Yeni dünyanın güclü lideri

Yeni dünyanın güclü lideri

Taleyini öz xalqına xidmətlə bağlayan insanların ömrü də Vətənin bütün sonrakı mövcudluğuna qovuşur. Başqa sözlə desək, böyük şəxsiyyətlərin ömrü onların ideyalarının həmişəyaşarlığı ilə ölçülür. Həyatını xalqı­nın xoşbəxtliyi, müstəqil dövlətinin yaradılması yolunda şam kimi əridən ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideyası və dövlətçilik yolu böyük rəhbərə əbədiyyət haqqı qazandırıb. Ulu öndər müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskarı, bugünkü uğurların müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını da təmin edən, ölkəmizi dünyada lider dövlətə çevirən, ölkəsinin müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli siyasi varisi də yetişdirib. Bu gün ulu öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır.

2003-cü il oktyabr ayının 1-də xalqına ünvanladığı müraciətdə “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” yazan ulu öndərimiz həyatının mənası olan Azərbaycanın qarşısında son xidmətini də göstərmiş, bu planları həyata keçirmək qüdrətində olan siyasi varisi barədə demişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, ener­jili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Həmin il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı Heydər Əliyev siyasətinin davamına səs verərək İlham Əliyevi özünün rəhbəri seçdi. Xalq özünün əbədi liderinin sözünə güvənmişdi: “Mən ona özüm qədər inanıram”.

Ulu öndərimizin əsasını qoy­duğu inkişaf strategiyasını uğurla davam etdirən İlham Əliyevin pre­zidentliyinin ilk 5 ilində ölkəmizin inkişafı daha da sürətləndi, yeni-yeni uğurlara imza atıldı. Qısa müddətdə Azərbaycan keçid döv­rünü yaşayan ölkədən inkişaf edən dövlətlər sırasına çıxdı.

2008-ci ildə növbəti prezi­dent seçkiləri keçirildi. İlham Əliyev bu seçkilərə böyük uğur və nailiyyətlərlə, xalqın etimadını doğruldan lider kimi qatılmışdı. Azərbaycan xalqı bu seçkilərdə də ulu öndərin yolunu uğurla davam etdirən liderini yenidən özünün rəhbəri kimi görürdü. Növbəti mərhələdə Prezident İlham Əliyev tarixdə analoqu olmayan inkişaf proqramlarını, layihələri gerçəkləşdirdi. Bu dövrdə də bütün ölkəni əhatə edən geniş tikinti və quruculuq işləri aparıldı. Yollar və körpülər salındı, yüzlərlə istehsal müəssisəsi istifadəyə verildi, sənaye və kənd təsərrüfatı sahələrində yüz minlərlə iş yerləri açıldı. Məktəblər, xəstəxanalar, idman kompleksləri ti­kildi, qitələri birləşdirən dəmir yol­ları, transmilli neft və qaz kəmərləri çəkildi. Elektrik, su və qaz təminatı, insanların rifahı yaxşılaşdırıldı.

2013-cü ildə keçirilən seçkilərdə Azərbaycan xalqı buvaxtadək göstərilən etimadı yüksək səviyyədə doğruldan, verdi­yi bütün vədləri yerinə yetirən, sözü imzası qədər təsirli olan Yeni tarixi mərhələnin Liderinə səs verdi.

2018-ci ildə isə Azərbaycan xalqı bütün dünyada ciddi nüfuz sahibi olan, iri dövlətlərin belə hesablaşdığı kiçik ölkənin Böyük Liderini qürur və minnətdarlıq hissi ilə yenidən özünün Prezidenti seçdi. Artıq bu tarixi mərhələdə xalqımız tam əmin idi ki, İlham Əliyevsiz onun xoşbəxt gələcəyi ola bilməz.

