Deputat: “Ermənistan tərəfin itkilərinin qat-qat çox olması Paşinyan hakimiyyətinin sonunu gətirəcək”

Deputat: “Ermənistan tərəfin itkilərinin qat-qat çox olması Paşinyan hakimiyyətinin sonunu gətirəcək”

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatla Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmaq, öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmaqla hakimiyyətini qorumağa çalışır.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Sabir Hacıyev deyib.

Onun sözlərinə görə, Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. “Ancaq yanılır. Paşinyan hakimiyyəti itirməkdən qorxur. Yeganə məqsədi hansı vasitə ilə olursa-olsun hakimiyyətini qorumaqdır və çıxış yolu kimi də Azərbaycanla sərhəddə təxribata əl atıb. Amma onun hərəkətləri nəticə etibarı ilə elə öz başında çatlayacaq. Hazırda Ermənistanda olduqca mürəkkəb situasiya yaranıb və yaranmış ictimai-siyasi böhranı bu yolla aradan qaldırmaq mümkün deyil. Çünki Ermənistandakı müxalif siyasi qüvvələr zamanında bu taktikadan istifadə etdiyindən Paşinyanın bu oyunları onlara tanış ssenari olduğundan baş tutmayacaq. Ona görə də Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdləri nəticə verməyəcək, əksinə onun ziyanına işləyəcək”- deputat qeyd edib.

S. Hacıyev bildirib ki, Ermənistan tərəfinin təxribatını Azərbaycan ordusu qəhrəmancasına aldı: “Azərbaycan ordusu şəhdilərimizin qısasını aldı və düşmən qat-qat artıq itki verdi, hərbi texnikası məhv edildi. Ermənistan bu uğursuz əməliyyat zamanı itkisinin sayını gizlətməyə çalışsa da, buna nail ola bilmir. Artıq bu mümkün deyil. İyulun 12-də Ermənistan bir neçə hərbçi və polisin öldüyünü bildirsə də, artıq bu gün məcburiyyət qarşısında qalaraq itkilərini sayının çox olduğunu etiraf etmək məcburiyyətində qalıb. Paşinyan sərhəddəki itkilərin sayını Ermənistan cəmiyyətindən gizlədə bilməyəcək. Bu da öz növbəsində Ermənistandakı vəziyyəti daha da mürəkkbələşdirəcək. Nəticə etibarı ilə ölkədə siyasi və hakimiyyət böhranının yaranmasına səbəb olacaq. Bu da Paşinyan hakimiyyətinin sonuna gətirib çıxaracaq”.

Deputat beynəlxalq təşkilatların, xüsusən də münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT məsələyə ciddi münasibət bəsləməməsindən təəssüflənidiyni bildirib: “ATƏT və BMT-nin son bəyanatları da ümumi xarakter daşıyır və tərəflər arasında bərabərlik işarısi qoyaraq danışıqlar masasına çağırır. Halbu ki, münaqişə tərəflərindən olan Azərbaycan işğala məruz qalan tərəf kimi sülh danışıqlarına tərəfdar olub və buna sadiqliyini nümayiş etdirib. Yalnız işğalçı Ermənistan danışıqlarda qeyri-konstruktivlik nümayiş etdirərək, danışıqlar prosesini pozmağa və işğalçılıq siyasətini möhkəmləndirməyə çalışıb.İyulun 12-də Azərbaycanın dövlət sərhəddində törətdiyi son təxribat da bunun bariz nümunəsidir. Ona görə də beynəlxalq təşkilatların, xüsusən də ATƏT-in işğala məruz qalanla işğlaçı arasında bərabərlik işarəsi qoyması münaqişənin həllinə kökündən səhv yanaşmadır. Son təxribat törədərək, sülh danışıqlarını pozan da məhz işğalçı Ermənistandır. Azərbaycan isə özünü işğalçının bu təxribatlarından qorunmaq üçün adekvat addım atıb. Həm beynəlxalq təşkilatların, həm də vasitəçilik missiyasını yerinə yetirən ATƏT MQ həmsədrlərinin səhv yanaşması Ermənistanın danışıqlar prosesində “şıltaq, ərköyün uşaq” kimi apararaq, yeni cinayətlər həyata keçirməsinə rəvac verir. Əgər ATƏT MQ həmsədr ölkələri, BMT TŞ, Avropa Şursı, Avropa Parlamenti digər ölkələrdəki münaqişələrdə olduğu kimi konkret mövqe ortaya qoysaydı, bu gün Ermənistan bu cür təxribatlara əl atmazdı. Odur ki, ATƏT və digər beynəlxalq təşkilatlar ən nəhayət məsələ ilə bağlı konkret mövqe ortaya qoymalı, işğala məruz qalanla, işğalçı arasında fərqi aydın etməlidir. Əks təqdirdə bölgədə yenidən müharibə alovlana bilər. Bu istisna deyil. Əgər beynəlxalq vasitəçilər üzərlərinə düşən missiyanı ədalətlə yerinə yetirməyəcəklərsə, o zaman məsələnin alternativi müharibə olacaq. Azərbaycanın səbri sonsuz deyil. Səbr kasası dolmaqdadır. Bunu istər Azərbaycan Prezidenti, istər Müdafiə naziri və digər rəsmiləri bəyan ediblər. Bəyan edilib ki, Azərbaycan işğal faktı ilə barışmayacaq. Danışıqlar nəticə verməycəksə, altenativ vasitələrdən istifadə etməklə işğala son veriləcək”.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az