Generalı öndə olan Ordu

Generalı öndə olan Ordu

Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, Vətənə ləyaqətlə xidmət edir
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 1 polkovnik, 2 mayor, 2 gizir və 1 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla daha 6 hərbçisi şəhid olub. Döyüşlərdə yaralananlar da var. Onlara dərhal tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimovun qəhrəmancasına şəhid olması Azərbaycan Ordusunda generallarla əsgərlərin bir çərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq edir. Bir daha aydın olunur ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, Vətənə ləyaqətlə xidmət edirlər. Generallarımız qarşıda duran tapşırığı yerinə yetirmək, dogma torpağını müdafiə etmək üçün öz canını hər an qurban verməyə hazırdır. İşğalçı Ermənistan ordusunda isə generallar sıravi əsgərlərin arxasında gizlənir, öz canlarını qorumaqla məşğul olurlar. Azərbaycan xalqı Polad Həşimov kimi qəhrəman generalları, zabitləri olan milli ordumuzla fəxr edir. Döyüşlər itkisiz olmur və əminik ki, şəhidlərimizin yaralıların qanı yerdə qalmayacaq.

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşənmillət vəkili Sahib Alıyev şəhidlikdən böyük rütbənin və zirvənin olmadığını söyləyib. Deputatın sözlərinə görə, bir xalqın ki, generalı döyüşə əsgərindən öndə gedir, şəhid olur, ona torpaqlarının işğal altında qalmasını həzm etdirəcəklərini düşünənlər yanılırlar. S.Alıyev vurğulayıb ki, Xəzər dənizi Volqa çayı ilə üzü geri axa bilər, amma Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan torpaqlarında ikinci qondarma hay dövləti yaratmaq mümkünsüzdür: "Mənim törəmdə və dinimdə torpağı Vətənləşdirməkdən, Vətən yolunda şəhid olmaqdan uca heç nə yoxdur. Elə bir Azərbaycan əri tanımıram ki, o, toraqlarının işğal altında qalmasıyla razılaşmaq rüsvayçılığı, yaxud da onun yolundan öz canından keçmək dilemması qarşısında birincini seçmək istəsin. Hayların güclü havadarları, onlara bu günlərdə də gizli kəşfiyyat və hərbi-texniki dəstək verənləri ola bilər, ancaq onların Azərbaycan torpaqlarında ikinci qondarma dövlət yaratmaq planı alınmayacaq. Hərbçilərimizin bugünkü şücayəti göstərir ki, Azərbaycan dövləti və xalqı buna imkan verməyəcək. İşğal altındakı torpaqlarımız haylardan - forpost ünsürlərdən son qarışınadək təmizlənəcək. Biz bir reallığı da unutmamalıyıq ki, bu savaş indi təkcə mahiyyətcə deyil, həm də formaca xalq savaşıdır. Yəni, təkcə ön xətdə və ancaq hərbiçilər arasında getmir. Ona görə də cəmiyyətin hər bir vətənpərvər üzvü ayıq-sayıq olmalı, xarici dili bilənlər əlləri çatan hər yerdə hay vəhşiliyi və bölgədəki real vəziyyət haqda informasiya yaymalı, düşmən təxribatı gördükdə qətiyyətlə qarşısını almalı, adını azərbaycanlı qoyub ölkədə qarışıqlıq yaratmağa, dövlətimizə inamsızlıq aşılamağa çalışan şərəfsizlərə yerlərini və hədlərini göstərməlidirlər. Hər bir vətəndaşımız cəbhədəki vəziyyətlə bağlı ancaq rəsmi qurumların yaydığı xəbərləri paylaşmalıdır. Bir sözlə, müsəlləh əsgər kimi davranmalıyıq”.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı da bildirib ki, təcavüzkar Ermənistanın dövlət sərhədimizin Tovuz rayonundan keçən hissəsində bir neçə məqsəd üçün törətdiyi təxribatın qarşısı qəhrəman hərbçilərimiz tərəfindən alınıb: "Düşmənin çoxlu əsgər və zabiti məhv edilib, maşın və texnikası sıradan çıxarılıb. Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında dövlət başçımızın qətiyyətlə dediyi sözlər həm Ermənistana, həm işğalçını müdafiə edən ölkələrə, həm də vəziyyətdən sui-istifadə edərək iyrənc niyyətə düşən bəzi şəxslərə açıq-aydın xəbərdarlıqdır. Dövlət başçısı bildirmişdi ki, hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq, hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Ali Baş Komandan dedi ki, biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik. Bu hadisədən alınan dərslər bunlardır. Əgər Ermənistan ordusu Azərbaycan ordusu qarşısında cılız və gücsüzdür, Ermənistan işğalçılıq siyasətinə son qoymasa, torpaqlarımızdan vurulub çıxarılacaq, onu himayə edən dövlətlər işğalçı Ermənistanı xilas edə bilməyəcəklər. Daxilimizdə bu vəziyyətdən sui-istifadə edərək çağırışlar edənlərin də arzuları ürəyində qalacaq. Çünki millətimiz Ali Baş Komandanın, dövlətimizin yanındadır. Dövlətimizin qanunlarını pozanlar ən sərt şəkildə cəzalandırılmalıdırlar. Həm işğalçı ölkə və onu himayə edənlər, həm də içimizdən çıxan bəziləri anlamalıdırlar ki, artıq 1990-cı illərin əvvəlləri deyildir. Bizim işimiz haqq işidir, qələbə də bizim olacaq”. Rufik İSMAYILOV

 

Mənbə: kaspi.az