Aya Sofya “islahatından” sonra Yunanıstanda Atatürkün məşhur ev muzeyi gündəmdə - muzey haqda nə bilinir...

Aya Sofya “islahatından” sonra Yunanıstanda Atatürkün məşhur ev muzeyi gündəmdə - muzey haqda nə bilinir...

Faiq Ələkbərli: “Aya Sofyanı yenidən camiyə çevirmək Türkiyə dövlətinin haqqı olsa da, Yunanıstan hökuməti bundan əks-arqument kimi istifadə etmək istəyir”

Mustafa Kamal Atatürkün 1881-ci ildə Yunanıstanın ikinci böyük şəhəri olan Salonikidə doğulduğu ev 1953-cü ildən bu böyük şəxsiyyətin ev muzeyi kimi fəaliyyət göstərir.

Saloniki bələdiyyəsi Türkiyə Cumhuriyyətinin 10 illiyi münasibətilə 1933-cü ildə evi satın alaraq Mustafa Kamala hədiyyə etmək qərarına gəlir və satınalma işləri 1937-də baş tutur, sonra isə orada Atatürkün ev muzeyi açılır. İl ərzində 50 mindən çox insanın ziyarət etdiyi muzey bir sıra özəllikləri ilə seçilir.

Onu da qeyd edək ki, Atatürkün doğulduğu bu ev 2011-də Yunanıstan Mədəniyyət Nazirliyi tərəfindən “müasir abidə” kimi təsdiq edilib.

Türkiyə dövləti Aya Sofya muzeyinin məscid kimi fəaliyyət göstərməsi ilə bağlı qərar qəbul etdikdən sonra Yunanıstanda M.K. Atatürkün ev muzeyi ətrafında müxtəlif söz-söhbətlət dolaşır.

Yunanıstandakı “Yunan Həlli” adlı sağçı bir siyasi partiya Atatürkün Salonikidəki evini “yunan soyqırımı”nın xatirəsi muzeyinə çevirməyə çağırıb.

Bildirək ki, 2006-cı ildə “Pontus yunan soyqırımı abidəsi”nin açılışı olub.

Türkiyə Xarici İşlər Nazirliyi isə bu açılışdan sonra verdiyi açıqlamada qondarma “Pontus yunan soyqırımı abidəsi”nin açılışını pisləyib: “Qondarma “Pontus soyqırımı” iddialarının heç bir tarixi və elmi əsası yoxdur və tarixi həqiqətlərdən yayınır”.

“Yunanlar Türkiyə hökumətinin bu addımına qarşılıq olaraq Atatürkün Yunanıstandakı ev muzeyinin “soyqırım muzeyi”nə, bu ölkədəki məscidlərin isə kilsələrə çevriləcəyi ilə bağlı bəyanatlar səsləndirirlər”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli mövzunu şərh edərkən bildirdi ki, Salonikidəki ev Atatürkün valideynlərinin vaxtilə yaşadıqları evdir. “Atatürk Yunanıstanın Saloniki şəhərində anadan olub. Bildiyiniz kimi, sonradan bu ev Atatürkün ev muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. Türkiyədə Aya Sofya məscid elan edildikdən sonra yunanlar da deyirlər ki, Atatürkün ev muzeyini ellinlərin, yunanların “soyqırım”ı muzeyi edəcəyik. Artıq Yunanıstanda Atatürkün ev muzeyinin ləğv edilməsi və orada “soyqırım” muzeyi yaradılması məsələsi gündəmdədir. Bu birbaşa Aya Sofyanın məscidə çevrilməsi qərarı ilə bağlı məsələdir. Yunanlar Türkiyə hökumətinin bu addımına qarşılıq olaraq Atatürkün Yunanıstandakı ev muzeyini “soyqırım muzeyi”nə, bu ölkədəki məscidlərin isə kilsələrə çeviriləcəyi ilə bağlı bəyanatlar səsləndirirlər. Əlbəttə, məsələnin bu cür şəkil alması heç də ürəkaçan deyil. Düzdür, Aya Sofya muzeyi 1934-cü ilə qədər məscid kimi fəaliyyət göstərib. Aya Sofyanı yenidən camiyə çevirmək Türkiyə dövlətinin haqqı olsa da, Yunanıstan hökuməti bundan əks-arqument kimi istifadə etmək istəyir. Bilirsiz ki, Aya Sofyanın məscidə çevrilməsi məsələsini Roma Papası da mənfi qarşılayıb. Avropa ölkələrində də Türkiyə hökümətinin qəbul etdiyi qərarla bağlı narazılıqlar var. Bildiyim qədər, yalnız Rusiya bunu Türkiyənin daxili işi hesab edir”.

F.Ələkbərli qeyd etdi ki, əslində, Yunanıstan hökuməti tarixdə baş verməyən bir “soyqırım” hadisəsini gündəmə gətirir və Atatürkün ev muzeyini “soyqırım muzeyi”nə çevirmək istəyir.

Mənbə: www.baki-xeber.com