Bu il bütün dünyada baş verən hadisələr göstərdi ki, müdrik xalqımız Prezident İlham Əliyevə dəfələrlə etimad göstərməklə vaxtında çox düzgün qərar verib. Koronavirus pandemiyası dövründə İlham Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızı onu gözləyən böyük bəlalardan hifz etdi. İndi Azərbaycanın bu istiqamətdə gördüyü işlər bütün dünyada nümunə kimi göstərilir. Korona­virusla mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ölkəmizdə vəziyyət sabitdir. Dünyanın ən inkişaf etmiş ölkələrinin belə başının koronavi­rusa yoluxma hallarının qarşısının alınmasına, xəstələrin müalicəsinə qarışdığı, iqtisadiyyatın, insanların tələbatlarının, sosial ehtiyacla­rının yaddan çıxdığı bir vaxtda Azərbaycan öz vətəndaşlarının sağlamlığını qorumaqla, onların tələbatlarını, sosial ehtiyacları­nı ödəməklə yanaşı, ölkəmizin gələcəyi barədə də düşünür və mühüm addımlar atır.

Reallıq budur ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaradıb. Bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri də qeyd edirlər. Beynəlxalq Valyuta Fondu məlumat yayıb ki, koronavirusun yaradacağı böhran 2008-2009-cu illərin böhranından daha ağır olacaqdır. Azərbaycana gəldikdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər dövlətimizi bütün risklərdən sığortalayır.

İlham Əliyevin böyük rəhbərlərə məxsus dərin zəkası, güclü enerjisi və çevikliyi on­dadır ki, o, gələcək çətinlikləri əvvəlcədən görərək xalqımızı və dövlətimizi buna hazırlayıb. Bu gün Azərbaycan xalqı və dün­ya ictimaiyyəti Prezident İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli dövlət xadimi olduğunu bir daha görür. Ölkəmizdə hələ bir neçə il bundan əvvəl reallaşdırılan iqtisadi və sosial layihələr, struktur və kadr islahatları Azərbaycanı müxtəlif çətin situasiyalardan çıxar­mağa hesablanmış tədbirlər idi.

Dövlət aparatının və hökumətin intellektli, müasir düşüncəli, peşəkar kadrlar hesabına forma­laşdırılması indiki çətin dövrdə vəziyyəti idarə etmək, ölkə rəhbərinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək baxı­mından çox mühüm əhəmiyyət da­şıyır. Hüquq-mühafizə orqanlarında, iqtisadi və sosial sahələrdə aparılan struktur islahatlarının əhəmiyyəti indi özünü aydın göstərməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısın­dakı tarixi xidmətləridir və xalqımız var olduqca onun bu xidmətləri də daim minnətdarlıqla xatırlanacaqdır.

Pandemiya dövründə dövlət başçısı İlham Əliyevin həyata ke­çirdiyi xilaskarlıq missiyası tarixdə yalnız ulu öndərin 1993-cü ildə xalqımızı düşdüyü ağır vəziyyətdən xilas etməsi ilə müqayisə oluna bilər. Bu dövrdə baş verən hadisələr göstərdi ki, Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biri, onun rəhbəri isə nəinki öz ölkəsinin, eləcə də bütün bəşəriyyətin təhlükəsizliyini düşünən görkəmli dövlət xadimidir. Ölkə rəhbərimizin təşəbbüsü ilə keçirilən tədbirlər – Qoşulmama Hərəkatının təmas qrupu formatında Türk Şurasının onlayn zirvə görüşləri Azərbaycanın koronavirusla mübarizəyə qlo­bal səviyyədə verdiyi mühüm töhfələrdir.

Prezident İlham Əliyevin Qo­şulmama Hərəkatının sədri statu­sunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə təşəbbüsünü BMT-nin 130-dan çox üzv dövləti dəstəkləyib. Dövlətimizin başçısı­nın BMT-nin Baş katibi ilə telefon söhbəti zamanı xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texni­ki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirməsi həm ölkəmizin texniki imkanlarının genişliyindən, həm də qlobal təhlükəsizliyə töhfə verməkdə israr­lı olduğumuzdan xəbər verir.

