Paşinyanın arzuladığı iclas baş tutmadı – Millət vəkili

Paşinyanın arzuladığı iclas baş tutmadı – Millət vəkili

Ermənistanın Azərbaycanın Qarabağ və ətraf rayonlarını işğal etməsi nəticəsində iki ölkə arasında hərbi vəziyyət 30 ildir ki, davam edir. Və bu münaqişənin mərkəzi işğal olunmuş bölgədir. Ermənistan təxribatlarını bu bölgədən kənar yerdə - dövlət sərhədində həyata keçirməklə özünün guya dövlət sərhədinə müdaxilə olunması görüntüsünü yaratmaq istəyirdi. Bununla da üzv olduğu hərbi birliyin - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini qazanacağını, bu qurumdan Azərbaycana qarşı hansısa bəyanatın veriləcəyini gözləyirdi.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Malik Həsənov Ermənistanın Tovuz rayonu istiqamətində, dövlət sərhədimizdə törətdiyi təxribat və hərbi cinayətlərə münasibət bildirərkən deyib. O bildirib ki, işğalçı Ermənistanın silahlı qüvvələri növbəti dəfə təxribata əl ataraq, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ağır artilleriya qurğularından da istifadə edib, mövqelərmizi ələ keçirməyə cəhd etsələr də, Azərbaycan Ordusu düşmənin cavabını qətiyyətlə verdi:

“Əslində, belə bir təxribatla təcrübəsiz və populist Baş nazir Nikol Paşinyan ictimayyətin diqqətini aktual məsələlərdən yayındarmağa və ölkə daxilində baş verən ciddi gərginliyi azaltmağa çalışırdı. Ancaq Azərbaycan Ordusunun cavab və cəza əməliyyatı nəticəsində əks effekt yarandı”.

Millət vəkili qeyd edib ki, İrəvanın istəyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təcili iclası çağrılsa da, dərhal da təxirə salındı:

“Yalnız bu gün qurum adından tərəfləri atəşkəsə çağıran formal bir bəyanat yayıldı. Səbəb aydındır - bu hərbi birliyə üzv dövlətlər ayrı-ayrılıqda Azərbaycanla çox gözəl əməkdaşlıq, hətta strateji müttəfiqlik münasibətlərinə malikdir. Heç bir dövlət beynəlxalq münasibətlər sistemində hər hansı çəkiyə, mövqeyə malik olmayan Ermənistana görə Azərbaycana qarşı bəyanata imza atmaz. Elə buna görə də nə ermənilərin arzuladığı iclas baş tutdu, nə də Azərbaycanı təhdid edən bəyanat oldu”.

M.Həsənov işğalçı dövlət tərəfindən azərbaycanlı mülki əhalinin və onların əmlakının məqsədyönlü şəkildə hədəfə alınması və ağır silahlardan atəşə tutmasını ermənilərin faşizm xisləti ilə əlaqələndirib:

“Ancaq Ordumuz bunun üçün qabaqlayıcı tədbirlər görməkdədir. Təəssüf ki, bir mülki şəxs həlak oldu, bir neçə evə ziyan dəydi. Əslində bu faktlar da ermənilərin mahiyyətini sübut edir – onlar dinc, silahsız əhaliyə qarşı hər zaman silah işlədiblər”.

Mənbə: axar.az