəfləri eskalasiyasının qarşısını almaq üçün bütün mümkün tədbirlər görməyə, o cümlədən mövcud birbaşa kommunikasiya xətlərindən istifadə etməyə çağırırlar".

Həmsədrlər həmçinin tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırıblar.Minsk Qrupunun həmsədr ölkələrindən biri olan ABŞ-ın Dövlət Departamentinin açıqlaması da ənənvi xarakterli olub:“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan beynəlxalq sərhədində baş verən zorakılıqları ən qəti şəkildə qınayır. Biz tərəfləri dərhal qüvvədən istfadəni dayandırmağa, mövcud birbaşa kommunikasiya kanallarından istifadə edərək eskalasiyanın qarşısını almağa və atəşkəsə ciddi şəkildə riayət etməyə çağırırıq”.

Bəyanatda qeyd olunur ki, ATƏT Minsk Qrupunun həmsədri olaraq Birləşmiş Ştatlar Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə dayanıqlı şəkildə həll edilməsinə sadiq qalır: “Biz həmin məqsədə nail olmaq üçün aktiv şəkildə səylərimizi davam etdirəcəyik”.

Rəsmi Vaşinqton Minsk Qrupu həmsədrlərinin danışıqları bərpa etmək çağırışına qoşularaq tez bir zamanda ATƏT monitorlarının regiona qayıtmasının əhəmiyyətini vurğulayıb.

Göründüyü kimi, illərdir münaqişənin həlli istiqamətində addımlar atmayan, fəaliyyətlərini vaxtaşırı bölgəyə gəlib, monitorinq aparmaqla yekunlaşdıran və bu dəfə də Ermənistan təcavüzü ilə bağlı açıq mövqe ortaya qoymayan ATƏT-in Minsk Qrupunun fəaliyyətini davam etdirməsinə ehtiyac qalırmı? Azərbaycanın Minsk Qrupundan imtina etməsinin vaxtı çatmayıbmı?

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyidir ki, hazırda işğalçı ölkə Azərbaycanla sərhəddə təxribatlara əl atıb:

“Bu illər ərzində həmsədrlərin fəaliyyəti yalnız işğalçı Ermənistanı qorumaq olub. Hesab edirəm ki, artıq bu format özünü tükədib. Bunların missiyası yalnız status-kvonu qorumaq olub. Məhz onların fəaliyətinin nəticəsidir ki, Ermənistan işğal olunmuş ərazilərdə məskunlaşma aparır. Demək, Minsk Qrupu Ermənistanı bu qədər arxayın edib ki, o, artıq sərhəddə Azərbaycana hucum edir. Həmsədrlərin bu günə kimi apardığı iş yalnız Ermənistanın maraqlarına xidmət edib. Yoxsa, bu gün Ermənistan arxayın olub, bu qədər təxribata getməzdi. Azərbaycan bu qrupdan çıxmalı və formatın dəyişilməsini tələb etməlidir. Ümumiyyətlə, danışıqlar prosesi münaqişənin həllinə zərbə vurub. Ona görə də Azərbaycan Qarabağ cəbhəsində hücuma keçməlidir”.

Xatirə Nəsirova
Cebhe.info

Mənbə: cebhe.info