BMT beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər ara­sında əməkdaşlığı inkişaf etdirmək üçün dünya ölkələrinin bir yerə toplaşdığı ən mötəbər beynəlxalq təşkilatdır. Azərbaycan 1945-ci ildə yaradılan bu ali beynəlxalq təşkilatın 1992-ci ildən üzvüdür. Azərbaycanın beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına, millətlər arasında dostluq əlaqələrinin in­kişafına, insan həyatının və hü­quqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsinə verdiyi töhfələrin nəticəsidir ki, ölkəmiz 2011-ci ildə 155 dövlətin dəstəyini qazanaraq iki illiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Nəzərə alsaq ki, BMT-nin üzvlərinin sayı 193-dür, o zaman Azərbaycanın dünya ölkələri arasında olan nüfuzu açıq-aydın görünür.

Prezident İlham Əliyevin BMT-nin xüsusi iclasının keçirilməsi təşəbbüsünü 130 ölkənin dəstəkləməsi bir daha sübuta ye­tirdi ki, Azərbaycanın çox yüksək beynəlxalq imici var. Azərbaycan rəhbəri İlham Əliyevin yeni dünya nizamını düzgün qiymətləndirməsi, qlobal proseslərə nüfuz etmək bacarığı, realist siyasəti, humanist­liyi, yenilməz iradəsi, müdrikliyi, xalqının və dövlətinin maraqları­nı hər şeydən üstün tutması ona beynəlxalq ictimaiyyətin rəğbətini qazandıran amillərdəndir. Prezident İlham Əliyevin yeritdiyi uğur­lu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaq istəyən dövlətdən bu təşkilatları yaradan və onlara rəhbərlik edən dövlətə çevrilib. Bu, hər bir Azərbaycan vətəndaşı üçün qürur doğuran haldır ki, bizim ölkəmizə beynəlxalq səviyyədə böyük hörmətlə yanaşı­lan, təşəbbüslərinin dəstəkləndiyi bir lider rəhbərlik edir.

İndiki dövrün reallığı odur ki, dünya yeni mərhələyə qədəm qoy­maqdadır. Bu gün dünyanın, demək olar ki, bütün beyin mərkəzləri, futuroloqlar yeni dövrün yeni çağırışlarının nədən ibarət olaca­ğını müəyyənləşdirməyə çalışırlar. Əlbəttə ki, yalnız yeni çağırışlara cavab verə bilən, dəyişikliklərə daha çevik uyğunlaşan dövlətlər postpandemiya dövründə öz inki­şaflarını davam etdirəcək, dünya siyasətinin müəyyən olunmasının iştirakçısına çevriləcəklər.

Nə pandemiya, nə də xaricdəki və daxildəki anti-milli ünsürlərin təhdid və təzyiqləri ölkə rəhbərini öz yolundan– Azərbaycanı daha qüdrətli dövlətə çevirmək istəyindən geri döndərə bilməz. Dövlət başçısı ölkəmizi müasir dün­yanın çağırışlarına uyğun yenidən qurur. Son bir neçə ay ərzində Pre­zident İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezidenti, “Signify” (əvvəlki adı “Philips Lighting”), CISCO şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlərində müzakirə olunan məsələlər, dövlət başçısının səsləndirdiyi fikirlər, qarşıya qoy­duğu vəzifələr Azərbaycanın yeni dünyanın çağırışlarına cavab verən formada sürətlə dəyişdirildiyindən xəbər verir:

--Gələcək planlarımıza gəlincə, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik;

--Süni intellekt üzrə strategi­yanın ətraflı işlənib hazırlanma­sı ilə bağlı məsələlər də bizim gündəliyimizdədir;

--Hazırda biz innovativ yanaş­malar əsasında iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın innovasi­ya strategiyası üzərində işləyirik;

--Azərbaycan artıq sənaye inqi­labı üzrə regional mərkəzə çevrilir. Bizim əsas strategiyamız karbo­hidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır;

--Ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiya­lara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yarat­mışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologi­yalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır;

– “Ağıllı şəhər” layihəsi sahəsində işlər yaxşı gedir. İndi isə siz yeni “Smart ölkə” ideyası ilə çıxış edirsiniz. Nəinki şəhər infrastrukturu, nəqliyyat, dayanacaq yerləri və bəzi digər şəhər infrast­rukturu, o cümlədən qlobal “Smart ölkə” konsepsiyası ortaya çıxır və biz onu tam dəstəkləyirik;

– Bizim münbit torpaq eh­tiyatımız məhduddur. Kənd təsərrüfatı məhsulları ilə özü­müzü təmin etmək və ixrac qabiliyyətimizi gücləndirmək üçün biz məhsuldarlığı artırmalıyıq. Bu isə yalnız müasir texnologiyaların tətbiqi nəticəsində mümkündür.

