“Özümüzü ağıllı, məlumatlı göstərməyin heç kimə faydası yoxdur”

“Özümüzü ağıllı, məlumatlı göstərməyin heç kimə faydası yoxdur”

Ekspertlər deyir ki, cəbhə bölgəsindən canlı yayım açmaq, dəqiq koordinatlar vermək yolverilməzdir
Bir neçə gündür ki, cəbhədə vəziyyət yenidən gərginləşib. Belə ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atıb. Mənfur qonşularımız Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərini ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Vətən uğrunda gedən döyüşlərdə əsgərlərimiz qəhrəmancasına şəhid olub. Artıq bu məsələ cəmiyyətdə də ajiotaj yaradıb. İllərdir qaysaq bağlayan Qarabağ yaramız yenidən qanamağa başlayıb. Amma təəssüflər olsun ki, biz bu savaşı ön cəbhədə deyil, arxa cəbhədə uduzuruq. Bunun da çoxu bəzən bilməzlikdən, məlumatsızlıqdan irəli gəlir. Bəs görəsən belə həssas məqamlarda necə davranmlaıyıq? İnformasiyaya yanaşma necə olmalıdır? Ənənəvi və sosial mediada paylaşım edərkən nələrə diqqət edilməlidir?
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyir ki, ermənilər çox ciddi təxribatlardan istifadə edir: "Bəziləri məlumatı sırf bizim əleyhimizə paylaşır. Bu, bəlli məsələdir. Düşmən mövqedən bu məlumatların paylaşılması adi haldır. Amma bir çox hallarda çaşdırıcı üsullardan istifadə olunur. Belə ki, məlumatlar Azərbaycan dilində və Azərbaycan vətəndaşlarının ad soyadı ilə yayımlanır. Vətəndaşlarımız belə məlumatlara aldanıb həmin məlumatları sosial mediada yayımlayır. Əslində bu məlumatlar bizim əleyhimizə işləyir və fərqində olmadan bunu özümüz yayırıq. Bu mənada jurnalistlər və sosial şəbəkə istifadəçiləri yaxşı olar ki, rəsmi olaraq təsdiqlənən məlumatı paylaşsın. Rəsmi qurumlara istinad mütləqdir. Sosial şəbəkə istifadəçiləri çoxdur. Onlar aidiyyatı qurumların rəsmi xəbərlərini izləməli və yaymalıdır. Bundan başqa, ölkədə peşəkar və oturuşmuş ənənəvi KİV qurumları var. Onların verdiyi məlumata istinad etmək lazımdır. İnformasiyanı paylaşarkən baxmaq lazımdır ki, nəyi paylaşırıq və kimə istinad edirik. Bir də "sapı ğözümüzdən olan baltalar” var. Müxalif mövqedə olan insanlar, "5-ci kolon”un nümayəndələri bilərəkdən Azərbaycanın əleyhinə məlumatları yayırlar. Cəbhə bölgəsi haqda düzgün olmayan məlumatlar sosial şəbəkələrdə tirajlanır. Media cəmiyyəti, sosial şəbəkə istifadəçiləri bu məsələdə aktivlik göstərməlidir. Ermənilər xarici auditoriyalarda çoxsaylı məlumatlar paylaşır. Onlar özləri hücum etsə də, xarici media bu əməliyyatları Azərbaycan tərəfinin etdiyini yazır. Onlar bu cür təxribatlar etməklə əslində diqqəti cəbhə bölgəsindən yayındırırlar. Azərbaycanın qazandığı uğurlaara kölgə salmaq istəyir. Belə bir məqamda aidiyyatı qurumların mətbuat xidməti aktiv formada fəaliyyət göstərməlidir. İntensiv şəkildə informasiyalar verilməlidir ki, jurnalistlər vətəndaşları düzgün məlumatlandıra bilsinlər. Xarici dil bilən, beynəlxalq təşkilatlarla işləyən jurnalistlərimiz, media qurumlarımız aktiv olmalıdır. Dövlət qurumlarının verdiyi məlumatlar müxtəlif dillərə tərcümə edilib xarici auditoriyalarda paylaşılmalıdır. Cəmiyyət və KİV olaraq informasiya savaşında düşmənə cavab verməliyik. Qalan məsələlər, o cümlədən çatışmazlıqlar döyüşlər başa çatdıqdan, cəbhədə vəziyyət sakitləşdikdən sonra daxili auditoriyada müzakirə edilməli, tənqidlərimizi səsləndirməliyik. Cəbhə xəttinə gedib canlı