“Ermənistanın əsgərləri döyüş postlarını qoyub qaçırlar” – Millət vəkili

“Ermənistanın əsgərləri döyüş postlarını qoyub qaçırlar” – Millət vəkili

“Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətməklə hücuma keçmək cəhdi ediblər. Amma Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını alıblar”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib. O bildirib ki, Ermənistan tərəfi öz itkilərini gizlətməklə növbəti dəfə təxribatçı mövqeyini davam etdirir: “Bu döyüşlərdə bir neçə şəhid vermişik, Allah onlara rəhmət eləsin, yaralılarımıza da şəfa versin. Təəssüf ki, müharibə qansız-qadasız ötüşmür. Amma Azərbaycanın qüdrətli və şanlı ordusu Ermənistanın bu təxribatının qarşısını iki gündür almaqdadır. Bu müddət ərzində Ermənistan tərəfinə ciddi zərbələr vurub. Nəticə etibarı ilə Ermənistanın çoxlu sayda texnikası və canlı qüvvəsi məhv edilib. Ermənistan tərəfi növbəti informasiya təxribatını törətməklə saxta profillər üzərindən paylaşımlar edirlər və xalqımız arasında təşviş yaratmağa çalışırlar. Bunlar tamamilə yalan məlumatdır. Bu iki gündə qarşı tərəfin itkisi bizdən qat-qat çoxdur. Sadəcə olar, ermənilər min bir oyundan çıxaraq, bunu gizlətməyə çalışırlar. Çox təəssüf ki, bəzi sapı özümüzdən olan baltalar bu təxribatda oyunçu olurlar”.

Millət vəkili onu da qeyd edib ki, Müdafiə Nazirliyinin yaydığı əməliyyat videolarından açıq şəkildə görünür ki, Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinə necə zərbələr vurub, onların müdafiə mövqeləri darmadağın edilib: “Sosial şəbəklərədən də görürük ki, Ermənistanın əsgərləri döyüş postlarını qoyub qaçırlar. İş o yerə çatıb ki, Ermənistan polisi onları yaxalayıb geri qaytarmağa çalışır. Mən xalqımıza müraciət edərək bildirmək istəyirəm ki, bir qədər diqqətli olsunlar, yalnız Müdafiə Nazirliyinin məlumatına etibar etsinlər".

Murad İbrahimli

Mənbə: www.unikal.org