"Videolardan aydın görünür ki, düşmənin təxribatçı qüvvələri ordumuz tərəfindən darmadağın edilib"- Deputat

"Videolardan aydın görünür ki, düşmənin təxribatçı qüvvələri ordumuz tərəfindən darmadağın edilib"- Deputat

Xəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Düşmən layiqli cavabını alaraq çox itki ilə geri çəkilməyə məcbur edilib. Bundan əlavə Ermənistan hakimiyyəti məğlubiyyətlərini gizlətmək üçün Azərbaycanın daxilində sabitliyi pozub, insanlarımızda da ruh düşkünlüyü yaratmağa çalışırlar.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, iyulun 12-dən Ermənistan separatçı qüvvələri Tovuz rayonu istiqamətində təxribata əl atıb gərginlik yaratdılar:

"İri çaplı silahlarla atəş açmağa başladılar. Azərbaycanın şanlı və qüvvətli ordusu sərt şəkildə düşmənin cavabını verir. Artıq 3 gündür ki, ağır döyüşlər gedir. Şəhidlərimiz var. Allah şəhidlərimizə rəhmət etsin. Onların qarşısında baş əyirik. Onlar vətənimizin ərazi bütövlüyümüzün və müstəqiliyimizin qorunması uğrunda şəhid olublar. Ermənistan tək cəbhədə deyil, həm də sosial şəbəkələrdə ölkəmizə qarşı təxribatlara əl atırlar. Ermənilər saxta profillərlə yalan məlumatlar yayaraq insanlarımızda ruh düşkünlüyünə səbəb olurlar. Onlar yenə də məğlubiyyətlərini boynuna almır, yalan məlumatlarla panika yaratmağa çalışırlar. Guya Azərbaycan ordusu çox itki verib. Bu tamamilə əksinədir. İnsanlarımız bilməlidir ki, bu ermənilərin növbəti təxribatıdır. Bu təxribatlar saxta azərbaycanlı adı ilə açılmış profillər vasitəsilə həyata keçirilir. Ermənistan həm silahlarla, həm də yalan informasiya yaymaq ölkəmizə qarşı təxribatlar törədirlər. Vətəndaşlarımız yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına inanmalıdırlar. Müdafiə Nazirliyinin yaydığı videolardan aydın görünür ki, düşmənin təxribatçı qüvvələri ordumuz tərəfindən darmadağın edilib. Düşmənin yalan informasiya yaymasına imkan verməməliyik. Çünki erməni tərəfi insanlarımızda döyüş əzmini zəyiflətmək istəyir. Lakin unudurlar ki, biz qəhrəmanlar dövlətiyik. Onların bu yalançı təxribatları bir nəticə verməyəcək. Gənclərimizin könüllü olaraq cəbhə bölgəsinə getmək arzusu ermənilərin planını növbəti dəfə iflasa uğratdı".

Deputat qeyd edib ki, saxta məlumatların yayılmasında daxilimizdə olan əlaltəlarının iştirakı var: "Milli Şura adı ilə bir yerə toplananlar erməniləri dəstəkləyirlər. Onlar Azərbaycan ordusuna və hakimiyyətinə qarşı qarayaxma kampaniyası aparırlar. Düşünürəm ki, onlar bu addımları ilə şəhidlərimizin ruhunu da incidirlər. Ermənistanın yaydığı saxta məlumatları bunlar təsdiqləyirlər. Onlar bir daha bu addımları ilə sübut edirlər ki, ermənilərə xidmət edirlər. Amma istəklərini reallaşdıra bilməyəcəklər. Çünki Müdafiə Nazirliyinin yaydığı məlumatlarda aydın görünür ki, Azərbaycan ordusu Ermənistanın həm silah-sursatına, zirehli texnikalarına o cümlədən canlı qüvvələrinə ciddi zərbə vurdu. Azərbaycan ordusu Aprel döyüşlərində və Naxçıvan istiqamətində aparılan Günnüt əməliyyatı zamanındakı kimi düşməni ağır məğlubiyyətə uğradıb. Beynəlxalq təşkilatları tərəfindən ermənilərin təxribatları pislənməli, onlara qarşı sanksiyalar tədbiq edilməlidir. Çünki ermənilərin atdığı atəş nəticəsində Tovuz rayonun 76 yaşlı Ağdam kənd sakini də öldürülüb. Dünya buna göz yumamalıdır. Xüsusilə ATƏT-in Minsk Qrupunun bu işdə aktiv olmağa çağırıram. Onların yarıtmaz fəaliyyətinə güvənən ermənilər bu təxribatlara əl atırlar. Ermənistan ordusu Azərbaycandan qatbaqat çox itkilər verib. Onların təxribatların qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınaraq darmadağın ediləcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az