Malayziyanın Dövlət İnformasiya Agentliyi Ermənistanın təxribatından bəhs edən geniş məqalə yayıb

Malayziyanın Dövlət İnformasiya Agentliyi Ermənistanın təxribatından bəhs edən geniş məqalə yayıb

Kuala Lumpur, 14 iyul, AZƏRTAC

Malayziyanın BERNAMA - Dövlət İnformasiya Agentliyi iyulun 12-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə başladığı hücum cəhdlərinə dair böyük məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, iyulun 14-də yayılmış məqalədə ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyevin məsələ ilə əlaqədar açıqlaması öz əksini tapıb.

Baş verən hadisələrin Ermənistanın növbəti təxribatçı əməllərindən biri olduğunu qeyd edən Azərbaycan səfiri beynəlxalq ictimaiyyətin burada olduqca vacib bir məqama diqqət yetirməli olduğunu vurğulayıb. Səfirimiz qeyd edib ki, Ermənistan belə bir cəhdlə üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyir.

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 13-də Təhlükəsizlik Şurasının iclası zamanı səsləndirdiyi məqamlara istinad edən səfir Q.Allahverdiyev baş verən hadisələrdə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığını, operativ vəziyyət imkan verən kimi Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndələrinin həmin əraziyə dəvət ediləcəyini və bu hərbi təxribatı törədənin kimliyinin onlar üçün də aydın olacağını bildirib.

Q.Allahverdiyev bu təxribat cəhdinin Azərbaycanın Dağlıq Qarabağ regionundan kənarda meydana gəlməsinə diqqət çəkərək, ölkəmizin münaqişənin sülh yolu ilə həllini istədiyini və buna çalışdığını vurğulayıb. Qeyd edib ki, Ermənistan rəhbərliyi işğalı dayandırmağı tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər beynəlxalq sənədlərə məhəl qoymur. Bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və sərhədlərini əzmlə qorumaqda davam edəcək.

Azərbaycan səfiri, həmçinin ölkəmizin ərazi bütövlüyünü dəstəkləməklə nümayiş etdirdiyi birmənalı mövqeyə görə Malayziya hökumətinə minnətdarlığını da bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

Mənbə: azertag.az