“Qarabağın azadlığı müharibədən keçir, başqa yol yoxdur” – Araz Əlizadə

“Qarabağın azadlığı müharibədən keçir, başqa yol yoxdur” –  Araz Əlizadə

İyulun 12-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədində hərbi vəziyyət kəskinləşib. Ermənistan silahlı qüvvələri qəflətən Azərbaycanın sərhəd zonasındakı mövqelərini artilleriya atəşinə tutub. Azərbaycanın cavab zərbələrinə baxmayaraq qarşı tərəfdən atəş səsləri bu gün də eşidilib. Hazırda Tovuz istiqamətində şiddətli döyüşlərin getdiyi barədə məlumatlar var.

İndi Ermənistanın “iyul təxribatı”nın əsas məqsədi, Azərbaycan cəmiyyətinin “müharibə əmri verilsin” hayqırtıları gündəmin əsas müzakirə mövzusudur. Yenisabah.az bu mövzuda Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadənin fikirlərini öyrənib.

- Araz bəy, dünəndən başlayaq Ermənistan silahlı qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub. Hazırda Tovuz istiqamətində şiddətli döyüşlərin getdiyi bildirilir. İndi əsas sual budur ki, koronavirus pandemiyasının bəşəriyyəti təhdid etdiyi bir dövrdə bu döyüşlər kimə lazımdır? Sizin bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

 

- Bu döyüşlər Ermənistanın Baş naziri Nikol Paşinyana lazımdır. Onun hakimiyyəti artıq laxlayır. Ermənistanda sosila-iqtisadi və siyasi böhran yaşanır. Paşinyan da diqqəti daxili problemlərdən yayındırmaq üçün müharibə kartını işə salıb. O, ölkədə vətənpərvərlik ruhunu qaldırmaq, digər problemlərlə məşğul olmağın Qarabağın itirilməsinə səbəb olacağı rəyini yaratmaq istəyir. Paşinyana lazımdır. Yəni, qoymayın Azərbaycan gəlir, Qarabağı itiririrk.

- Sizcə, Paşinyan bununla məqsədinə nail ola biləcəkmi? Axı Azərbaycan Ordusu da seyrçi mövqe tutmayıb, əks həmlələr edir. Ermənistanın Baş naziri necə deyərlər “qaş düzəltmək” istərkən “göz çıxarmaq” təhlükəsilə də üzləşə bilər axı...

 

- Əlbəttə Paşinyan bununla məqsədinə nail ola bilməyəcək. Çünki Ermənistanda vəziyyət doğrudan da kifayət qədər acınacaqlıdır. Paşinyanın hərbi əməliyyatlarla divident qazanacağı, yaxud hakimiyyətini sona qədər qoruya biləcəyi inandırıcı görünmür. Əksinə, bu onun üçün daha acınacaqlı vəziyyət yarada bilər. Yaxşı olardı ki, Ermənistanın siyasi rəhbərliyi danışıqlar masasında oturaraq problemin sülh yolu ilə həllinə çalışmalıdır.

- Sizcə, problemin sülh yolu ilə həlli mümkündür? Hər halda illərdir ki, sülh danışıqları aparılır amma nəticəsi yoxdur...

 

- Bəli, mən də problemin sülh yolu ilə həllinə inanmıram. Hesab edirəm ki, Qarabağın azadlığı müharibədən keçir.

- Müharibə mövzusu ortaya gələndə Rusiya faktoru qabardılır...

 

- Rusiya nə deyə bilər ki? Azərbaycana deyəcək ki, torpaqlarını azad eləmə? BMT-nin nizamnaməsinin 51-ci maddəsinə görə təcavüzə məruz qalmış ölkənin torpaqlarını müharibə yolu ilə qaytarmaq hüququ var. Azərbaycan da bu hüquqdan istifadə etməlidir. Yoxsa bu məsələ uzandıqca daha da düyünə düşür.

- Əminsiniz ki, Azərbaycan hərbi əməliyyatlara başlasa Rusiya müdaxilə etməyəcək?

 

- Rusiyanın buna haqı yoxdur. Doğrudur, Gürcüstanı misal çəkirlər. Amma bir məqama diqqət etmək lazımdır. Gürcüsatnda sülhməramlı qüvvələr var idi. Sülhməramlı qüvvələrin olduğu yerdə müharibəyə başlamaq elə onlara müharibə elan etməkdir. Rusiya bu baxımdan müdaxilə etdi. Azərbaycanın ərazilərində isə şükür Allaha ki, sülhməramlı qüvvələr yoxdur. Ona görə də biz müharibə hüququmuzdan istifadə etməliyik.

- Ermənistanın Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması qabardılır. O baxımdan ki, bu təşkilatın nizamnaməsinə görə üzv ölkələrdən hansı birinin ərazi bütövlüyünə təhlükə yaranarsa, o zaman digər üzv dövlətlər ona yardım etməlidir...

 

- Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək istəyir. Azərbaycandan Ermənistanın ərazi bütövlüyünə təhlükə yoxdur. Amma Ermənistan ölkəmizin ərazi bütövlüyünü daim təhdid edir, 20 faiz torpaqlarımızı işğal edib. Ona görə də hesab edirəm ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini qazana bilməyəcək. Yəni, onun maraqlarına uyğun səs verəyəcəklər. Ən azı Qazaxstan və Belarus səs verməyəcək.

- Cəmiyyətdə müharibə əhval-ruhiyyəsi yüksəkdir. Döyüşlərin davam etdirilməsi tələb olunur. Sizcə, nəhayət fürsət yetişibmi?

 

- Mənə elə gəlir iki, Ermənistan Azərbaycan üçün müharibədən başqa yol qoymayıb.

 

Mənbə: yenisabah.az