Şəhidliyiniz mübarək...

Şəhidliyiniz mübarək...

Dəyərli generalımız, əziz mayorlarımız, gizirlərimiz, əsgərlərimiz!

Siz Vətənimizin ərazi bütövlüyü, sərhədlərimizin qorunması uğrunda mübarizənizlə elə yüksək bir mərtəbəyə ucalmısanız ki, o ucalıq hər kəsə qismət olmur. Müqəddəs dinimizdə də şəhidlik ən uca mərtəbə hesab edilir. Böyük İslam Peyğəmbəri buyurub ki, cənnətə daxil olan heç kəs hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan o qədər mükafat görər ki, bunların əvəzini vermək üçün 10 dəfə dünyaya qayıdıb şəhid olmağı arzulayar.

Biz şəhərlərimizdə, qəsəbələrimizdə, kəndlərimizdə rahat həyatımızı yaşayarkən, Siz ön xətdə Vətənimizi qoruyurdunuz. Biz növbəti iş günü hansısa tapşırığı yerinə yetirmək üçün gecə bir saat yuxumuzdan kəsərkən öz-özümüzə deyindiyimiz vaxt, Siz Vətəni qorumaq üçün günlərlə yatmırdınız.

Sizin kimi igid oğullarımızın sayəsində sərhədlərimiz etibarlı qorunur, müstəqilliyimiz daha da möhkəmləndirilir.

Siz xoşbəxtsiniz, ona görə ki, Vətən yolunda canınızı qurban vermisiniz. Ona görə ki, məğlub deyil, qalib ordunun hərbçisi idiniz, müzəffər ordunun şəhidisiniz.

Qeyrətli generalım!

Generalı şəhid olan ordu mütləq qələbə çalacaqdır. Siz çox böyük bir missiyanı yerinə yetirdiniz. Ön xətdə canınızı bu Vətən yolunda qurban verərək həm sərhədlərimizin etibarlı qorunduğunu, həm də ərazi bütövlüyümüzü təmin etməyə qadir peşəkar, vətənpərvər, milli zabitlərimizin, general heyətimizin yetişdiyini təsdiqlədiniz. Sizin sayənizdə xalqımız bir daha əmin oldu ki, Ordumuz etibarlı əllərdədir, Silahlı Qüvvələrimizin generalları ön xətdədir, ölümün gözünə dik baxmaq qüdrətindədir.

Əziz şəhidlərim!

Vətəni qorumağın mükafatını şəhid olaraq aldınız. Heç şübhəsiz, yeriniz cənnətdir. Çünki işğal məqsədilə kiminsə torpağında, ərazisində deyildiniz. Siz öz torpağınızı, Vətəninizi müdafiə edirdiniz. Arzularınız var idi. Heç kimin şübhəsi yoxdur ki, o arzulardan biri üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmaq idi.

Gözünüz arxada qalmasın. Əmin olun, Sizin kimi igidlərin xidmət etdiyi Ordu düşmənə bir qarış da torpaq verməyəcək, tezliklə işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməklə bütün şəhidlərimizin qisasını alacaqdır.

Gözünüz arxada qalmasın, Vətənimizdən nigaran olmayın.

Necə ki övladının şəhid olduğunu eşidəndə qara yaylığını açıb ağ kəlağayı örtən, şəhid oğlunun şəklini evinin divarından asıb “mübarək olsun”, – deyən analarımız, “Vətən sağ olsun”, – deyən atalarımız, hər an sizin qisasını almağa hazır olan yüz minlərlə gəncimiz var, müqəddəs torpağımız həmişə etibarlı qorunacaq, Azərbaycan daha qüdrətli dövlətə çevriləcəkdir.

Əmin olun, Azərbaycanda hər gün bir əsgər doğulur.

Siz hər bir Azərbaycan gəncinin idealısınız. Sizin yerinizdə olmaq istəyən minlərlə gənc var. Biz sizinlə fəxr edirik!

Şəhidliyiniz mübarək!

Tural Səfərov

Mənbə: moderator.az