Səfir: Ermənilərin məqsədi bu münaqişəyə KTMT-ni, ilk növbədə, Rusiyanı cəlb etməkdir

Səfir: Ermənilərin məqsədi bu münaqişəyə KTMT-ni, ilk növbədə, Rusiyanı cəlb etməkdir

Münaqişəni həll etmək üçün bu münaqişənin səbəblərini aradan qaldırmaq lazımdır. Ordu.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu fikri “Exo Moskvı” radiostansiyasına müsahibəsində söyləyib.

Səfir xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü 30 ildir davam edir və danışıqlar xatirinə bitib-tükənməyən danışıqlar olmamalıdır. Status-kvo dəyişdirilməlidir. Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir.

Diplomat deyib: “Prinsip etibarilə hər şey çox sadədir: Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş təcavüzkar ölkə var və bu təcavüzün qurbanı olan Azərbaycan var. Konstruktivlik barədə danışanda dəfələrlə təklif edilmiş sxemə görə Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılması Dağlıq Qarabağın statusunun müzakirəsindən başlanır. Yad dövlətin ordusu Azərbaycan ərazisində olduğu halda bu cür münaqişələr labüddür”.

P.Bülbüloğlu iyulun 12-də münaqişənin başlanmasından söhbət açaraq deyib: “Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra sərhədin delimitasiyası üzrə iş aparır. Azərbaycanın beynəlxalq miqyasda rəsmən qəbul edilmiş birinci sərhədi Rusiya Federasiyası ilə olacaq. Azərbaycan sərhədin qorunması funksiyasını Müdafiə Nazirliyindən sərhəd qoşunlarına verib. Bu nə deməkdir? Təbii ki, sərhəd qoşunları Müdafiə Nazirliyinin qoşunları kimi təchiz olunmayıb. Ayın 12-də nə baş verib? Haqqında söhbət gedən “UAZ” avtomobili mütəmadi olaraq Azərbaycan ərazisindəki postların arasında hərəkət edir və bu, heç vaxt hər hansı irada səbəb olmayıb, çünki erməni tərəfdə də eyni hadisə baş verir. Bu “UAZ” maşınında zabitlər gedirmiş və onlara silahlı hücum edilib, azərbaycanlı hərbi qulluqçular öldürülüb. Bu barədə ratsiya vasitəsilə məlumat verilib və kömək gəlib. Cavabında dayaq məntəqələrindən birinə ağır toplardan atəş açılıb və təbii ki, ordu işə qarışıb. Bu münaqişə belə başlanıb”.

Nəyə görə toqquşma Dağlıq Qarabağda təmas xəttində deyil, sərhəddə baş verib? Səfir deyib: “Bu, ondan ötrü edilir ki, KTMT, ilk növbədə, Rusiya bu münaqişəyə cəlb edilsin, Rusiyanın sərhədində Rusiya Federasiyasını narahat edən daha bir münaqişə ocağı yaransın. Aydındır ki, KTMT-nin bütün üzvləri ilə Azərbaycanın tərəfdaşlıq münasibətləri var və qırğız və ya qazax əsgər yəqin ki, Azərbaycan əsgərinə atəş açmayacaq. Azərbaycan bütün lazımi sənədləri KTMT-yə təqdim edəcək. Biz heç nəyi gizlətməyə çalışmırıq. Qarabağda doğulmuş, əcdadları o torpaqda dəfn edilmiş bir adam kimi demək istəyirəm ki, işğala son qoyulmayınca hadisələrin hər cür inkişafı mümkündür. Bizim torpağımız işğal altında qaldıqca, nə Azərbaycan xalqı, nə də Azərbaycan Prezidenti bu vəziyyətlə razılaşmayacaq”.

P.Bülbüloğlu vurğulayıb ki, Azərbaycan cəmiyyəti hakimiyyət orqanlarından qəti tədbirlər görülməsini tələb edir. Səfir daha sonra deyib: “İnsanlar həlak olub! Bu, nə qədər davam edəcək? Biz buna nə qədər dözəcəyik? Nə vaxta qədər təcavüzkarın başını tumarlayıb demək olar: “Biz çox narahatıq, gəlin, məsələni sülh yolu ilə həll edək?”. Qoşunlarınızı çıxarın və məsələni sülh yolu ilə həll edək”.

 

Mənbə: ordu.az