Btün bunlar dövlət başçısının son vaxtlar keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərin yalnız bir hissəsidir. Çoxları nə baş ver­diyini, bəşəriyyətin hansı yönə yol aldığını dərk etmir. Pandemiya ilə əlaqədar xüsusi karantin rejimi­nin elan olunduğu indiki dövrdə kimisi hava almaq, kimisi dənizdə çimmək, kimisi rayonda dincəlmək üçün haray-həşir salır. Daxildən və xaricdən qızışdırılan “icti­mai fəallar” isə ölkədə vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Özü­nü müxalifət adlandıran “Youtube qəhrəmanları” isə şəxsi ambisiyala­rını milli maraqlardan üstün tutur, primitiv çıxışları, məsuliyyətsiz çağırışları ilə cəmiyyətimizi yanlış istiqamətdə yönləndirməyə, ölkədə həyata keçirilən islahatlara mane olmağa çalışırlar.

Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan Prezi­dent İlham Əliyevi isə yalnız ölkəmizin insanlarının sağlamlığı, müstəqilliyimizin, bir millət kimi varlığımızın qorunub saxlanılması, dövlətimizin post-pandemiya döv­rünün yeni çağırışlarına hazırlanma­sı düşündürür. Görəsən, indiki çətin dövrdə, mürəkkəb situasiyada ağıllı və çevik taktikalı ölkə rəhbəri İlham Əliyev olmasaydı, nə baş verərdi? Bunu fikirləşəndə insanı dəhşət bürüyür. Bu millət “5-ci kalon”nun nümayəndələrinin, “Youtube qəhrəmanları”nın ümidinə qalsaydı, indi nə müstəqil Azərbaycan var idi, nə də dünya xalqları içərisində öz imzası, möhürü olan Azərbaycan xalqı.

Xalqımız xoşbəxtdir ki, ulu Tanrı ona Heydər Əliyev və İlham Əliyev kimi xilsakarlar göndərib. Ümummilli liderin xilaskarlıq yolunu uğurla davam etdirən görkəmli dövlət xadimi İlham Əliyevin gecəli-gündüzli yorulmaz fəaliyyətinin nəticəsidir ki, indiki çətin dövrü xalqımız ağrı-acısız, minimum itkilərlə keçir. Dünya iqtisadiyyatının sürətlə tənəzzülə uğradığı, neft gəlirlərinin kəskin aşağı düşdüyü bir vaxtda ölkəmizdə heç bir sosial layihə ixtisar olunma­yıb, əhalinin rifahının yaxşılaşdı­rılması istiqamətində görülən işlər davam etdirilib.

Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə bax­mayaraq, altı ay ərzində bizim val­yuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıb. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulub və o vəsaitin bir hissəsi artıq xərclənib. Pandemiyanın ölkə iqtisadiyyatına ciddi təsir etməsinə baxamayaraq, büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir.

Ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Dövlət başçısı bəyan edib ki, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların sayı artırılıb. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardımdan bəhrələnib, öz rifah halını yaxşılaşdırıb.

Neft qiymətlərinin kəskin aşağı düşməsinə, ölkənin problemlərlə üzləşəcəyinə sevinən anti-milli adamların arzusu gözündə qala­caq. Yeni tarixi mərhələnin lideri İlham Əliyev bir neçə gün bundan öncə Azərbaycanın aparıcı tele­kanallarına verdiyi müsahibədə xalqımızı bir daha əmin etdi ki, onun qüdrətli dövləti var və heç bir narahatlığa əsas yoxdur. Ölkə rəhbərinin səsləndirdiyi bu fikirlər hər birimizdə haqlı iftixar və qürur hissi yaratdı: “ Mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yarat­mışıq ki, istənilən böhranla bacara biləcəyik”.