yayım edənlər, kənd sakinlərinin dilindən eşitdiyi məlumatı rəsmi xəbər kimi yayanlar var. Bilmək lazımdır ki, orada yaşayan sakinlər peşəkar jurnalist deyil. Sakinlər hadisəni öz dünyagörüşü çərçivəsində qiymətləndirib məlumat verir. Onlar hadisələrin necə inkişaf etdiyini, prosesin arxasında nələrin dayandığını bilmir. Cəbhə bölgəsində yaşayan insanlara istinad mənbəyi kimi baxmaq olmaz. Belə məsələrdə ehtiyatlı olmaq lazımdır. Alınan informasiyanı dəqiqləşdirmədən yaymaq olmaz. Müharibə vaxtı belə məlumatların yayılması qəbuledilməzdir”.
ARB24 televiziyasının baş redaktor müavini Aynur Nəsirova qeyd etdi ki, rəsmi məlumat olmadan, ağzıdan-ağıza yayılan təxribatların tirajlanmasına yol vermək olmaz: "Biz informasiya cəbhəsində uduzuruq. İki gündür ermənilərin facebook hesablarını izləyir və müşahidə edirəm. Onlar bizim ağzımızdan çıxan hər sözü, hər cümləni, şəkli, videonu öz hesablarında özlərinə sərf edən formada paylaşır. Baxmayaraq ki, Ermənistan tərəfinin 60-70-ə yaxın itkisi var, amma bu itkilər barədə heç bir məlumat verilmir. Yerevan çalxalanır, etiraz aksiyaları keçirilir. Amma bu haqda heç kim heç yerdə məlumat paylaşmır. Biz isə bilib-bilmədiyimiz hər məlumatı paylaşırıq. Bu isə təbii ki, əleyhimizə işləyir. Təəssüflər olsun ki, bəziləri sosial mediada dəqiq koordinatlar paylaşır. Hətta bunu edənlər arasında peşəkar media nümayəndələri də var. Bu, qətiyyən olmaz. Səbrli olmalı, hadisələrin axışını izləməliyik. Düzdür, şəhid xəbərləri hamımızı incidir. Amma rəsmi informasiya verilmədən heç bir məlumatı yaymaq olmaz. Əgər ordumuza kömək etmək istəyiriksə, informasiya müharibəsini düzgün formada aparmalıyıq. Dəqiq koordinat verməklə, cəbhə bölgəsindən canlı yayım açmaqla özümüz bu savaşda uduzuruq. Qırıcı təyyarələrimizi, tanklarımızı, əsgərlərimizi videoya çəkib paylaşırıqsa, bununla qarşı tərəfə məlumat ötürmüş oluruq. Bununla yanaşı, öz vətəndaşlarımızı qorxudur, təşvişə salırıq. Düşmən dəyirmanına su tökmək olmaz”.
"Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov deyir ki, çox həssas bir dövrdür və belə bir dövrdə sosial şəbəkə istifadəçiləri birmənalı olaraq rəsmi mənbələrə istinad etməlidir: "Başa düşməliyik ki, özünü ağıllı, məlumatlı göstərməyin heç kimə faydası yoxdur. Əksinə yayılan hər bir yanlış informasiya adi vaxtda olduğundan qat-qat ağır fəsadlara doğura bilər. Düşmən tərəf bundan istifadə edib cəbhədə çaşqınlıq yaradır. Hər şeydən əvvəl özümüz öz insanlarımızın psixologiyasına, ruhi-mənəvi sağlamlığına mənfi təsir edə bilərik. Biz məsələnin ciddiyətini anlamalı, səbrli olmalıyıq. Rəsmi mənbələrdən gələn məlumatı gözləməkdən başqa çarə yoxdur. Hansısa informasiyanı beş dəqiqə tez paylaşmaqla heç kim heç nə qazanmır. Əsas odur ki, informasiya təhlükəsizliyimiz təmin olunsun. Ermənilərin tarixən mənfur planları və strategiyaları olub. Bu həmişə bizə qarşı işləyib və gələcəkdə də belə olacaq. Ermənistan əhalinin ona olan qəzəbini yayındırıb, hakimiyyətə yönəltməyə çalışır. İndi də saxta profillərlə, təxribatçıların vasitəsilə əhalinin düşmənə olan nifrəti öz dövlətinə qarşı yönəldilir. Bilməliyik bu düşmənin təxribat strategiyasıdır və buna aldanmamlıyıq. İnsan öz hakimiyyətini tənqid edə, sorğulaya bilər. Amma döyüş vaxtı yox. Müharibə zamanı bizim qəzəbimiz düşmənə yönəldilməlidir”.
Şəbnəm Mehdizadə

 

Mənbə: kaspi.az