Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb

Ankara, 14 iyul, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hücumu nəticəsində yaranmış vəziyyətə görə, təcavüzkar tərəf məsuliyyət daşıyır. Ermənistanın bütün bu qanunsuz əməllərinin, hərbi təcavüz cəhdinin bir adı var: işğalçılıq. Azərbaycan və Türkiyə xalqları olaraq son damla qanımıza qədər Vətən yolunda axıtmağa hazırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə-Azərbaycan Dostluq Dərnekleri Federasiyası (TADDF) adından yayılmış bəyanatda əksini tapıb.

TADDF sədr müavini, görkəmli publisist Sərdar Ünsalın imzası ilə yayılan bəyanatda deyilir: “Təcavüzkar Ermənistan işğal altında saxladığı Azərbaycan ərazisindən çəkilmək əvəzinə Dağlıq Qarabağdan çox uzaq bir məkanda yeni bir münaqişə bölgəsi yaradır. Azərbaycan ordusu öz torpağını şərəflə müdafiə edir. Şəhidlərin qanı yerdə qalmayıb. Böyük itki verən düşmənin hərbi obyektləri və texnikası məhv edilib. Buna baxmayaraq, düşmən hələ də öz məkrli niyyətindən əl çəkmək istəmir.

Şəhidlərimizin ehtiramla anır, bütün xalqımıza başsağlığı verir və bəyan edirik ki, yaşımızdan asılı olmayaraq hamımız canlı şəhid olaraq döyüşə hazırıq”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az