Prezident İlham Əliyev şəxsiyyəti Azərbaycanı qısa zaman ərzində yardım olunan ölkədən yardım göstərən dövlətə çevirib. Pandemiya dövründə Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Məhz buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Bu humanitar və maliyyə yardımları bir daha onu göstərir ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkədir, çətin dövrdə özünə qapanmır, eh­tiyacı olanlara yardım əlini uzadır. Köməyə ehtiyacı olan dövlətlərə təmənnasız yardım göstərilməsi isə Azərbaycanın daha bir üstünlüyü­dür.

Azərbaycan lideri İlham Əliyev göstərdiyi yardımlara görə heç kimə minnət qoymur, əvəzində nəsə istəmir. Hətta bir neçə həmkarı ona minnətdarlıq məktubu ünvanlayana qədər bu barədə heç kimə məlumat verilməmişdi. Dövlətimizin baş­çısı bunu piar üçün yox, sadəcə, ölkələrə həmrəylik borcu kimi etdi­yimizi bildirir: “Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Biz heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özümüz üçün nəyisə qoparmağa ça­lışmamışıq. Həmişə kömək etməyə çalışmışıq. İndi kim bunun qədrini bilir, sağ olsun, kim bunu unudur, özü bilər. Hər halda bizim vicdanı­mız təmizdir”.

Azərbaycan Prezidenti bu müd­rik addımları ilə dövlətimizin və xalqımızın imicini bütün dünyada göylərə qaldırıb. İndi bütün dünya ölkələri, beynəlxalq ictimaiyyət görür ki, Azərbaycan xalqı necə hu­manist və yardımsevər bir xalqdır. Biz kimsəyə pislik etməyi qətiyyən bacarmırıq. Dara düşənə təmənnasız kömək etmək bizim milli mentalitetimizdən qaynaqlanır. İndi dünyanın ağıllı ölkələri, vicdanlı adamları, yəqin ki, özlərinə belə bir sual verəcəklər: “Biz illərdir, torpaqları işğal olunan, haqları, hüquqları tapdalanan bu xeyirxah xalqın, humanist ölkənin hüquqları­nı niyə müdafiə etməmişik?”

Göründüyü kimi, qüdrətli Azərbaycanın güclü lideri bu gün dünyada həmrəyliyin gücləndirilməsinə öz dəyərli töhfələrini verir. Hər bir sözünə dünya liderləri tərəfindən ciddi əhəmiyyət verilən Prezident İlham Əliyevin televiziyalara sonuncu müsahibəsində səsləndirdiyi fikirlər, ümumbəşəri təhlükəyə qarşı qlobal çağırışı indi bütün dünyada müzakirə olunan əsas məsələlərdən biridir.

Dövlətimizin başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü barədə söylədikləri bəşəriyyətin gələcəyi barədə düşünən cəsarətli dövlət xadiminin müdrik yanaş­ması, bütün dünyaya, xüsusilə imkanlı ölkələrə ötürülən mesaj idi: “Hələ bilinmir ki, peyvənd icad olunandan sonra nələr baş verəcək? Kasıb ölkələrin ona əli çatacaq, yoxsa yox? O, pullamı satılacaq, yaxud da ki, Ümumdünya Səhiyyə Təşkilatı onu paylayacaq? Yoxsa ki, zəngin ölkələr bundan istifadə edib öz əhalisinin canını qurtaracaq, amma kasıb ölkələrdəki insanlar öləcək? Bu, dözülməzdir. Bütün bu məsələlər vahid bir yanaşma tələb edir. Hətta ölkələr BMT Baş Assambleyasında vahid bir fikrə gəlməsələr belə, biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyi­nin məsuliyyətli ölkəsi kimi bu məsələni qaldırırıq”.

