Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan-Ermənistan sərhədində mülki vətəndaşların təhlükəsizliyindən narahatlıq bildirib

Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan-Ermənistan sərhədində mülki vətəndaşların təhlükəsizliyindən narahatlıq bildirib

Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhəd boyunca "hərbi əməliyyatların humanitar nəticələri ilə bağlı narahatlığını" ifadə edib. Təşkilatın bəyanatında iyulun 12-də intensivləşən "bu hərbi aktivliyin ərazidə yaşayan mülki əhali üçün əlavə risklər yaratdığı və onların dolanışıq imkanlarına təsir göstərdiyi" bildirilir. Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişənin tərəfləri ilə bu narahatlıqlarını bölüşərək, onlara “mülki əhali və döyüşlərdə birbaşa iştirak edən şəxslər arasında fərq qoymalı olduqlarını” xatırladıb.

“Biz tərəfləri beynəlxalq humanitar qanunun əsas normalarına hörmət etməyə və hərbi əməliyyatlar zamanı mülki əhali və evlər, məktəblər və tibbi oibyektlər kimi infrastruktura hörmət edilib qorunmasını təmin etmək üçün lazım olan bütün tədbirləri görməyə çağırırıq” - deyə, təşkilatın region üzrə əməliyyatlarının direktoru Martin Şuepp bildirib.

“Biz tərəflər arasında neytral vasitəçi kimi fəaliyyət göstərməyə və son zamanlar hərbi əməliyyatların artmasının təsirinə məruz qalanlara yardım göstərməyə hazırıq”, bəyanatda bildirilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 1992-ci ildən regionda fəaliyyət göstərir. Təşkilat Bakıda və Yerevanda nümayəndəliklər vasitəsilə Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhəd boyu yaşayan icmalara dəstək göstərir. Beynəlxalq Qırmızı Xaç Komitəsi həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi üçün fəaliyyət göstərir, onların ailələrinin məhbusları ziyarət etməsinə kömək göstərir və azad edilmiş şəxslərin köçürülməsi və qaytarılmasını asanlaşdırmaq üçün neytral vasitəçi kimi çıxış edir.

Mənbə: www.amerikaninsesi.org