“Xeyli adam şəxsi həkim tutaraq evdə müalicə alır” - Professor “ikinci dalğa”dan danışdı

“Xeyli adam şəxsi həkim tutaraq evdə müalicə alır” - Professor “ikinci dalğa”dan danışdı

Son günlər koronavirus infeksiyasından sağalanların sayı yoluxanları üstələyir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın infeksiya ilə bağlı gündəlik statistikasında bu fərqi müşahidə etmək mümkündür. Ürəkaçan durum davam edərsə, qarşıdakı aylar üçün nikbin proqnozların verilməsi istisna olunmur.

Məsələ ilə bağlı Cebhe. info-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla hazırda manipulyasiya olunan rəsmi rəqəmlərə diqqət etməyin doğru olmadığını deyib:

“Azərbaycandakı vəziyyət reyinfeksiyadır. Yəni birinci dalğa hələ sönməyib. İkinci dalğanın olub-olmamasını heç kim proqnozlaşdıra bilməz. Yəni virus güclü mutasiyaya uğrasa, ola bilsin ki, bununla da payızdan sonrakı mərhələdə yoxa çıxıb getsin. Ola bilsin ki, ikinci dalğa baş versin və yenə də ilin sonuna kimi çıxıb getsin. Bir sözlə bunu demək çətindir. O ki qaldı son günlər infeksiyadan sağaların yoluxanları üstələməsi fərqinə, bu statistika qətiyyən reallığı əks etdirmir. Gün ərzində Azərbaycanda 2000-dən çox insan bu virusa yoluxur. Xeyli adam şəxsi həkim tutaraq evdə müalicə alır, heç ambulator qeydiyyata da düşmür. Diskriminasiya olunmaq qorxusundan insanlar başqalarına bunu bildirmək və ya bilmələrini istəmirlər. Real vəziyyət tamamilə başqadır. Manipulyasiya olunan rəqəmlərə diqqət etməyin. Təəssüflər olsun ki, elə biz bu rəqəmlərə manipulyasiya edərək bu günə qaldıq”.

Alçina Amilqızı
Cebhe. info

Mənbə: cebhe.info