Ölkə rəhbərimizin bu çıxışını izləyən bir xarici jurnalist dostum telefon söhbətimiz zamanı dedi ki, əli hər yerə çatmayan, sözünü deyə bilməyən ölkələrin rəhbərləri sizin Prezidentinizə nə qədər minnətdar olsa, yenə də azdır. Öz ölkəsində tanınmış ictimai xa­dim olan həmin jurnalistin bəzi fikirlərini olduğu kimi oxucuların diqqətinə çatdırıram: “İncimə, ancaq sizin əksəriyyətiniz ölkənizə necə qüdrətli bir liderin rəhbərlik etdiyinin fərqində deyil. İlham Əliyev zəngin, əksər beynəlxalq təşkilatlara, böyük dövlətlərə siyasi təsir imkanları olan bir ölkəyə rəhbərlik edir. Heç şübhə yoxdur ki, koronavirusun peyvəndi icad olunandan sonra onu əldə edən ilk ölkələrdən biri də məhz Azərbaycan olacaqdır. O zaman İlham Əliyevin nəyinə lazımdır ki, kasıb ölkələr, yoxsul vəziyyətdə yaşayan insanlar koronavirusun peyvəndini necə əldə edəcək? Bu, humanistliyin, insanpərvərliyin, mərhəmət duy­ğusunun, bəşəriyyətin gələcəyinə cavabdehlik hissinin pik nöqtəsidir.

Yalnız böyük ürək sahibi olan insanlar, dahi şəxsiyyətlər belə düşünə bilər. O, bu addımları ilə mənsub olduğu xalqın və ölkənin imicini yüksəldir. İlham Əliyev yeni dünya düzəninin formalaşdırılma­sında fəal iştirak etməyə iddialıdır. O, bu niyyətini reallaşdıraraq kiçik ölkə olan Azərbaycanı dünyanın böyük siyasi mərkəzinə çevirmək istəyir. Yaxın gələcəkdə Azərbaycan dünyada müəyyən siyasi qərarların qəbul edilməsində həlledici rol oynayacaqdır”.

Əcnəbi həmkarım əlavə etdi ki, Prezidentin televiziyalara sonun­cu müsahibəsində Azərbaycan dövlətinin və İlham Əliyevin gücü açıq-aydın görünürdü.

Ölkə rəhbəri cinayətkarlar ölkəsi olan Ermənistan barədə səsini çıxarmayanlara, Azərbaycana qarşı qərəzli münasibət sərgiləyənlərə, ikili standartlarla yanaşanlara açıq suallar ünvanlayır: “Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurna­list öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarma­yıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər”. Gərək Azərbaycan kimi qüdrətli bir dövlətin rəhbəri, dün­yada böyük nüfuz sahibi olasan ki, beynəlxalq təşkilatlara belə suallar ünvanlayasan.

Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupuna ünvanla­dığı suallar da haqlı mövqeyimi­zin ifadəsidir. Ancaq iqtisadi və hərbi güc yoxdursa, o zaman belə cəsarətli danışmaq mümkün deyil­dir: “Nədir bunların bəyanatında əsas tezis-- hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstün­sünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun... Biz haqlı olmağı­mızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meyda­nında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.

Bu kəskin sualların dün­yanın hansı güc mərkəzlərinə yönləndirildiyini anlamaq o qədər də çətin deyil. Fakt odur ki, bu güc mərkəzləri yeni dünyanın güclü li­deri ilə hesablaşmağa məcburdurlar. Azərbaycan xalqı əmindir ki, qüdrətli Prezidentimiz İlham Əliyev qısa zaman ərzində ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qara­bağ problemini də respublikamızın ərazi bütövlüyü çərçivəsində həll edəcəkdir.

Ölkə rəhbəri dəfələrlə vur­ğulayıb ki, əldə olunan uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. O, yeni dövrlə səsləşən çoxşaxəli islahatları məhz ulu öndərimizin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir, yeni çalarlarla zənginləşdirir. Bu siyasi kursun davamlılığı Azərbaycanın hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

 

Tural SƏFƏROV,
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi

 

Mənbə: xalqqazeti.com