Bu il Əfqanıstandakı qarşıdurmalar zamanı 3000-ə yaxın mülki vətəndaş ölüb və ya yaralanıb

Bu il Əfqanıstandakı qarşıdurmalar zamanı 3000-ə yaxın mülki vətəndaş ölüb və ya yaralanıb

Ölkənin rəsmi insan haqları qurumunun bildirdiyinə görə, bu ilin ilk altı ayında Əfqanıstandakı qarşıdurmalar zamanı gündə təxminən 16 nəfər olmaqla, 3000-ə yaxın mülki vətəndaş ölüb və ya yaralanıb.

Əfqanıstan Müstəqil İnsan Haqları Komissiyasının (AIHRC) çərşənbə axşamı Kabildə açıqladığı hesabatda mülki vətəndaşlar arasında itkilərin hələ də yüksək olmasına baxmayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz az olduğu bildirilib.

Ən böyük azalma uşaqlar arasında ölüm və yaralanma halları olub. Keçən il 951-lə müqayisədə bu il yaralanan və ya öldürülən uşaqların sayı 630-dur ki, bu da təxminən 33 faiz azalma deməkdir.

Hesabatda 2019-cu illə müqayisədə Taliban hücumları nəticəsində mülki vətəndaşlar arasında itkilərin 24 faiz azaldığı deyilsə də, Əfqanıstan Müstəqil İnsan Haqları Komissiyası günahın böyük hissəsini Taliban üzərinə ataraq, bütün itkilərin təxminən yarısının məsuliyyətinin bu qrupun daşıdığını deyib.

Taliban mülki vətəndaşları hədəf almadığında israr etsə də, silahlı qruplaşmanın hücumlarının əksəriyyəti mülki şəxslərin ölümünə səbəb olur. Bazar ertəsi Samanqan vilayətindəki kəşfiyyat agentliyinin bazasına edilən hücum 11 kəşfiyyat işçisinin ölümünə səbəb olub. Lakin hücum zamanı 50-yə yaxın mülki vətəndaş yaralanıb. Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb.

Çərşənbə axşamı eyni zamanda Talibanla ABŞ arasında ən uzun sürən müharibəyə son qoyulması ilə bağlı fevral ayında əldə edilmiş əlamətdar razılaşmanın ilk mərhələsinin sona çatdığı gündür.

Razılaşmaya əsasən ABŞ və onun NATO müttəfiqləri Əfqanıstandakı qoşunlarının sayını azaldıb və beş hərbi bazanı boşaldıb. Razılaşmada fevral ayının 29-da imzalandığı tarixdən 14 ay sonra xarici qüvvələrin ölkədən tamamilə çıxarılmasına çağırılır.

Mənbə: www.amerikaninsesi.org